Asayişin və sabitliyin
keşiyində
Ötən əsrin
90-cı illərinin əvvəllərində mürəkkəb
tarixi proseslərin axarına düşmüş xalqımız doğru yolu seçərək
ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında və dövlətçilik
naminə fədakar xidmətləri sayəsində özünün yeni
müstəqil dövlətini qura bildi.
1991-ci
il oktyabrın 18-də "Azərbaycan Respublikasının
Dövlət müstəqilliyi haqqında" Konstitusiya
Aktının qəbul edilməsi hələ dövlət
müstəqilliyinin reallaşması demək deyildi. Hakimiyyətdə
xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması
dövlət idarəçiliyi mexanizmlərinin
formalaşmasında ciddi maneəyə çevrilmişdi. Dərin
böhran, iqtidarda olan şəxslərin səriştəsizliyi,
dövlətçiliyə biganə münasibəti
qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz
yaşamaq hüququnun qorunması sahəsində ciddi problemlər
yaratmışdı. Azərbaycan parçalanma, vətəndaş
müharibəsi və dünya xəritəsindən silinmə
təhlükəsi ilə üzləşmişdi.
Bu
illər həm də daxili işlər orqanlarının fəaliyyətinin
tənəzzül dövrü kimi yadda qaldı. Müxtəlif
məsul vəzifələrə təyin edilən təsadüfi
və ambisiyalı şəxslərin qanunazidd hərəkətləri,
özbaşınalığı, qeyri-peşəkarlığı
cinayətkarlığın səviyyəsini görünməmiş
həddə çatdırmışdı.
Xaos
və anarxiyadan cana doyan Azərbaycan xalqı yeganə
çıxış yolunu böyük etimad bəslədiyi,
iradəsinə, qətiyyətinə, təşkilatçılıq
və idarəçilik məharətinə, Vətənə
bağlılığına dərindən bələd
olduğu Heydər Əliyevdə görərək onu təkidlə
respublika rəhbərliyinə dəvət etdi. Xalqın səsinə
cavab verməyi, onu düçar olduğu bəlalardan xilas etməyi
müqəddəs borcu sayan ümummilli lider 1993-cü ilin 15
iyununda Azərbaycanın rəhbərliyinə qayıtdı və
həmin gün tariximizə Qurtuluş günü kimi daxil
oldu.
Müstəqilliyimizin daimi və davamlı olması üçün ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi amillərini ön plana çəkən ulu öndər ölkədə əmin-amanlığın, konstitusion-dövlət quruluşunun möhkəmləndirilməsinin başlanğıcını qoydu. Özünün dahiyanə siyasi gedişləri ilə vətəndaş müharibəsinin, separatçılıq təzahürlərinin, Ermənistanın təcavüzünün genişlənməsinin qarşısını aldı. Cəbhə xəttində atəşkəsə nail olundu. Siyasi, sosial və iqtisadi islahatlar aparılaraq "Əsrin müqaviləsi" imzalandı, ölkəyə xarici sərmayə axını üçün zəruri şərait yaradıldı. Azərbaycanın siyasi təcriddən qurtulması istiqamətində qətiyyətli addımlar atıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri, aqressiv separatizmin xalqımızın başına gətirdiyi bəlalar, işğalçılıq, etnik təmizləmə və soyqırım siyasəti barədə həqiqətlər bütün dünyaya çatdırıldı. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar, eləcə də dünyanın bir çox ölkələri ilə sıx qarşılıqlı əlaqələr yaradıldı.
Ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman isə mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının, bu sahədə gələcək uğurların əsasını qoydu.
Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əllərdə olan on minlərlə qanunsuz odlu silah və sursat yığıldı, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr ləğv edildi, cəmiyyətə meydan oxuyan yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. Qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət təmayüllər müşahidə olundu. Qəsdən adam öldürmələrin, oğurluqların, qarət və quldurluqların sayı kəskin şəkildə azaldı. İnsanların dinc, rahat yaşaması üçün lazım olan şərait yaradıldı. Vətəndaşlarımızın dövlətə, onun hüquq-mühafizə strukturlarına inamı bərpa edildi.
