Avropa Şurasının ölkəmizlə əməkdaşlığı inkişaf edir

 

 Oktyabrın 20-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Avropa Şurası (AŞ) Baş katibinin təşkilati inkişaf və islahatlar üzrə xüsusi nümayəndəsi Jerar Ştudman ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının fəal iştirakını və ölkəmizdə hakimlərin ən şəffaf seçiminin bu mötəbər qurum tərəfindən müsbət təcrübə kimi qiymətləndirildiyini vurğulamış, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd etmişdir.

Respublikamızda növbəti dəfə olmasından məmnunluğunu ifadə edən qonaq Azərbaycana əvvəlki səfərlərini xoş təəssüratlarla xatırlatmış, son illər ərzində ölkəmizin hərtərəfli dinamik inkişafını, müxtəlif sahələrdə qazanılmış böyük nailiyyətləri təqdir etmişdir. J.Ştudman Avropa Şurasının Azərbaycan ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildirərək əməkdaşlığın yeni prioritetlərinə dair Fəaliyyət Planının hazırlandığını bildirmiş, ölkəmizdə korrupsiya ilə sərt mübarizənin aparıldığı nəzərə alınaraq bu Plana həmin məsələnin əsas prioritet kimi daxil ediləcəyini  söyləmişdir.

Görüşdə, həmçinin inzibati ədliyyə, məhkəmə qərarlarının icrası, elektron xidmətlərin tətbiqi kimi qarşılıqlı fəaliyyətə dair konkret prioritetlər müzakirə olunmuş, korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verilərək Azərbaycan nümayəndə heyətinin bu günlərdə Mərakeşdə keçiriləcək mötəbər beynəlxalq forumlarda iştirak edəcəyi bildirilmişdir.

Tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Konstantin Yerokostopulos iştirak etmişdir. Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 21 oktyabr.- S.  4.