Düşənbədə Azərbaycan kinosu həftəsi başa çatmışdır

 

 Ölkəmizin Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbə şəhərindəki "Baktriya" Beynəlxalq Mədəniyyət Mərkəzində (BMM) dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş Azərbaycan kinosu həftəsi başa çatmışdır.

Kino həftəsinin bağlanış mərasimində xarici ölkələrin Düşənbədə fəaliyyət göstərən səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, qardaş tacik xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov ölkəmizdə ədəbiyyat, mədəniyyət və incəsənətə dövlət qayğısı haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, bu  yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə milli serialların çəkilməsi üçün 5 milyon manat vəsait ayrılmışdır ki, bu da dövlətin bu sahəyə qayğısının bariz nümunəsidir.

"Baktriya" BMM-nin rəhbəri Simon Ravelli, yazıçı-jurnalist Amaliya Hacıyeva və digər çıxış edənlər Azərbaycan kino həftəsinin böyük əhəmiyyəti haqqında danışmış, belə mədəni tədbirlərin tez-tez keçirilməsinin vacibliyinə toxunmuşlar.

Beş gün davam edən Azərbaycan kinosu həftəsində "Arşın mal alan", "Mənim vətənim Azərbaycan", "Azərbaycan motivləri", "Bakı sitadelində gəzərkən", "Qobustan" , "Şəhərdə bir gün", "Hər şey yaxşılığa doğru", "Azərbaycan diplomatiyasının 90-cı ildönümü" və "Sarı gəlin" bədii və sənədli filmləri ingilis dilində subtirlərlə nümayiş etdirilmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 

Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 5.