Eyni zamanda, daxili işlər orqanları təsadüfi adamlardan, dövlət vəzifələrini özlərinin şəxsi maraqlarına nail olmaq üçün alət və vasitə hesab edənlərdən təmizləndi, sağlam ab-hava yaradıldı, polisdən uzaqlaşdırılmış yüzlərlə peşəkar əməkdaş xidmətə qaytarıldı. Şəxsi heyətin vəzifə səlahiyyətlərinin icrasına məsuliyyəti artırıldı, kadrların düzgün seçilib-yerləşdirilməsi, dövlətə, Vətənə sədaqət prinsipləri ön plana çəkildi.
Dahi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası, habelə ölkə həyatının bütün sahələrində hüquqi münasibətləri tənzimləyən, demokratik cəmiyyətdə daxili işlər orqanları üçün zəruri olan bir çox qanunlar qəbul edildi, fərman və sərəncamlar verildi.
Fəaliyyətimizi düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ümummilli lider bu mühüm sahədə də qarşıya qoyduğu məqsədə çatdı. Nazirliyin təşkilati strukturları olan polis və Daxili Qoşunlar ölkə başçısının inamını doğruldaraq həyata keçirilən quruculuq işlərinin, demokratik islahatların və təhlükəsizliyin təminatında fəal rol oynadı. 1994-1996-cı illərdə digər hüquq-mühafizə orqanları ilə birgə bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişinə və Azərbaycan Prezidentinin fiziki məhvinə yönəlmiş cəhdlərin, digər terror aktlarının və təxribatların qarşısı alındı. Bu cinayətlərin təşkilatçılarının və icraçılarının tutulub ədalət mühakiməsinə verilməsi təmin olundu.
Sonrakı dövrlərdə nazirlik sistemində islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı. Şəxsi heyətin sosial müdafiəsinə yönələn bir sıra tədbirlər görüldü, o cümlədən 1996-2002-ci illərdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı beş sərəncam imzalandı. Tələbkarlığın və nizam-intizamın, əməkdaşlara və hərbi qulluqçulara dövlət qayğısının gücləndirilməsi, orqan və hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsi nəticəsində fəaliyyətdə əsaslı dönüş yarandı.
Əldə edilən nailiyyətləri polisin 80 illiyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə dahi rəhbərimiz belə vurğulamışdı:
"... Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir... Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur...".
Ümummilli liderin daxili işlər orqanlarının xidmətinə verdiyi bu yüksək qiyməti gələcəyə ünvanlanmış strateji vəzifələr kimi qəbul edən şəxsi heyət daha fədakarlıqla çalışaraq müsbət nəticələri ilbəil inkişaf etdirdi. O dövrün cinayətkarlığının statistikası baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. 1992-ci illə müqayisədə 2004-cü ildə ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94,2 faizə yüksəlmişdi. Ümumi cinayətlərin sayı 32,3 faiz, o cümlədən qəsdən adam öldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4,6 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10,8 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, habelə bağlı qalmış cinayətlər 10,6 dəfə azalmışdı.
Dövlətin konstitusiya quruluşunun əsaslarının müdafiəsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri igidlik və rəşadətə görə yüzlərlə əməkdaş və hərbi qulluqçu yüksək dövlət mükafatlarına, habelə ali xüsusi rütbələrə layiq görüldü.
Bu illərdə daxili işlər orqanları ayrı-ayrı qruplara xidmət edən pərakəndə dəstələr səviyyəsindən - müstəqil dövlətin qurulmasının vacib şərti olan ictimai-siyasi sabitliyin yaradılmasının əsas icraçılarından birinə çevrildi. Dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə, xalqa, onun əmin-amanlığına, asayişinə xidmət etmək olan peşəkar hüquq-mühafizə orqanı kimi formalaşdı. Həmin dövrdə qazanılan uğurlar məhz Heydər Əliyevin yazdığı tarix olduğundan, Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətinə görə istər buna qədərki, istərsə də bundan sonrakı tarixi dövrlər ilə müqayisədə qürur hissi oyadan səhifələr kimi həmişə seçiləcək və dönə-dönə yad ediləcəkdir.
