Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Ekvadorun Xarici İşlər, Ticarət və İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdır

 

Oktyabrın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokan ilə görüşmüşdür.

Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər barədə ətraflı məlumat vermişlər.

Xüsusi əhəmiyyət daşıyan bu səfərin Azərbaycan ilə Ekvador arasında əlaqələrin inkişafı üçün böyük imkan yaradacağını deyən E.Məmmədyarov görüşdə enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etmişdir. Bildirmişdir ki, tərəflər humanitar sahədə bir sıra tədbirlərin reallaşdırılması, parlamentlərarası əlaqələrin gücləndirilməsi barədə də qərara gəlmişlər.

Görüşdə "Azərbaycan Respublikası Xarici İşlər NazirliyiEkvador Respublikası Xarici İşlər, Ticarət və İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol" imzalanmışdır.

E.Məmmədyarov vurğulamışdır ki, Latın Amerikası ölkələrinin Azərbaycana marağı ildən-ilə artır. Eyni zamanda, Azərbaycanın da bu ölkələrə marağı vardır. Yaxın vaxtlarda Azərbaycanın Braziliyada səfirliyi açılacaqdır.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyi barədə ekvadorlu qonağa məlumat vermiş, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində həllinin mümkünlüyünü vurğulamışdır.

Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən xarici siyasət idarəsinin rəhbəri BMT Təhlükəsizlik Şurasında Azərbaycanın 2012-2013-cü illərdə qeyri-daimi üzvlük üçün namizədliyinin Ekvador tərəfindən dəstəklənməsini yüksək qiymətləndirmişdir. 

Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokan bildirmişdir ki, ölkəsi Azərbaycan ilə bütün sahələrdə, xüsusilə də enerji və ticari-iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycan ilə Ekvador arasında bir çox oxşar cəhətlərin olduğunu deyən nazir əminliklə bildirmişdir ki, ölkəmizə ilk rəsmi səfəri qarşılıqlı əlaqələrin möhkəmlənməsinə şərait yaradacaqdır.

Azərbaycan tərəfini Ekvadorun iqtisadiyyatına sərmayə yatırmağa dəvət edən Rikardo Armando Patinyo Arokan ölkəmizdə həyata keçirilən uğurlu layihələri və qazanılmış nailiyyətləri yüksək qiymətləndirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan  ekvadorlu nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir. Nazir münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğulamışdır.

Rikardo Armando Patinyo Arokan Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 5.