Bakıda II Azərbaycan-Almaniya biznes
forumu keçirilmişdir
Oktyabrın 19-da Bavariyanın
İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar
Nazirliyinin beynəlxalq ticarət idarəsinin rəisi xanım
Ulrike Volfun rəhbərliyi ilə nümayəndə heyətinin
ölkəmizə səfəri çərçivəsində
II Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir.
AzərTAc
xəbər verir ki, forumda Azərbaycan və Almaniyanın
inşaat və infrastruktur, energetika, logistika, İKT, alternativ
enerji, yüngül sənaye, ətraf mühitin mühafizəsi
texnikası, tibb və tibbi texnika və digər sahələrdə
fəaliyyət göstərən 100-ə yaxın iş
adamı iştirak etmişdir.
İqtisadi
İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı
siyasəti şöbəsinin müdiri Zaur Qasımov,
Bavariyanın İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və
Texnologiyalar Nazirliyinin Beynəlxalq ticarət idarəsinin rəisi
xanım Ulrike Volf çıxış edərək, iş
adamları arasında əməkdaşlığın
genişlənməsində biznes-forum, konfrans və
işgüzar görüşlərin əhəmiyyətini
vurğulamış, sahibkarları daha fəal əməkdaşlığa
dəvət etmişlər.
Almaniya
Federativ Respublikasının Azərbaycandakı səfiri
Herbert Kvellen ölkələrimiz arasındakı münasibətlərdən
danışaraq əlaqələrin genişləndirilməsində
hər iki ölkənin böyük potensiala malik olduğunu
demişdir. Səfir ölkəsi ilə Azərbaycan
arasında iqtisadi əlaqələrin genişlənməsində
iş adamlarının əməkdaşlığının
əhəmiyyətini də qeyd etmişdir.
AZPROMO-nun
vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın
investisiya və ixrac imkanları, potensial investisiya sahələri
və layihələr barədə təqdimatla
çıxış etmişdir.
Forumdan
sonra "Tikinti və infrastruktur", "Ətraf mühitin
mühafizəsi texnikası" və "Səhiyyə və
tibbi texnika" mövzularında "dəyirmi masa"lar
keçirilmişdir. "Dəyirmi masa"larda Almaniya və
Azərbaycan şirkətlərinin əməkdaşlıq
imkanları müzakirə edilmiş, qarşılıqlı əlaqələrin
qurulması və genişləndirilməsi məqsədilə
fikir mübadiləsi aparılmışdır.
Forum
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) və Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı
ilə keçirilmişdir.
Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 4.