Ulu öndərimizin ən yüksək amalı, həyatının mənası Azərbaycan dövlətinin çiçəklənməsi, xalqın xoş gələcəyi idi və bunu ömrü boyu, xüsusən də ölkəmizin ən ağır dövrlərində hər gün, hər an öz gərgin və çoxşaxəli fəaliyyəti ilə sübuta yetirirdi. O təkcə dövrünün qayğı və problemləri ilə yaşamamış, həm də zamanını qabaqlayaraq çox-çox irəlini görmüş, gələcəkdə ölkəni uğurla idarə edə biləcək lider yetişdirmişdir. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kursu ürəkdən qəbul edən və birmənalı dəstəkləyən xalqımız onun davam etdirilməsini - bütün fəaliyyətini Azərbaycanın strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən möhtərəm İlham Əliyevə etibar etmişdir. Cənab İlham Əliyev bu tarixi missiyanı öz üzərinə götürərkən demişdir: "Heydər Əliyevin siyasəti yaşamalıdır, bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcəkdir".
Zati-alilərinin ölkəyə rəhbərlik etdiyi son 8 ildə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə edilmiş, xalqımız və dövlətimiz üçün taleyüklü sayılan layihələr reallaşmışdır. Respublikamızın iqtisadi və hərbi potensialı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, sosial tərəqqiyə xidmət edən mükəmməl proqramlar müvəffəqiyyətlə icra olunmuşdur. Yüzlərlə yeni müasir məktəb, tibb müəssisələri, idman kompleksləri, mədəniyyət ocaqları tikilmiş və bu işlər davam etməkdədir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın öncül ölkələrindən biri, regionun lider dövlətidir.
Lakin müstəqilliyin bu dövründə bir neçə dəfə daxili sabitliyi pozmaq və dövlət çevrilişinə cəhd halları da baş verdi ki, bütün bunların da qarşısı möhkəm təməllər üzərində duran dövlət orqanları tərəfindən qətiyyətlə alındı. Həmin hadisələr barədə Azərbaycan polisinin yaranmasının 89-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqində ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycan polisi bütün bu qanunsuz hərəkətlərin qarşısını çox cəsarətlə, çox qətiyyətlə və lazım olan şəkildə aldı... Çünki polis öz vəzifə borcunu yerinə yetirir, dövlətçiliyin keşiyində durur... Mən bu gün də Azərbaycan polisini dəstəkləyirəm, polisin inkişafı üçün bütün lazımi tədbirləri görürəm. Həm polisin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün, həm sosial problemlərinin həlli üçün və həm də cəmiyyətdə nüfuzunun qaldırılması üçün."
Bu mənada qeyd olunmalıdır ki, ölkə başçısının təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Proqram əsasında həyata keçirilən tədbirlər çərçivəsində nazirliyin strukturunda Daxili Təhlükəsizlik, İnsan Alverinə Qarşı Mübarizə, Miqrasiya idarələri təsis olunmuşdur. Həmçinin, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə "102" və "Təhlükəsiz şəhər" xidmətləri, "Qaynar xətt", internet saytı, elektron poçt ünvanı və s. yaradılmışdır. Əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük əhəmiyyət kəsb edən xüsusi texnika, avadanlıq və vasitələr alınmışdır. Dövlətimizin yeni informasiya-kommunikasiya texnologiyalarına əsaslanan inkişafı çərçivəsində asayişə nəzarət və əməliyyat-axtarış metodlarının modernləşməsi üzrə də bütün zəruri tədbirlər həyata keçirilir. Cinayətlərin qarşısının alınması, istintaqı, cinayət törədən şəxslərin axtarışı, ictimai təhlükəsizliyin, yol hərəkəti qaydalarının təmin edilməsi və s. istiqamətlər üzrə Daxili İşlər Nazirliyində 13 informasiya sistemi yaradılmış və fəaliyyət göstərir. Bir çox struktur qurumlar üçün müasir inzibati binalar inşa edilmiş, avtomobil parkı xeyli genişləndirilmiş, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyətə hər cür imkanlar yaradılmışdır. Möhtərəm Prezidentimizin sərəncamları ilə şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları ardıcıllıqla artırılmış, əlavə sosial ödənişlər müəyyən olunmuşdur.
