Praqada müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə «dəyirmi masa» keçirilmişdir

 

 Oktyabrın 18-də Azərbaycanın Çexiya Respublikasındakı səfirliyi,  həmçinin Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi Praqada müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə "dəyirmi masa" keçirmişlər.

Tədbirdə Azərbaycanın Çexiyadakı səfirliyinin əməkdaşları, həmin ölkə parlamentinin deputatları, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Praqada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Gürcüstan, Belarus, Polşa, Moldova, Türkiyə və Ukraynanın bu ölkədəki səfirləri, Çexiya elm və siyasi dairələrinin nümayəndələri, digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbiri açan səfir T.Tağızadə Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyini bildirmiş, ötən 20 ildə ölkəmizin sürətli inkişaf yolu keçdiyini vurğulamış, müstəqil dövlətimizin qarşısında duran əsas problemin Ermənistanın işğalı altındakı 20 faiz torpaqlarımızın azad edilməsi olduğunu söyləmişdir.

Çexiya parlamentinin deputatı Yan Hamaçek çıxışında ölkələrimiz arasında əlaqələrin intensiv inkişafını, bu əməkdaşlığın təkcə enerji ilə məhdudlaşmadığını, turizm, mədəniyyət, tələbə mübadiləsi sahələrini də əhatə etdiyini vurğulamışdır. Y.Hamaçek Azərbaycan xalqını ölkəmizin müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bir daha təbrik etmişKarl Universitetində yeni açılan Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzinin fəaliyyətinə uğurlar diləmişdir.

Tədbir Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafətlə yekunlaşmışdır. Tədbirdən sonra Azərbaycan səfiri T.Tağızadə "CTK" informasiya agentliyinə və Çexiya radiosuna Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümübu münasibətlə keçirilən "dəyirmi masa" barədə müsahibə vermişdir.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Praqa

 

Azərbaycan.- 2011.-20  oktyabr.- S. 7.