Bakıda XVII Beynəlxalq Azərbaycan inşaat sərgisi açılmışdır

 

 Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində XVII Beynəlxalq Azərbaycan inşaat sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgidə 26 ölkədən 317 şirkətin nümayəndələri öz məhsullarını nümayiş etdirirlər.

Tədbir çərçivəsində IX Xəzər Beynəlxalq mebel, interyer və dizayn ("Caspian MebelExpo-2011"), III Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları və üzgüçülük hovuzu ("Aqua-Therm Baku-2011") və IV Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri (CIPS-2011) sərgiləri də təşkil olunmuşdur.

Tədbirin təşkilatçılarından olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov sərginin beynəlxalq əhəmiyyətindən söz açmış, tikinti materiallarının və bu sahədə təklif olunan xidmətlərin respublikamızdan və digər ölkələrdən olan şirkətlərlə əməkdaşlığı fəallaşdırmaqla inşaat bazarının inkişafına yeni stimul verəcəyinə əminliyini ifadə etmişdir.

Bildirmişdir ki, Azərbaycanda beynəlxalq səviyyədə keçirilən sərgi ölkənin tikinti sektorunda qazanılan ciddi nailiyyətlərdən xəbər verir. Sərgini keçirməkdə əsas məqsədlərdən biri də ölkəmizin inşaat potensialını beynəlxalq səviyyədə nümayiş etdirməkdir.  

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev sərginin əlamətdar hadisəyə - Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə təsadüf etdiyini bildirmişdir. Sərginin yüksək səviyyədə təşkil edildiyini vurğulayan C.Qocayev ölkəmizə yeni texnologiya ilə gələn xarici şirkət nümayəndələrinin həm də respublikamızın iqtisadi inkişafı, tikinti sektorunda əldə etdiyi uğurlarla da yaxından tanış olacaqlarını söyləmişdir.

Diqqətə çatdırılmışdır ki, "BakuBuild-2011" sərgisi müasir texnologiyalar bazarının, habelə tikinti materialları və avadanlıqlarının istehsalı, tətbiqi və istismarının bütün əsas istiqamətləri üzrə real nailiyyətləri nümayiş etdirəcək və bu sahənin investisiya baxımından daha da cəlbedici olmasına böyük töhfə verəcəkdir.

Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç son illər Azərbaycan iqtisadiyyatının yüksələn xətt üzrə inkişaf etdiyini, bugünkü sərginin də əslində ölkəmizin inkişafının ən bariz göstəricisi olduğunu vurğulamışdır.

 Oktyabrın 22-dək davam edəcək sərgi Azərbaycan Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir.

 

 

Azərbaycan.- 2011.-20 oktyabr.- S.  6.