Azərbaycan və
Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla
çıxış etmişlər
Oktyabrın 20-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident Nursultan Nazarbayevin bəyanatı
- İki ölkə arasında çox mehriban qardaşlıq münasibətləri yaranmışdır. Biz Azərbaycanı Qafqaz regionunda özümüzün əsas iqtisadi və siyasi tərəfdaşımız hesab edirik və müstəqilliyimizin bütün illərində bu münasibətlər qorunur. Azərbaycan özünün müstəqilliyinin iyirmi illiyini yenicə qeyd etmişdir. Biz xalqımız adından onu ürəkdən təbrik edirik. Çünki Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ problemi, 1 milyon qaçqın, ərazilərin işğal edilməsi ilə əlaqədar yaranmış bütün çətinliklərə baxmayaraq, bu iyirmi il ərzində Azərbaycan görkəmli nailiyyətlər qazanmışdır. İqtisadi göstəricilər, xalqın rifahının artması, iqtisadiyyatda islahatlar onu göstərir ki, Azərbaycan qabaqcıl mövqelərdən birini tutur. Biz buna baxıb sevinirik.
Biz Xəzər dənizində də qonşularıq. Xəzər dənizinin problemləri bizim ümumi problemlərimizdir. Biz öz qonşularımız - sahilyanı dövlətlər ilə birlikdə Xəzər dənizinin statusu məsələlərini həll edirik. Energetika, neftin nəql edilməsi və Xəzərdən Qazaxıstanın Qafqaza, Qara dənizə və Avropaya çıxışı üçün nəqliyyat arteriyası kimi istifadə edilməsi məsələlərində əlaqələr əməkdaşlığımızın ən mühüm bəndləridir. Azərbaycanın və azərbaycanlı mütəxəssislərin neft və qaz sahəsində çox böyük təcrübəsini nəzərə alaraq bizim mütəxəssislər bu təcrübədən istifadə etməlidirlər. Biz Azərbaycan tərəfi ilə həm də neft hasilatı, neft və qaz emalı üçün avadanlıqlar yaradılması məsələsində əməkdaşlıq edə bilərik.
Kənd təsərrüfatı sahəsində biz ölkəmizin Manqıstau və Atırau regionlarına tərəvəz, meyvə və digər kənd təsərrüfatı məhsullarının göndərilməsi barədə danışdıq. Buna görə Qazaxıstanın qərb vilayətlərinin Azərbaycan ilə sıx münasibətləri olmalı, qarşılıqlı faydalı şərtlər daxilində müvafiq sazişlər bağlamalıdırlar.
Keçən il bizdə əmtəə dövriyyəsinin 60 faizə yaxın artması, əlbəttə, sevindirici haldır. Lakin ümumi həcm - 350 milyon bizim potensiala uyğun deyildir. Buna görə də perspektivdə gözləyirik ki, Azərbaycan, Bakı Qazaxıstanın nefti və digər məhsulları üçün ən mühüm nəqliyyat arteriyalarından birinə çevriləcəkdir. Türkiyə, Gürcüstan və Azərbaycandan Xəzər dənizinə yeni dəmir yolu tikintisi və Qafqaz yüklərinin Qazaxıstandan keçməklə Çinə və əks istiqamətdə daşınması imkanı çox böyük məsələ və gələcəkdə çox böyük səmərə deməkdir.
Ölkələrimizin eyni kökləri vardır. Biz türk dünyasına mənsubuq. Bizim eyni köklərimiz - dil, mədəniyyət əlaqələrimiz, eyni ənənələrimiz vardır. Biz daha sıx əməkdaşlıq üçün bütün bunlardan istifadə etməliyik.
Müxtəlif səbəblərə görə Qazaxıstana çoxlu azərbaycanlı gəlmişdir, diasporun 130 min üzvü vardır. Bu, bizim əməkdaşlığımız üçün yaxşı körpüdür. Bizim Azərbaycan millətindən olan vətəndaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında iştirak edirlər. Yəni əməkdaşlıq üçün təməl vardır.
Beynəlxalq planda - BMT, ATƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi (AQFETM) çərçivəsində biz eyni mövqelər tuturuq. Yəni biz dünyada müharibə və sülh məsələlərində Birləşmiş Millətlər Təşkilatının rolunun möhkəmləndirilməsi barədə eyni cür düşünürük. Biz Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməyin tərəfdarıyıq. Biz buna tərəfdarıq ki, bizim regionda, postsovet məkanında əməkdaşlıq və inteqrasiya qarşılıqlı faydalı şərtlərlə davam etsin.
Mən İlham Heydər oğluna səfərinə görə, bizim danışıqlara görə təşəkkür
edirəm. Hesab edirəm ki,
bu danışıqlar bizim
münasibətlərin inkişafına yeni
təkan verəcəkdir. Bizim artıq
müqavilə hüququnun əsasını
təşkil edən 60 imzalanmış sənədimiz
vardır. Bu gün Sizin yanınızda qəbul edilmiş
sənədlər onu göstərir ki, əməkdaşlığımız dinamik inkişaf edir.
Azərbaycan.- 2011.-21 oktyabr.- S. 2.