Yarandığı gündən şərəfli bir yol, beynəlxalq təcrübəyə əsaslanan böyük inkişaf mərhələsi keçən, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da nümunəvi nizam-intizamı olan hərbi quruma çevrilmişdir. Hərbi qulluqçuların, Qarabağ cəbhəsində olduğu kimi, ölkədə cinayətkarlığa qarşı mübarizədə, sabitliyin və ictimai asayişin təmin edilməsində, o cümlədən kütləvi iğtişaşların qarşısının alınmasında, respublikanın ayrı-ayrı bölgələrində silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, habelə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında mühüm rolu danılmazdır. Qoşunlarda mövcud olan stabil mənəvi-psixoloji mühit daim qorunub saxlanılır və günbəgün möhkəmləndirilir, onun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin xidmət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi sahəsində kompleks tədbirlər görülür. Son dövrlər müasir tibbi avadanlıqları olan hərbi hospital, regionlarda hərbi qulluqçuların ailələri üçün yaşayış binaları tikilib istifadəyə verilmiş, bütün hərbi hissələr və şəhərciklər beynəlxalq standartlar səviyyəsində qurulmuşdur. Qoşunların ixtisaslı və peşəkar zabit kadrları ilə təmin olunması işinin daha da yaxşılaşdırılması məqsədilə 2011-ci ildə Ali Hərbi Məktəb yaradılmışdır. Daxili Qoşunların zabit və gizir heyətinin xeyli hissəsi inkişaf etmiş dövlətlərin təlim mərkəzlərində hazırlıq kursları keçmişlər. Həmçinin, beynəlxalq əməliyyatlarda iştirak etmək məqsədilə Daxili Qoşunların nəzdində 2008-ci ilin sonunda polisə dəstək bölüyü təsis olunmuşdur. Daxili Qoşunların Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələri ilə birgə əməliyyat-taktiki təlimlərdə iştirakı artıq ənənəyə çevrilmişdir.
Bu gün hərbçilərimiz istənilən döyüş tapşırığını tam və peşəkarcasına yerinə yetirməyə qadirdir və hazırlıq səviyyəsinə görə aparıcı Avropa dövlətlərinin müvafiq qurumlarından heç də geri qalmır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, həmçinin xarici ekspertlər qoşunların döyüş hazırlığını yüksək qiymətləndirirlər. Bütün bunlar Azərbaycanın günbəgün, ilbəil artan qüdrətinin, nüfuzlu bir dövlətə çevrilməsinin real təsdiqidir. Möhtərəm Prezident dəfələrlə vurğulamışdır: "Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır." Dövlət başçımızın bu fikri və həyata keçirdiyi müasir reallıqlara cavab verən siyasəti bir daha sübut edir ki, dövlət quruculuğunda əldə olunmuş uğurları şərtləndirən ən mühüm amillərdən biri məhz ictimai-siyasi sabitlikdir və vətəndaşlarımız öz Prezidentinə, onun ölkəmizdə yaratdığı əmin-amanlığa güvənir.
