İndoneziya Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur
Azərbaycanda səfərdə olan İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud və hakimi Maria Farida İndrati oktyabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşmüşlər.
AzərTAc xəbər verir ki, görüşdə Ali Məhkəmənin sədri Azərbaycanda dünyanın bir çox ölkələri ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini, İndoneziyanın da bu ölkələr sırasında olduğunu bildirmişdir. Ali Məhkəmənin sədri, həmçinin son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır. Ali Məhkəmənin sədri Azərbaycan Konstitusiyasında insan, vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi bəyan edildiyini xüsusi vurğulamışdır. Qonağa Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verilmişdir.
Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, İndoneziya Respublikası Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Görüşdə Azərbaycan və İndoneziya məhkəmə orqanları arasında hüquqi əməkdaşlığın perspektivləri, ədalət mühakiməsi sahəsində beynəlxalq hüquq normalarının və beynəlxalq məhkəmələrin president hüququnun tətbiqi aspektləri müzakirə edilmişdir.
İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud bildirmişdir ki, Azərbaycan ilə İndoneziyanın məhkəmə sistemləri arasında müəyyən oxşarlıq vardır. Məhəmməd Manfud iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruriliyini diqqətə çatdırmışdır.
İndoneziyalı qonaqlar Ali Məhkəmənin inzibati
binasını gəzmiş, məhkəmə tarixi
muzeyinə baxmış, hakimlərin iş
şəraiti ilə tanış olmuşlar.
Azərbaycan.- 2011.- 21 oktyabr.-
S. 4.