Gəncədə
«Dövlət müstəqilliyimiz və media» mövzusunda
ümumrespublika konfransı keçirilmişdir
Oktyabrın 19-da Gəncədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Dövlət müstəqilliyimiz və media" mövzusunda ümumrespublika konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, respublikanın nüfuzlu mətbuat orqanları rəhbərlərinin, şəhər və rayon icra hakimiyyətləri ictimai-siyasi şöbələri müdirlərinin dəvət olunduqları konfransın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Sonra konfrans iştirakçıları Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanış olmuşlar.
Dahi Nizami Gəncəvinin məqbərəsini ziyarət edən konfrans iştirakçılarına burada aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilmişdir. Şəhərin giriş qapısı olacaq qoşa qala divarlarının inşası ilə tanış olan konfrans iştirakçıları daha sonra vaxtilə ilk nüsxəsi çap olunmuş "Azərbaycan" qəzeti redaksiyasının yerləşdiyi binaya gələrək barelyef önünə gül dəstələri qoymuş, Azərbaycanın qəhrəmanlıq simvolu olan Cavad xanın məqbərəsini ziyarət etmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk dəfə fəaliyyət göstərdiyi binada (hazırda burada Azərbaycan Dövlət Aqrar Universiteti yerləşir) öz işinə başlayan ümumrespublika konfransını giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli yoldan danışmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlət müstəqilliyimizin bərpasından ötən 20 il ərzində qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdə Azərbaycan mediasının rolundan danışmışdır.
Konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkə mətbuatının yaranma tarixindən və müasir şəraitdə fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış etmişdir. Əli Həsənov demişdir ki, müstəqilliyimizin bərpasından keçən 20 illik dövr bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi, sosial, mədəni, daxili və xarici siyasət sahəsində Azərbaycan dövlətinin formalaşması və inkişafı dövrü kimi xarakterizə oluna bilər. Bu sırada Azərbaycan mətbuatının formalaşması və inkişafı da digər sahələrin inkişafı ilə həmahəng olmuş, bir ictimai institut kimi onun mövcudluğu təsdiq edilmişdir. Bu institutun tənzimləmə mexanizmləri, həmçinin Azərbaycan jurnalistlərinin seçkili orqanları yaranmışdır. Dövlət mətbuat üzərindən bütün tənzimləmə mexanizmlərini götürərək bu sahəyə müdaxilə mexanizmlərindən imtina etmişdir. Bu da bizə postsovet respublikaları ilə müqayisədə Azərbaycan mətbuatının qabaqcıl yerlərdən birini tutduğunu deməyə əsas verir.
Zəngin tarixə və ənənəyə malik Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli yolu faktlarla diqqətə çatdıran Əli Həsənov demişdir ki, müstəqilliyə nail olan respublikamızda 1990-cı ildən başlayaraq müstəqil Azərbaycan mətbuatının təməli qoyulmuşdur. İlk olaraq "Azərbaycan", daha sonra "Azadlıq", "Yeni Müsavat", "Səs", "Yeni Azərbaycan", "Millət" və sair nəşrlər meydana gəlmişdir. Müstəqillik dövrünün mətbuatı öz fəaliyyətinə müəyyən problemlərlə başlamışdır. Onlar 90-cı illərin əvvəllərində kəskin qarşıdurma şəraitində, eləcə də çox ciddi senzura şəraitində fəaliyyət göstərirdilər. Mətbuata hər tərəfdən təzyiq və təxribatlar mövcud idi. Bu proses təxminən 1998-ci ilədək davam etmişdir.
Həmin ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mediası üzərindən bütün senzuranı ləğv edəndən sonra ulu öndərin 1998-ci il 6 avqust tarixli fərmanı ilə mətbuatın inkişafı yolundan bütün maneələr götürüldü. Nəticədə mətbuata marağı olan insanlara geniş meydan verildi. Yaradılan bu gözəl imkandan istifadə edən mətbuat orqanları Azərbaycan cəmiyyətinin bütün sahələrinə müdaxilə etməyə başladılar. Bundan sonra Azərbaycan jurnalistləri sərbəst şəkildə istənilən dövlət, qeyri-dövlət təşkilatlarından informasiya toplamaq imkanlarına malik oldular. Bir sözlə, ulu öndər Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan mediasına dövlət qayğısı siyasəti ortaya qoyuldu. Əvvəlcə media orqanlarının dövlətə olan borcları donduruldu. Daha sonra isə ləğv olundu. Mətbuat orqanları bütün vergilərdən azad edildi və onların Azərbaycan cəmiyyətində hərtərəfli fəaliyyəti üçün lazımi qayğı və dövlət səviyyəsində dəstək göstərildi.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri demişdir ki, əsası ümummilli lider tərəfindən qoyulmuş mətbuata dövlət qayğısı siyasəti bu gün də davam etdirilir. Heç də təsadüfi deyildir ki, dövlət başçıları sırasında "Medianın dostu" mükafatını ilk dəfə ulu öndər Heydər Əliyev almışdır. Eyni mükafata ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiq görülmüşdür.
