Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir

 

 Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Məhkəmə-Hüquq Şurasından AzərTAc-a bildirmişlər ki, iclasda Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqları çərçivəsində məhkəmələrin şəraitinin və təminatının yaxşılaşdırılması, hakimlərin seçimi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə tədbirlər müzakirə edilmişdir.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) hesabatında ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən informasiyakommunikasiya texnologiyalarının tətbiqi sahəsində səylərin yüksək dəyərləndirilməsi, hakimlərin seçimi üzrə Azərbaycanın müsbət təcrübəsinə maraq göstərilməsi bildirilmiş, habelə əldə olunmuş nailiyyətləri nəzərə alan Dünya Bankı tərəfindən ədliyyə və məhkəmə sisteminin inkişafı məqsədilə ölkəmizə ən güzəştli şərtlərlə kreditin ayrılması vurğulanmışdır.

Qeyd edilmişdir ki, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi" çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və "Ədalət Sarayı" komplekslərinin layihələri hazırlanmış, Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, habelə Gədəbəy və Oğuz rayon məhkəmələri üçün yeni binaların inşasının artıq yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmuşdur.

Məhkəmələrin yüksək statuslarına uyğun inşa edilən bu binalarda ən müasir beynəlxalq tələblərə cavab verən prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilmişdir.

Həmçinin layihəyə uyğun olaraq Konstitusiya Məhkəməsi və Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiyakommunikasiya texnologiyaları ilə təmin olunmuş, vətəndaşların məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılması və hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portal yaradılmışdır. Şəffaflığın təmin edilməsi məqsədilə vətəndaşların açıq istifadəsinə veriləcək internet portalda məhkəmələrin fəaliyyəti, o cümlədən baxılan işlər və hakimlər barədə bütün zəruri məlumatlar öz əksini tapacaq, elektron müraciət, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək imkanı yaradılacaq, məhkəmə qərarlarının elektron informasiya bazası formalaşdırılacaqdır.

Dünya Bankının nəzarət missiyaları tərəfindən aparılmış mütəmadi monitorinqlər nəticəsində layihə üzrə yüksək nailiyyətlərin əldə olunması qənaətinə gəlinərək onun əlavə maliyyələşdirilməsi qərara alınmış, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatına hər cür dəstək niyyəti bildirilmişdir.

İclasda həmçinin hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.

Qeyd olunmuşdur ki, hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illər 2200 namizəd sırasından 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin edilmişdir. Həmçinin hakim kadrlarına olan ehtiyacla bağlı namizədliyini irəli sürmüş 414 nəfər hüquqşünasla ötən ay bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilmiş, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunmuşkadr seçimi tarixində ilk dəfə olaraq bütün bu prosedurlar "onlayn" rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır. İmtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənilərək yüksək dəyərləndirilmişdir.

İclasda hakimliyə namizədlərin seçimi prosesinin növbəti mərhələlərinin təşkilati məsələlərinə toxunulmuş, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi vurğulanmışdır.

Eyni zamanda, hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları, süründürməçilik və digər korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ziya Əliyevə töhmət verilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılova və Hacıqabul Rayon Məhkəməsinin hakimi Malik Qarayevə irad tutulmuş, qanunvericiliyin pozulması halları ilə bağlı 4 hakim barədə intizam icraatları başlanılmış, bir sıra kadr məsələlərinə baxılmışdır.

 

 

Azərbaycan.- 2011.- 21 oktyabr.- S.  4.