Yer üzünə sülhü gətirən dahi
Bakı Beynəlxalq Forumu planetar bir hadisədir. Onun Bakıda - Şərqlə
Qərbin, Şimalla Cənubun maraqlarının
və siyasi iddialarının əsrlər
boyu kəsişdiyi və toqquşduğu ölkədə keçirilməsi
tarixi zərurətdir.
Yəni bu tədbirin Bakıda keçirilməsi
Azərbaycandan daha çox bəşəriyyətin
özünə, müasir
dünya düzəninə
lazımdır. Forum iştirakçıları müxtəlif
ölkələrin dövlət
siyasətində multikulturalizmin
mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında
azad seçimi təyin etməyə, irqçiliyin və dözümsüzlüyün bütün
təzahürlərini qətiyyətlə
pisləməyə çağırdı.
Forum iştirakçılarından
biri, iordaniyalı sərhçi-jurnalist Sudah
Maruandan müxbirimizin
aldığı müsahibə
belə bir qənaətə gəlməyə
imkan verir ki, yeni qlobal
dəyərlərin uğurlu
sintezi dünyanı vəhdət halında dərk etməyimizin səviyyəsindən asılıdır.
Eyni zamanda, böyük informasiya məkanında hadisələrin obyektiv işıqlandırılması və adekvat şərhi hələ də problem olaraq qalır.
- Böyük tədbirlərə qısa
şərh vermək,
bütün təəssüratları
bir neçə cümləyə sığışdırmaq
nə qədər çətin olsa da, forum və Azərbaycan haqqında fikrinizi bilmək maraqlı olardı.
- Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə bəşər tarixində bənzərsiz və unikal forumun təşəbbüskarı və təşkilatçısı kimi ölkəmiz adından minnətdarlığımı bildirirəm. Superdövlətlər, müəyyən güc mərkəzləri siyasi və iqtisadi məsələlərin həlli üçün həmişə yığışırlar. BMT, AŞ, "Böyük yeddilik", Böyük iyirmilik" və Davos Forumu kimi təsisatlar dünyanın aqibəti ilə bağlı - münaqişələrdən, müharibələrdən tutmuş qlobal iqtisadi böhranlara kimi geniş spektrdə problemlərin həllində aparıcı qüvvə kimi çıxış edirlər. Digər tərəfdən, Şərqlə Qərbin arasında aşkar meydana çıxan anlaşılmazlıqlar görünür. İkili standartlar bir siyasi model kimi həlli vacib məsələlərin, münaqişələrin konservləşdirilməsi üçün tətbiq edilir. Digər tərəfdən, bütün iqtisadi məsələlər planetar miqyasda siyasi müstəvidə müəyyən güc mərkəzlərinin maraqlarına uyğun həll edilir. Bakı Beynəlxalq Humanitar Forumu sivilizasiyalararası əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Məhz planetin
münaqişələrdə boğulduğu,
lokal müharibələrin Yer kürəsində ümidsiz
sonluğa dirəndiyi bir
zamanda Bakı Humanitar
Forumunun həyata vəsiqə alması və
artıq ikinci dəfə keçirilməsi
belə nikbin qənaətə gəlməyə
imkan verir ki, Şərqdən də günəş kimi bəşəri ideyalar
doğa bilir. Humanitar Bakı Forumu
dünyanı sülhə doğru istiqamətləndirə
bilən qlobal layihədir. Bakıda gecə
Hüseyn Cavid
bağında gəzərkən onun
poeziyasından bir sətri bizim
üçün tərcümə etdilər:
"Kəssə hər kim tökülən
qan izini, qurtaran dahi odur
Yer üzünü!" Zənnimcə, dünya
həqiqətən də belə bir dahiyə
ehtiyac duyur.
- Siz keçmiş sovet respublikalarının əksəriyyətində olmusunuz, Azərbaycanla onlar arasındakı fərqi deyə bilərsinizmi?
- Azərbaycanla tanışlığım ötən əsrin 70-ci illərindən başlayır. Əmman şəhərində "Bakının dostları klubu"nu yaratmışdım. Bir neçə il bundan əvvəl isə doktor Elman Araslıya İordaniyaya səfir təyin olunanda atasının ərəb dilində nəşr olunan kitabını bağışlayanda o təəccüblənmişdi. Azərbaycana böyük rəğbətim var. O kitabı da mən 30 ildən artıq qoruyub saxlamışdım. İnsanlarınız gözəldir, üzləri gülür, Bakı dünyanın ecazkar şəhərlərindən biridir. Təyyarəmiz Heydər Əliyev limanına enəndən bu günə kimi gördüklərimizə heyrətlənirik. Ölkənizi inkişaf tempinə görə heç bir postsovet respublikası ilə müqayisə etmək mümkün deyil. Burada küçədə hamı məni azərbaycanca dindirirdi, özlərinki bilirdilər. Buna da sevinmişəm.
