Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət
Mərkəzi açılmışdır
Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzidir.
Kitabxananın direktorunun beynəlxalq əlaqələr üzrə müavini Svetlana Qoroxova Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını çox mühüm və əlamətdar hadisə adlandırmışdır. O demişdir: "Bu gün biz Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açırıq. Bu, təkcə Moskva üçün deyil, bütün Rusiya üçün mühüm hadisədir. Hadisənin unikallığı həm də ondan ibarətdir ki, bu, Xarici Ədəbiyyat Kitabxanasında ilk mədəniyyət mərkəzidir. Bu, MDB üzvü olan ölkənin - Azərbaycanın ilk mədəniyyət mərkəzidir. Azərbaycanla bizi çox qədim və uzunmüddətli mədəni əlaqələr bağlayır, mədəni mübadilə sahəsində bizim indiki münasibətlərimiz əladır, gələcək münasibətlərimiz isə daha parlaq olacaqdır. Bu mərkəzin yaradılması ideyası Azərbaycanın Rusiyadakı səfirinə və bizim direktor Yekaterina Qeniyevaya məxsusdur. Belə bir müştərək layihə onların təklifidir. Heydər Əliyev Fondu bu təklifi bəyənmiş və dəstəkləmiş, nəticədə mərkəzin yaradılması reallığa çevrilmişdir".
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
açılış mərasiminə toplaşanları salamlayaraq, bu layihənin həyata
keçirilməsinə göstərilən dəstək üçün kitabxananın rəhbərliyinə
təşəkkür etmişdir. L.Əliyeva
demişdir: "Rəmzi
haldır ki, Azərbaycan Mədəniyyət
Mərkəzi məhz Azərbaycanın müstəqilliyinin
20-ci ildönümü bayram
edilən günlərdə açılır. 1991-ci il oktyabrın 18-də dünya
xəritəsində yeni suveren
dövlət yarandı. Mən sizin
hamınızı bu bayram
münasibətilə təbrik etmək istərdim. Bu 20 ildə Azərbaycan sürətlə inkişaf etmiş və
çiçəklənmişdir. Bu gün
biz mədəniyyətlərimizin,
xalqlarımızın yaxınlaşması istiqamətində
daha bir addım
atırıq. Ümid edirəm ki, bu mərkəz
yaşından, milliyyətindən asılı olmayaraq, bizim ölkəmizin
zəngin mədəniyyəti və qədim tarixi
ilə daha yaxından tanış olmaq istəyənlərin hamısı üçün maraqlı olacaqdır. Biz bu mərkəzdə Azərbaycan haqqında kitablar, filmlər, disklər, hər cür informasiya
toplamışıq, burada Azərbaycanın
böyük yazıçı, şair, rəssam və bəstəkarlarının
yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbiətinin gözəlliklərini,
Bakı şəhərinin nadir
memarlığını görmək mümkündür.
Biz burada
yaradıcılıq axşamları, sərgilər, seminarlar, maraqlı və məşhur azərbaycanlılarla
görüşlər keçirməyi
planlaşdırırıq. Əlbəttə, burada
Azərbaycan dili, tarixi
və ədəbiyyatı dərsləri də keçəcəyik.
Bu dərsləri Azərbaycan dilinin daşıyıcıları olan, Bakıdan dəvət edilmiş
müəllimlər keçəcəklər. Mən ürəkdən
inanıram ki, qonaqlarımızın
sayı günbəgün artacaq və bizim qapılar həmişə hamının
üzünə açıq olacaqdır".
Leyla
Əliyeva daha sonra bildirmişdir ki, elə həmin gün
kitabxananın foyesində Azərbaycanın və Rusiyanın əməkdar
rəssamı, Beynəlxalq Sülh Səfiri diplomuna layiq
görülmüş Əşrəf Heybətovun "Bakı
və bakılılar. 30 ildən sonra" adlı sərgisi
açılmışdır. L.Əliyeva sərginin bir həftə
fəaliyyət göstərəcəyini vurğulamış
və ümid etdiyini bildirmişdir ki, moskvalıların bir
çoxu həmin sərgiyə baxacaqlar.
L.Əliyeva
çıxışının sonunda tədbir
iştirakçılarına bir daha təşəkkür
etmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin
kollektivinə müvəffəqiyyətlər və uğurlu
iş arzulamışdır.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını rəmzi və əlamətdar hadisə adlandırmışdır, çünki bu günlərdə Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü qeyd edir. Səfir demişdir ki, bu 20 ildə çox iş görülmüşdür, Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. P.Bülbüloğlu oktyabrın 10-11-də Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyətini də vurğulayaraq bildirmişdir ki, dünyanın hər yerindən bu foruma gəlmiş adlı-sanlı qonaqlar və iştirakçılar qlobal problemləri müzakirə etmişlər. Diplomat mədəniyyət mərkəzinin açılmasından söhbət açaraq demişdir: "Biz çox fəxr edirik ki, Azərbaycan bu məşhur kitab məbədində özünü birinci olaraq xatırlatmışdır. Bu mərkəzin sayəsində təkcə Rusiyanın və Azərbaycanın sahəvi mütəxəssisləri arasında deyil, iki ölkənin mədəni ictimaiyyəti arasında əlaqələr inkişaf edəcəkdir".
Azərbaycanın əməkdar rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov onun sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya səmimi minnətdarlığını bildirmişdir. O, üzərində Leyli və Məcnunun rəsmi şəkilmiş keramik vazanı kitabxanaya, Nizami Gəncəvinin şəkli toxunmuş Azərbaycan xalçasını isə mərkəzin özünə hədiyyə etmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya səmimi təşəkkürünü bildirmişdir. O demişdir: "Olduqca əlamətdar haldır ki, mərkəzin və Azərbaycan rəssamının sərgisinin açılışı - hər iki layihə Heydər Əliyev Fondu tərəfindən məhz burada, dünya mədəniyyət ocağında həyata keçirilir. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etməsi onu göstərir ki, biz bu işdə marağı olan bütün tərəflərlə əməkdaşlıq etməyə və qarşılıqlı əlaqə saxlamağa hazırıq. Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ideyasını ilk günlərdən səmimi dəstəklədiyinə görə kitabxananın rəhbərliyinə də dərin təşəkkürümü bildirirəm".
Təntənəli mərasimdən sonra tədbir iştirakçıları rəssam Ə.Heybətovun sərgisi ilə tanış olmuş, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş müasir texnika, Azərbaycan kitabları, suvenirlər və xalçalar ilə təchiz olunmuş mərkəzə tamaşa etmişlər.
Açılış mərasimində Arzu Əliyeva, ABŞ, Fransa, Bolqarıstan, Niderland, Yaponiya, Latın Amerikası ölkələrinin mədəniyyət mərkəzlərinin, Avropa Şurasının informasiya ofisinin, gənclərin və Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 3.