Artıq neçə illərdir ki, Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir. Ulu öndər Heydər Əliyevin ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş məlum fərmanından ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılmış və son 17 ildə onun tətbiqilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalmışdır. Axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılmışdır. Həyata keçirilən profilaktik tədbirlərin məntiqi nəticəsidir ki, son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur. İl ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Müqayisə üçün bildirim ki, əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
Əldə edilən nailiyyətlər həm həyata keçirilən kompleks profilaktik tədbirlərin, həm də daxili işlər orqanlarının digər hüquq-mühafizə strukturları ilə işgüzar və sıx əməkdaşlığının, gecəli-gündüzlü gərgin əməyinin nəticəsidir. Eyni zamanda, şəxsi heyətimizin xidməti vəzifələrinin icrası zamanı hər cür rəşadətə və fədakarlığa hazır olduğunun göstəricisidir. Təsadüfi deyil ki, ötən 20 ildə polisin və Daxili Qoşunların 67 əməkdaşı və hərbi qulluqçusu Milli Qəhrəman adına, 832 nəfər dövlətin orden və medallarına, 17 nəfər digər fəxri adlara layiq görülmüşdür.
Xidmətdə yüksək nəticələrin əldə edilməsini şərtləndirən amillərdən biri də mükəmməl normativ hüquqi bazanın yaradılması olmuşdur. Son 20 ildə daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı 200-dən çox fərman və sərəncam imzalanmış, nazirliyin təşkilati strukturu təsdiqlənmiş, bir sıra qanunlar, əsasnamələr qəbul edilmişdir. Beynəlxalq ekspertlərin yüksək dəyərləndirdiyi həmin normativ hüquqi aktların effektli tətbiqi, sozsüz ki, ixtisaslı kadrların hazırlanmasını tələb etdiyindən bu sahədə də görülən işlər məqsədyönlü və davamlı olmuşdur.
Ordu quruculuğunda, hüquq- mühafizə, o cümlədən daxili işlər orqanlarında kadr siyasətinə, kadrların düzgün seçilib yerləşdirilməsinə, təlim-tərbiyəsinə strateji əhəmiyyətli məsələ kimi yanaşan ulu öndərin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ilk növbədə Polis Akademiyasında beynəlxalq təcrübə və standartlar səviyyəsində hərtərəfli islahatlar aparılmışdır. Müasir elmi-metodik kabinetlər, internet şəbəkəsinə qoşulmuş kompyuter sinifləri, laboratoriyalar, kriminalistik təlim otaqları, zəngin fondu olan kitabxana yaradılmış, tədris və məişət korpusları, xüsusi təchiz olunmuş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. istifadəyə verilmişdir. Analoji tədbirlər Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə də həyata keçirilmişdir.
Kadr hazırlığında xarci dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığa da böyük diqqət yetirilir. Hər il onlarla gənc Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Türkiyənin Polis və Hərbi akademiyalarına təhsilə göndərilir. Bu gün həmin ölkələrin, habelə Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərində də əməkdaşlarımız və hərbi qulluqçular təhsil alırlar.
Ötən 20 ildə orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 76,4 faizədək yüksəlmişdir.
İctimai asayişin təmini sahəsində qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaq, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə daha yüksək nəticələrin əldə olunması üçün beynəlxalq əməkdaşlığa inteqrasiya davam etməkdədir. Müstəqillik dövründə 40-a yaxın dövlətin aidiyyəti qurumları ilə 48 ikitərəfli və 25 çoxtərəfli saziş, memorandum və protokol imzalanmışdır.
