Bakı və
ABŞ-ın San Dieqo şəhərlərinin rayonları
qardaşlaşmışdır
Azərbaycan Respublikasının Los Anceles səhərindəki baş konsulluğundan AzərTAc-a verilən məlumata görə, oktyabrın 18-də Kaliforniyanın San Dieqo Şəhər Şurasının iclasında bu şəhərin Svitzer Haylənd və Bakının Nəsimi rayonları arasında "qardaşlaşmış rayonlar" münasibətlərinin qurulması barədə qərar qəbul edilmişdir.
ABŞ-da ilk və yeganə "qardaşlaşmış rayonlar" münasibətlərinin qurulmasını əks etdirən xüsusi bəyannamə San Dieqo şəhərinin meri Cerri Sanders və Şəhər Şurasının üzvü Todd Qloriya tərəfindən imzalanaraq Azərbaycandan gəlmiş rəsmi nümayəndə heyətinin üzvləri - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və bu rayondan Milli Məclisin deputatı seçilmiş Asim Mollazadəyə təqdim edilmişdir.
Sənəddə ABŞ və Azərbaycanın adıçəkilən rayonlarının ictimaiyyət üzvlərinin bir çox sahələrdə qarşılıqlı münasibətlər qurmaq barədə arzu və dəstəkləri nəzərə alınaraq San Dieqo şəhərinin meri və Şəhər Şurasının üzvləri Svitzer Haylənd rayonunu Nəsimi rayonu ilə "qardaşlaşmış" bəyan etmiş və bu münasibətlərin hər iki tərəfin icmasının yaxınlaşmasına töhfə verəcəyini bildirmişlər.
Şuranın Azərbaycan Respublikasının Dövlət bayrağının yerləşdirildiyi iclas zalında keçirilmiş təqdimat mərasimində San Dieqo şəhərinin meri və Şəhər Şurasının üzvləri Nəsimi və Svitzer Haylənd rayonlarının qardaşlaşmasının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə təsadüf etdiyini bildirmiş və bu münasibətlə Azərbaycan nümayəndə heyətini və xalqımızı təbrik etmişlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar təbrikə və qardaşlaşma münasibətlərinin qurulmasına göstərilən dəstəyə görə Şura üzvlərinə öz minnətdarlıqlarını bildirmişlər. Mərasim Şura iclası iştirakçılarının ayaqüstü alqışları ilə sona çatmışdır.
Ölkəmizin müstəqilliyinin bərpasının 20 illiyi və San Dieqo və Bakı şəhərləri rayonlarının "qardaşlaşması" San Dieqo şəhərində bir sıra əlavə tədbirlərlə də qeyd olunmuşdur. Azərbaycan nümayəndə heyəti San Dieqo icmasının aparıcı üzvləri, o cümlədən təhsil, biznes və incəsənət dairələrinin təmsilçiləri ilə görüşlər keçirərək 2007-ci ildə təməli qoyulmuş ikitərəfli münasibətləri inkişaf etdirmək yollarını müzakirə etmişlər.
Milli Məclisin deputatı Asim Mollazadə San Dieqo Dövlət Universitetində tələbə və müəllim heyəti qarşısında Azərbaycanın keçdiyi 20 illik müstəqillik yolu barədə məruzə ilə çıxış etmişdir. San Dieqo Diplomatik Şurasında Azərbaycan mənşəli amerikalı rəssam Yavər Rzayevin "Könlüm keçir Qarabağdan" adlı üçgünlük sərgisi təşkil edilmişdir. Sərgidə Azərbaycanın Qarabağ bölgəsinin bənzərsiz təbiətini əks etdirən yağlı boyalarla çəkilmiş tablolar Ağdam, Şuşa, Cıdır düzü, Şah bulağı, Tərtər və Qarqar çaylarının mənzərələrini təsvir etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə San Dieqo şəhərinin ləziz Azərbaycan mətbəxi ilə tanınan "Kafe 21" restoranında ziyafət verilmişdir.
San Dieqo və Bakı şəhərləri rayonlarının "qardaşlaşması" Kaliforniya ştatı ictimaiyyətinin böyük marağına səbəb olaraq yerli media vasitələri, o cümlədən "North Park News", "San Diego Uptown News", "City Beat", "San Diego Reader" qəzetləri tərəfindən işıqlandırılmışdır.
Şəfəq
AKİFQIZI,
AzərTAc-ın
xüsusi müxbiri
San Dieqo
Azərbaycan.- 2011.- 21 oktyabr.- S. 5.