Əli Həsənov məruzəsində yaradılan əlverişli şəraitdən sui-istifadə edərək cəmiyyətimizdə insanların şərəf və ləyaqətini təhqir edən, qanunlara məhəl qoymayan bəzi media orqanlarından da söhbət açmışdır. Natiq demişdir ki, belələrinə qarşı birmənalı şəkildə mübarizə aparılmalıdır. Bu mübarizədə dövlət orqanlarından çox jurnalist təşkilatları, mətbuat orqanları fəallıq göstərməlidirlər. Təəssüflər olsun ki, bəzən bu sahədən anlayışı olmayan adamlar özlərini mətbuat meydanına ataraq jurnalistikaya, jurnalist əxlaqına, cəmiyyətin dəyərlərinə meydan oxuyur, nəinki dövlət məmurlarını, eləcə də ziyalılarımızı ləkələmək üçün min oyundan çıxırlar.
Əli Həsənov daha sonra demişdir: Hamı yaxşı bilir ki, hər bir millət özünün məşhur insanları ilə tanınır. Təəssüflər olsun ki, özünü jurnalist kimi qələmə verən bəzi adamlar milli dəyərlərimizə ləkə yaxmaq istəyirlər. Bu, qətiyyən yolverilməzdir. Bütün əqidəli jurnalistlər belə hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Bu gün hər hansı Azərbaycan vətəndaşına ləkə vurmaq istəyən belə dırnaqarası jurnalistlər sabah bizim Nizami Gəncəvi, Füzuli, Üzeyir Hacıbəyli, Qara Qarayev kimi dahi şəxsiyyətlərimizə də əl qaldıracaqlar. Hər bir millət dünya mədəniyyət xəzinəsinə verdiyi inciləri ilə tanınır. Əgər biz özümüz milli dəyərlərimizə qara yaxırıqsa, onda bizə düşmən kəsilən digər millətlərə nə deyə bilərik?!
Əli Həsənov bildirmişdir ki, bu gün Azərbaycan Prezidentinin yürütdüyü siyasət, sözün həqiqi mənasında, azad, demokratik mətbuatın formalaşmasına yönəlmişdir. Biz azad, demokratik mətbuatı, sözün əsl mənasında, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət edən bir vasitə kimi dəyərləndiririk. Artıq müstəqilliyimizin bərpasından 20 il keçir. Bu, az müddət deyildir. Gündən-günə saflaşan cəmiyyətimizi belə neqativ hallardan azad etməliyik. Hansısa uydurma faktlarla populyarlaşmaq vaxtı çoxdan keçmişdir. Bu gün sağlam düşüncə ilə seçilmək vaxtıdır. Artıq mətbuatımızın dünya arenasına çıxması zamanıdır. Hər bir mətbuat işçisi təmsil etdiyi ölkəni dünyaya tanıtdırmaq üçün bilik və bacarığını əsirgəməməlidir.
Sonra məruzə ətrafında müzakirələrə
başlanılmışdır. Müzakirələrdə
"Bakcell" şirkətinin baş direktoru Riçard
Şirer, respublikanın tanınmış qəzet
redaktorları və informasiya agentliklərinin nümayəndələri
çıxış edərək Azərbaycan mətbuatının
uğurlarından, eləcə də bu sahədə mövcud
problemlərin aradan qaldırılması yollarından
danışmışlar.
Konfransın
rəsmi hissəsindən sonra dövlət müstəqilliyimizin
bərpasının 20-ci ildönümü münasibətilə
respublika mətbuatının inkişafında xidmətlərinə
görə bir sıra qəzetlər Azərbaycan Mətbuat
Şurası tərəfindən fəxri fərmanla təltif
olunmuşlar. "Bakcell" şirkəti isə rayon qəzetləri
redaktorlarına mobil telefon hədiyyə etmişdir.
Müstəqilliyimizin
bərpasının 20 illiyinə həsr olunmuş
ümumrespublika konfransının
iştirakçılarına dahi Azərbaycan şairi Nizami Gəncəvinin
870 illik yubileyi münasibətilə hazırlanmış
stolüstü xatirə hədiyyəsi, buklet və
böyük mütəfəkkirin nəfis şəkildə
çap edilmiş "İsgəndərnamə" əsəri
paylanılmışdır.
Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 4.