- Qloballaşma
hamımızı bir qəlibə salmağa, eyniləşdirməyə meyillidir. Şərq dövlətlərinin fərqli
keyfiyyətlərini, milli və mənəvi
dəyərlərini qorumağa imkan verən,
birləşdirən ümumi bir ideya mövcuddurmu?
- Həmişə çıxışlarımda nəhəng Şərq bazarından yazıram. Əgər Avropa dövlətləri öz aralarında bağladıqları adi bir kömür müqaviləsini 30-40 ildən sonra Avropa Birliyi kimi güclü quruma, dövlətlər birliyinə çevirirlərsə, nəhəng Şərq bazarı ətrafında birləşmək ideyası da Şərq ölkələri üçün böyük şanslar və perspektivlər yarada bilər.
- Avropa məkanında vahid ordu, pul, gömrük
sistemi yaradılır, sərhədlər
götürülür, Şərqdə
isə xırda dövlətlərə parçalanma
prosesi gedir, sonu görünməyən inqilabların nə
vəd edəcəyi müəmmalıdır. Şərqdən
baxanda belə vəziyyəti necə qiymətləndirmək mümkündür və
çıxış yolları varmı?
- Həqiqətən də ərəb dövlətlərində,
Qərbdən fərqli olaraq, kiçik dövlətlərin yaranmasına
yönümlənən tendensiyalar
güclənməkdədir. Bu prosesi təbii, xalqın
içindən və mental dəyərlərindən
bəhrələnən siyasi təlatümlər,
inqilablar kimi dəyərləndirmək
düzgün olmazdı. Əslində, burada Şərqin zəngin neft-qaz
ehtiyatlarının daha asan
idarə edilməsi və daha əlverişli
şərtlərlə xaricə nəql edilməsi üçün Qərbin nüfuzlu
güc mərkəzlərinin, "beyin fabrikləri"nin qlobal fəaliyyəti aydın görünür. Tələbəlikdə Oktyabr inqilabı ilə necə də
öyünərdik! Kommunist idik. 70 il aradan
ötəndən sonra Rusiya
bu inqilabın çevriliş
olduğunu etiraf edir. Həqiqətən də Leninin
rejimi qanla gəldi və
qanla da idarə etdi. O zaman Qərbdə qırmızıları maliyyələşdirənlər
də az deyildi. İndi ərəb ölkələrindəki
qanlı toqquşmalar Oktyabr
çevrilişindən nə ilə fərqlənir? Ziddiyyətlər
dərinləşir, qarşıdurmalar artır və Çar Rusiyasında olduğu
kimi, vətəndaş müharibəsi
alovlanır. Bir də, Qərbin nikbin ritorikasına baxmayaraq,
ərəb ölkələrində sonu
görünməyən ümidsizlik var. Qərb KİV-i
bunu "ərəb baharı" ilə
müqayisə edir, inqilabçılar dəstəklənir
və kiçik dövlətlərin
yaradılmasına cəhdlər edilir. Öz yazılarımda oxucuları Şərqdə
baş verənlərə diqqətlə yanaşmağa çağırıram. Əgər
siz də ərəb ölkələrində
və Qafqazda baş
verən hadisələri diqqətlə
izləsəniz, onların arasındakı bir
sıra oxşarlıqları görəcəksiniz. Dünya Azərbaycan xalqının
Dağlıq Qarabağla bağlı
haqlı tələblərini nə qədər eşitmirsə,
bir o qədər də
bizə qarşı laqeyddir.
- Maraqlı
müqayisədir. Sizi başqa
dinlərə qarşı sərt fikir
söyləməyə təhrik etmədən ayrı bir suala cavab
almaq istərdim.
Danışdıqlarınızdan belə qənaətə gəlmək
mümkündürmü ki,
müasir dünyada
dinlərin qarşıdurması gedir?
- Qətiyyətlə bəyan etmək istəyirəm
ki, islam və xristian dinləri arasında istər Şərqdə
və istərsə də dünyada heç bir
qarşıdurma mövcud deyil.
Mən özüm xristian
təriqətli ərəbəm. Əgər belə bir qarşıdurma olsaydı, mənim evimdən,
taleyimdən keçərdi. Allahın tək olduğunu iddia edən üç səmavi
dinin üçü
də bizim müqəddəs torpaqlarda, bir şəhərdə
doğulub və bütün
dünyaya buradan
qanadlanıb. Üç dinin
bəşəriyyətə bəxş edildiyi
torpaqlarda dini zəmində qarşıdurmaların və
toqquşmaların yaranması mümkün
deyil. Bu yerlərdə
xristian və islam dinləri
yayılandan üzü bəri dini təriqətlərin öz
aralarında toqquşmaları olmamışdır. Ancaq eyni zamanda
etiraf etmək lazımdır ki, dünyada islamla xristian dinləri
arasında münaqişə elementlərinin yaranmasında,
inkişafında maraqlı və buna cəhd
edən güc mərkəzləri mövcuddur. Bu gün ərəb
ölkələrində inqilab kimi təlqin edilən toqquşmalar
da qardaş
qırğınına, qan düşmənçiliyinə
səbəb olur. Silahlı münaqişələr,
əslində, hərbi sindikatlara imkan verir ki,
qarşıdurmaları dərinləşdirməklə
özləri üçün daim fəaliyyətdə olan
silah bazarı yaratsınlar. Ərəblər
neftdən qazandıqlarını silaha xərcləyib
yenidən Qərbə qaytarırlar. Son bir ilin
iğtişaşları artıq belə silah
bazarının formalaşdığını göstərir.
