Bir ünvanda iki tədbir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbirləri silsiləsinə daha ikisi əlavə edilib. Çoxdan bəri açılışına hazırlıq görülən ADMİU-nun arxivi qapılarını tamaşaçıların üzünə açıb.
Arxiv işinin təşkilinə daim xüsusi önəm vermiş ulu öndər Heydər Əliyevin sərəncamı ilə universitet üçün yeni bina ayrıldıqdan sonra burada arxiv mədəniyyətinin möhkəm əsaslar üzərində bərqərar olunması təmin edilib. 2007-ci ildən indiyə kimi, daha doğrusu, ADMİU-nun yaradılmasının 90 illiyi ərəfəsində bu proses daha da sürətlənərək əldə edilmiş zəngin arxiv materiallarının komplektləşdirilməsi uğurla başa çatıb. Bu gün artıq demək olar ki, Azərbaycan mədəniyyətinin inkişafında, adıçəkilən sahə üzrə təhsilin təşkilində danılmaz xidmətləri olan ADMİU-nun özünün arxivi var. Burada onun zəngin keçmişini, bugününü əks etdirən on minlərlə unikal sənədlər, fotoşəkillər, tələbə və müəllimlərin elmi-tədqiqat nümunələri qorunmaqdadır. Yüksək səviyyədə təmir edilmiş üç geniş, işıqlı otaqda qorunan bütün materiallar səliqə ilə çeşidlənib illər üzrə xüsusi qovluqlarda rəflərə düzülüb.
***
ADMİU-da müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş ikinci tədbiri Bədən tərbiyəsi və idman kafedrası keçirib. Kafedranın müdiri, əməkdar məşqçi, idman ustası, professor Ağayusif Qurbanov, respublikanın fəxri bədən tərbiyə işçiləri, dosent Bahadur Qafqazlı və İdman klubunun sədri, dosent, idman veteranı Səmayə Əliyevanın gərgin və yaradıcı əməyi sayəsində baş tutan tədbir tələbələrin, professor-müəllim heyətinin, eləcə də dəvət olunan qonaqların coşquyla qarşıladıqları bir tamaşaya çevrilib.
Müxtəlif çəki dərəcələrində səhnəyə çıxıb bacarıqlarını göstərən qaliblərdən Rejissor sənəti, Akyor sənəti və Sənətşünaslıq fakültələrini təmsil edən Ramal Məmmədov, Orxan Məmmədəliyev, Mahama Omarov, Vaqif Rəşidov, Şamo Nağıyev, Zaur Rəsulov, Tural Sadıqlı, Aydın Məmmədov və Babək Novruzova xatirə hədiyyələri, vımpel və medallar təqdim edilib.
Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri mərasimin devizi olub: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır". "Bu gün bizim ən böyük nailiyyətimiz bizim müstəqilliyimizdir, azadlığımızdır. Bu, Azərbaycan xalqı üçün ən böyük sərvətdir, ən böyük nailiyyətdir".
Azərbaycan.-
2011.- 20 oktyabr.- S. 6.