Azərbaycan Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupa üzv qəbul olunmuşdur
Azərbaycan BMT çərçivəsində fəaliyyət göstərən və fəlakətlərə cavab tədbirləri görən ölkələrin axtarış-xilasetmə və beynəlxalq əməliyyatlar üzrə əlaqələndirmə fəaliyyətini icra edən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupa (INSARAG) üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, 1991-ci ildən təsis edilmiş INSARAG-ın yaranma məqsədi müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ezam olunan müxtəlif axtarış-xilasetmə qrupları arasındakı uzlaşmanın təmin olunması, onların imkan və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsindən ibarətdir. INSARAG fəlakətlərin mənfi nəticələrinin azaldılması məqsədilə fövqəladə hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi, beynəlxalq axtarış-xilasetmə dəstələri arasında əməkdaşlığın səmərəliliyinin artırılması və bu baxımdan onların işini tənzimləyən sistem və prosedurların inkişaf etdirilməsi, beynəlxalq səviyyədə fövqəladə yardım əməliyyatlarının təşkili üçün müvafiq prosedur və istiqamətlərin təyin edilməsi, mükəmməl təcrübələrin öyrənilməsi və maraqlı təşkilatlar arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsində fəaliyyət göstərir.
INSARAG-a üzvlük Azərbaycana fəlakətlər
zamanı beynəlxalq xilasetmə dəstələri ilə
ölkəmizin müvafiq xilasetmə dəstəsi arasında
qarşılıqlı əlaqələrin qurulması, qrupun
illik görüşlərində və regional təlimlərində
iştirak, BMT-nin fövqəladə hallarla bağlı
mexanizmlərinə cəlb olunması, qrupun məlumat vasitələrinə
çıxışın əldə edilməsi, INSARAG
qaydalarının öyrənilməsi və müvafiq vərdişlərə
yiyələnmə, o cümlədən bilik və bacarıqların
bölüşməsinə imkan yaradır.
Azərbaycan.- 2011.- 21 oktyabr.-
S. 4.