Bu müddətdə 5000-dən çox əməkdaş və hərbi qulluqçu BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdikləri 3000-nə yaxın müxtəlif forum və müşavirələrdə iştirak edərək təcrübə mübadiləsi keçmişdir. Peşə hazırlığı sahəsində qarşıda duran proqram vəzifələrin yerinə yetirilməsi üçün nazirlik sistemində video-konfrans texnologiyasına əsaslanan "Virtual Tədris Mərkəzi" və yerlərdə onun xüsusi tədris sinifləri istifadəyə verilmişdir. Bununla bərabər, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın aidiyyəti müddəalarının icrası da davam etdirilir. Bu mühüm sənəd çərçivəsində xidmətə qəbulu müsabiqə əsasında təşkil etmək məqsədilə zəruri normativ sənədlər təsdiqlənmiş, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən test imtahanlarının nəticələrinə görə ali hüquq təhsili olan yüzlərlə gənc orta rəis heyəti vəzifələrində xidmətə qəbul edilmişdir. "Ştat vəzifələrinin rotasiya prinsipi əsasında komplektləşdirilməsi" Qaydalarına uyğun olaraq təkcə 2007-2011-ci illərdə 4939 nəfərin xidmət yeri dəyişdirilmiş, 583 nəfər rəhbər vəzifələrə, sıravi və kiçik rəis heyətindən olan 715 nəfər isə orta rəis heyəti vəzifələrinə irəli çəkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə də əhəmiyyətli işlər görülür. Bu tədbirlər çərçivəsində yaxın müddətdə vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcəkdir. Bütövlükdə elektron xidmətlərin siyahısı 25 istiqaməti əhatə edəcəkdir.
Eyni zamanda, şəxsi heyət arasında neqativ halların qarşısının alınması sahəsində də lazımi ölçülər götürülür. Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə təkcə cari ilin 9 ayında korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunmuş və bu istiqamətdə tədbirlər davam etdirilir.
Bu gün daxili işlər orqanlarının fəaliyyəti cəmiyyət üçün açıq və sosial yönümlüdür. Əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparılır. Polisə münasibətin öyrənilməsi diqqət mərkəzində saxlanılır və öz növbəsində cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Nazirliyin rəhbərliyi tərəfindən hər il paytaxtda və bölgələrdə yüzlərlə vətəndaş qəbul edilərək qaldırılan məsələlərin qanunauyğun həlli təmin olunur.
"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası, o cümlədən polisə gətirilmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, bütövlükdə insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər gündəlik nəzarətdədir.
Görülmüş bu və digər kompleks tədbirlərlə orqan və hissələrdə qanunçuluğun möhkəmlənməsinə, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına nail olunmuş, ixtisaslı kadr potensialı, peşəkar özək formalaşmış və onun möhkəmlənməsinə yönələn tədbirlər məqsədyönlü şəkildə davam etdirilir.
Ümumən, müstəqilliyin 20 ilində daxili işlər orqanları şanlı, nəsillərə örnək olacaq tarix yaşamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə rəşadət, qəhrəmanlıq, igidlik və şücaət nümunələri göstərən 1695 əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalmışdır.
Keçilən yola qısaca nəzər salsaq, ilk növbədə qeyd etməliyik ki, daxili işlər orqanlarının şəxsi heyətinin dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməsi ənənəyə, hər bir əməkdaşın və hərbi qulluqçunun əqidəsinə çevrilmişdir.
Bu illər ərzində rəhbərlik metodları, polis-vətəndaş münasibətlərinə yanaşmalar, şəxsi heyətin dünyagörüşü, demək olar ki, hər şey təkmilləşmiş və inkişaf etmişdir. Ölkənin digər hüquq- mühafizə strukturları ilə sıx qarşılıqlı əlaqədə respublikada sabitlik və asayiş etibarlı şəkildə qorunur. Bu önəmli xidmətlər sayəsində cəmiyyətin dinc həyatı öz normal ahəngi ilə davam edir. Müasir Azərbaycanın və onun daxili işlər orqanlarının 20 illik tarixinin ən böyük nailiyyətlərindən biri də elə budur.
Bu gün möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız böyük əzmlə qüdrətli Azərbaycan dövlətini yaradır. Vətəninə, xalqına və Prezidentinə sadiq olan daxili işlər orqanları özünün zəngin təcrübəsi ilə həmişə olduğu kimi, bundan sonra da müstəqil dövləti daha da inkişaf etdirmək kimi milli ideyanın həyata keçirilməsinə layiqli töhfələr verəcək, yeni nailiyyətlər və qələbələr tarixində ön sıralarda olacaqdır.
Ramil USUBOV,
Azərbaycan Respublikasının
daxili işlər naziri,
general-polkovnik
Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 2.