ATGTİ-nin yeni layihələrinin təqdimat mərasimi keçirilmişdir

 

 Oktyabrın 19-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında iki yeni layihənin təqdimat mərasimi keçirilmişdir.

Təqdim olunan layihələrdən biri "İnformasiya Texnologiyaları Evi" adlanır ki, bu da ATGTİ, Gənclər və İdman Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən birgə reallaşdırılmışdır. "İnformasiya texnologiyaları evi" - ittifaqın nəzdində yaradılan və tələbələrə informasiya texnologiyaları sahəsində biliklərini artırmağa dəstək olacaq təlimlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş mərkəzdir.

ATGTİ, Gənclər və İdman NazirliyiBMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin digər ortaq layihəsi "Sağlam Həyat Tərzi üzrə Gənc Təlimçilərin Resurs Mərkəzi" adlanır.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və digər rəsmi şəxslər iştirak etmişlər.

Əvvəlcə qonaqlar qərargahla tanış olmuş, təşkilatın sədri Şahin İsmayılov rəhbərlik etdiyi qurumun iki il ərzindəki fəaliyyətindən, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından və yeni layihələr haqqında danışmışdır. Bildirmişdir ki, təşkilat gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif layihələr həyata keçirmişdir. Bunlardan 20 Yanvar faciəsi münasibətilə 20 yaşlı gənclərin yürüşü, "Qəhrəmanlıq salnaməsi" layihəsi, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tələbələr arasında futbol turnirini və digər tədbirləri misal göstərmək olar. ATGTİ tərəfindən keçirilən və tələbələr tərəfindən maraqla qarşılanan digər layihə isə "Heydər Əliyev mənim üçün kimdir?" aksiyasıdır. Bu aksiya ümummilli liderin anım günündə keçirilmişdir.

Vurğulanmışdır ki, artıq ənənə halını almış tələbələr arasında yay və qış liderlik məktəbləri keçirilir. Sonuncu liderlik məktəbində təkcə Azərbaycanda təhsil alan tələbələr deyil, MDB-dən olan əcnəbi tələbələr də iştirak etmişlər. Milli kinolarımızın gənclərimiz arasında təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilmiş və gənclər tərəfindən maraqla qarşılanmışdır.

Təhsil naziri Misir Mərdanov ATGTİ-nin tələbələr arasında bir körpü rolunu oynadığını, yarandığı gündən uğurlu layihələr həyata keçirərək cəmiyyət arasında özünə layiqli yer tutduğunu bildirmişdir. Nazir qeyd etmişdir ki, kolleclərdə təhsil alan tələbələr ATGTİ-nin fəaliyyətindən kənarda qalmışlar. Mən istərdim ki, onlar bu işə cəlb olunsunlar. Hazırda ölkəmizdə tələbələrin sayı 200 minə çatır. Tələbə-gənclər təşkilatı digər gənclər təşkilatlarından fərqli olaraq daha fəaldır. Yarandığı iki il ərzində ATGTİ yetərincə uğurlu layihələr həyata keçirmişdir, gələcəkdə təşkilat daha da genişlənməlidir.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və təşkilatın fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, "İnformasiya texnologiyaları evi" layihəsi vasitəsilə tələbələr informasiya texnologiyaları ilə yaxından tanış olacaq, sosial şəbəkələrdən istifadə etməklə Azərbaycan gerçəklərini dünyaya çatdıracaq və kompyuter biliklərini  artıracaqlar.

A.Rəhimov vurğulamışdır ki, təşkilatın digər yeni layihəsi -  "Sağlam Həyat Tərzi üzrə Gənc Təlimçilərin Resurs Mərkəzi"nin yaradılması çox təqdirəlayiq bir addımdır. Azərbaycan gəncliyinin sağlam mühitdə böyüməsi bizim üçün önəmlidir. Bəzi layihələrin ilk dəfə məhz ATGTİ tərəfindən keçirildiyini deyən nazir son iki il ərzində təşkilatın böyük uğurlara imza atdığını diqqətə çatdırmışdır.

Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir ki, ötən iki il ərzində ATGTİ böyük bir yol keçmiştam əminliklə demək olar ki, təşkilat öz öhdəsinə düşən vəzifədən yetərincə gələ bilmişdir. Təşkilatın sədri Ş.İsmayılov ATGTİ-ni Azərbaycan tələbə gənclər təşkilatlarının fikirlərini, problemlərini, maraqlarını və nailiyyətlərini ortaya qoya bilən gənclər birliyinə çevirə bilmişdir. Bu, 20 illik müstəqillik yaşayan bir ölkədə gənclər təşkilatının mövcud olması səmərəli dövlətçilik sisteminin formalaşmasının bariz nümunəsidir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin güclü dövlət, güclü ordugüclü iqtisadi əsaslar üzərində qurduğu siyasətin nəticəsidir.

Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, bugünkü Azərbaycan gəncliyi önəmli bir dönəmini yaşayır. Azərbaycan gəncliyi artıq yeni qüvvədir. Bu gəncliyin irəli getməsi resurs mərkəzlərində, treninq otaqlarında və bu cür ofislərdə formalaşacaq gənclərdən asılıdır.

Ölkəmizdə aparılan islahatların aparıcı qüvvəsini gənclərin təşkil etdiyini bildirən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə yeni texnologiyaların yaradıcısının, istifadəçisinin də məhz gənclər olduğunu diqqətə çatdırmışdır. Bu texnologiyaların inkişafında gənclər mühüm rol oynayırlar. Biz çox məmnuniyyətlə "İnformasiya texnologiyaları evi"nin açılışına kömək etdikbundan sonra da öz yardımımızı əsirgəməyəcəyik. İnanıram ki, gənclər bu "İnformasiya texnologiyaları evi"ndən yeni layihələrin həyata keçirilməsi və səmərəli məlumatların toplanması üçün lazımınca istifadə edəcəklər.

Tədbirdə çıxış edən "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı və Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Seymur Orucov həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndirmiş, ATGTİ-nin Azərbaycan gənclərinin həyatında oynadığı mühüm roldan danışmış və təşkilata uğurlar arzulamışlar.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin müavini  Nato Alxazişvili təşkilatın fəaliyyətini yüksək dəyərləndirmiş, ATGTİ-yə bu istiqamətdə yardımçı olacaqlarını bildirmişdir.

Sonra təşkilatın bir qrup fəal gəncinə "Könüllülük pasportu" təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-20 oktyabr.- S.  4.