Heç bir dövlətin
adını çəkmədən onu
deyə bilərəm ki, hər il silaha milyardlarla
dollar xərcləyən ərəb
ölkələri var. Bu
yaxınlarda hətta bir ərəb
ölkəsi 150 milyard dollarlıq silah aldı. Soruşmaq
istəyirəm: niyə, kimə qarşı? Bu
yalnız ona görədir ki,
neft gəlirlərini müsəlman
ölkələri öz rifahına yox, məhvinə xərcləsin.
- Demək istəyirsiniz ki, ərəb
ölkələri dolayısı ilə Qərb tərəfindən
qarşıdurmalara istiqamətlənir, münaqişələrə
sürüklənir?
-
Bilirsinizmi, Qərb hal-hazırda istərdi ki, ərəb
dövlətləri Suriyaya qarşı vuruşsun. Eyni zamanda
dünya ictimaiyyətinə ərəb
dünyasının müxalifət liderləri kimi təqdim edilən şəxslərin
bir qismi xaricdən maliyyələşdirilir, onlar xalqın
içindən yox, Qərb ölkələrində
qaldıqları beşulduzlu hotellərdən gələn
mühacirlərdir. Qərbin qanadı altında əmrə
müntəzir yaşayanların ərəb xalqına
yaxınlığı sual altındadır.
- Dünyanın aparıcı
KİV-i ərəb ölkələrində baş verən
hadisələrin işıqlandırılmasında nə dərəcədə
obyektivdir?
- Zəhmət olmasa, siz də mənim
bir sualıma cavab verin. 20
ildir ki, Qarabağ münaqişəsi
davam edir. Mənə dünyanın aparıcı
KİB-inin ildə cəmi bir obyektiv
yazısını göstərə
bilərsinizmi?
- Əfsus
ki, bu, məndə
alınmayacaq.
- Bilirsinizmi, təəssüf
ki, bizdə də alınmır. Qəribə
standartlar və ölçülər tətbiq
olunur. Təsəvvür
edin ki, bir adam əlində çətirlə dayanıb.
Güclü, çirkli yağış
çətirin üstündən
axıb aşağı
tökülür. Nə
qədər yağsa da, çətirin altındakı adam
islanmır, quru qalır. Amma aşağı - ətraf palçığa
bulanır. Çətirin altı Qərbdir, ora təmizdir, aşağı isə Şərqdir - palçığın
içindədir. Bu məcazi
yağış da Qərb KİV-inin yuxarıdan aşağıya
- Qərbdən Şərqə
yağdırdığı çirkabdır
- yalandır. Qərb həmişə
özünü ədalətli,
təmiz göstərsə
də, Şərqi aramsız olaraq tullantı yağışların
girdabında boğur.
Aşağıdan yuxarı, yəni
tərsinə yağışlar
yağmır. Biz hələ ki cazibə qüvvəsini dəf etməyi öyrənməmişik. Yuxarı atdığımız
sular da başımıza tökülür, yenə
də özümüzü
isladır. Lakin sülhə bütün
bəşəriyyətin birgə
addımlaması vacibdir.
- Necə fikirləşirsiniz, Beynəlxalq
Bakı Forumu və onun iştirakçıları
sülhə sarı atılan addımlarını
yetərincə dəstəkləməyə
qadirdirlərmi?
- Yeniliyi, novatorluğu və ideyanın möhtəşəmliyinə görə
Bakı Humanitar Forumuna və onun təşkilatçılarına,
ən başlıcası
isə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə minnətdaram.
Biz, forum iştirakçıları
qəbul etdik ki, qloballaşma nəticəsində dünyanın
formalaşmaqda olan yeni nizamının tarazlanması uzunmüddətli
və mürəkkəb
prosesdir.
Azərbaycan Prezidenti Bakı
Humanitar Forumunun qismində dünyaya sülhün qorunması və bəşəriyyətin
müharibələrlə vidalaşması üçün
yeni münasibətlər
modeli yaratdı. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Humanitar Forumunun daim fəaliyyətdə olan təşkilat kimi həyata vəsiqə almasına nail ola
bilən gücə və intellektə malik siyasi liderdir.
Bir də sizin dövlətin
başçısına arzuladığım
odur ki, o, Dağlıq Qarabağda, Qafqazda və bütünlükdə Şərqdə
tökülən qan izini kəsən lider kimi tarixə
düşsün. Bizim taleyimiz
öz əlimizdədir,
gücümüz də
qarşıdurmalarda yox,
mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun
inkişafındadır.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2011.- 21 oktyabr.-
S. 3.