Bakıda MDB və
Baltikyanı ölkələrin milli olimpiya komitələri rəhbərlərinin forumu keçirilir
Oktyabrın 20-də Bakıda Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Həmrəyliyi Təşkilatının dəstəyi ilə MDB və Baltikyanı ölkələrin milli olimpiya komitələri rəhbərlərinin regional forumu işə başlamışdır.
Forumun açılışında çıxış edən Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov bildirmişdir ki, hazırda ölkəmizdə idmanın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir. O demişdir: "Bakıda və bölgələrdə dünya standartlarına cavab verən 31 olimpiya kompleksi inşa edilmiş və artıq istifadə olunur, 9 kompleksin tikintisi başa çatmaq üzrədir". Nazir vurğulamışdır ki, Azərbaycan qısa müddətdə dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan idmançılarının uğurlarında böyük dinamika müşahidə olunduğunu vurğulayan A.Rəhimovun sözlərinə görə, əgər 2005-ci ildə idmançılarımız olimpiya və qeyri-olimpiya idman növləri üzrə 200-dən çox medal qazanmışdılarsa, 2010-cu ildə artıq 675 medala sahib olmuşlar. Nazir demişdir: "Həmin medalların 206-sı olimpiya idmanı növlərində qazanılmışdır. Bu da Azərbaycan idmançılarının böyük uğurlarının göstəricisidir. 2012-ci il London olimpiadasında iştirak üçün artıq 24 lisenziya əldə edilmişdir".
Tədbir iştirakçılarını Azərbaycan dövlətinin başçısı, MOK-un prezidenti İlham Əliyevin adından təbrik edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə forumun işinə uğurlar arzulayaraq qeyd etmişdir ki, olimpiya hərəkatı müstəqilliyin ilk illərində Azərbaycanda çətinliklərlə üzləşməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə idman dinamik inkişaf etməyə başlamışdır. Ç.Hüseynzadə bildirmişdir ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində bu inkişaf geniş vüsət və böyük dəstək almışdır. O demişdir: "Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə beynəlxalq səviyyəli olimpiya kompleksləri inşa edilmiş, mötəbər idman yarışları keçirilir".
MDB və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin Başçıları Assosiasiyasının katibi Yuri Yuryev çıxışında demişdir ki, Azərbaycanın idman və olimpiya uğurları Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevin adı ilə bağlıdır.
Hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq Olimpiya hərəkatında respublikamızı layiqincə təmsil etdiyini vurğulayan Y.Yuryev demişdir: "Azərbaycan ən yüksək səviyyədə təşkil edilən xeyli sayda beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir".
Rusiya Olimpiya Komitəsinin baş katibi Marat Bariyev Ümumdünya Yay Universiadasına hazırlığın gedişi barədə məlumat verərək bildirmişdir ki, universiada 2013-cü il iyulun 6-17-də Kazanda keçiriləcəkdir. Bu idman tədbirində 13500 idmançının və nümayəndə heyəti üzvünün iştirakı gözlənilir. M.Bariyevin sözlərinə görə, universiadanın idman proqramına 27 idman növü daxildir. Bu məqsədlə tikilməkdə olan idman komplekslərinin 27-si artıq açılmışdır.
2014-cü il Soçi Olimpiadası layihəsinin böyük meneceri Aleksandra Savina bu idman yarışmasına hazırlığın gedişi ilə bağlı təqdimat keçirmişdir.
Tədbirdə həmçinin Ukrayna MOK-un baş katibi Vladimir Geraşşenko, Belarus MOK-un vitse-prezidenti Gennadi Alekseyenko, Latviya MOK-un baş katibi Fogelas Eynar, Türkmənistan MOK-un baş karibi Azat Muradov da məruzə etmişlər.
Forum oktyabrın 21-də başa çatacaqdır.
Azərbaycan.- 2011.-21 oktyabr.- S. 6.