Bələdiyyəyə seçib-seçilmək hüququ və onun həyata keçirilməsi qaydaları

 

 Yerli özünüidarə vətəndaşların fəaliyyətinin elə bir sistemidir ki, bu sistem qanun çərçivəsində onlara öz mənafeləri naminə yerli əhəmiyyətli məsələləri sərbəst və müstəqil surətdə həll etmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş nümayəndəli orqan həyata keçirir. Dünya təcrübəsində bu orqanlar yerli özünüidarə adlanır. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə görə, Azərbaycan Respublikasında yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr qanunla müəyyən edilmiş qaydada yaradılır və seçkilər əsasında formalaşdırılır.

Ölkəmizdə azad, şəffaf və demokratik şəraitdə, tarixi ardıcıllıqla  keçirilmiş və yüksək seçici fəallığı ilə müşahidə olunmuş bələdiyyə seçkiləri sübut etmişdir ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsində seçkilərin böyük rolu vardır. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ vardır.  Qanunun bu müddəası Azərbaycan Respublikası vətəndaşlarının  yerli özünüidarəni həyata keçirmək hüququnu ifadə edir. Vətəndaşların yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ əslində onların yerli idarəçilikdə iştirakını təmin edir.

Vətəndaşların iradəsinin ən yüksək ifadəsi dövlət hakimiyyətini və yerli özünüidarə orqanlarını seçkilər əsasında formalaşdırmaqdır. Seçkilər vətəndaşların dövlətin idarə edilməsində iştirakının kütləvi formasıdır.  Azərbaycan Respublikası vətəndaşlarının seçmək və seçilmək hüququ ölkə Konstitusiyasının 56-cı maddəsində nəzərdə tutulmuşdur.

Seçki hüququnun həyata keçirilməsi vətəndaşın tam həcmdə fəaliyyət qabiliyyətinin olmasını tələb edir. Vətəndaşın fəaliyyət qabiliyyəti onun öz hərəkətləri ilə hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməsinə görə şəxs məhkəmə tərəfindən  məhdud fəaliyyət qabiliyyətli hesab edilə bilər. Eyni zamanda psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətinə malik olmamağı barədə məhkəmə qərar çıxara bilər. Hər iki halda məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər aktiv və passiv seçki hüququndan məhrumdurlar.

Seçki günü daxil olmaqla 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları aktiv seçki hüququna malikdirlər. 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək və Seçki Məcəlləsində nəzərdə tutulmuş hərəkətlərin həyata keçirilməsində iştirak hüququ vardır. Seçki qanunvericiliyi vətəndaşlığı olmayan, habelə xarici vətəndaşları da aktiv seçki hüququndan istifadə etmək imkanı yaratmışdır. Belə ki, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər seçkilər və referendum zamanı səsvermədə iştirak edə bilərlər. Bundan başqa müvafiq bələdiyyə ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkə vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər. Xarici ölkə vətəndaşlarına bu hüquq o şərtlə verilir ki, onların vətəndaşı olduqları dövlətdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların yerli filial və nümayəndəlikləri seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında və qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər. Bu hal əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlığını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır. Göstərilən tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla aktiv seçki hüququna malik olan hər bir vətəndaşın bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə bələdiyyə üzvü seçilmək hüququ vardır. Bu hüquq passiv seçki hüququ - yəni yerli özünüidarə orqanlarına seçilmək hüququdur. Passiv seçki hüququna malik olmaq üçün yaş senzləri dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına seçkilərin keçirilməsindən asılı olaraq müxtəlifdir. Belə ki, Milli Məclisə seçkilərdə 25, Prezident seçkilərində 35, bələdiyyə seçkilərində isə yaş senzi 21 müəyyən edilmişdir. Təhsil və oturaqlıq senzi isə yalnız prezidentliyə namizədlər üçün nəzərdə tutulmuşdur. Qanunvericilik passiv seçki hüququna malik olmayan şəxslərin dairəsini konkret olaraq müəyyən etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin və Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə (ağır və xüsusilə ağır) məhkum olunmuş şəxslərin passiv seçki hüququ yoxdur. Cinayət Məcəlləsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkum edilmiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş və ya götürülmüşdürsə, o, bələdiyyə üzvü seçilə bilər.

Eyni zamanda ikili vətəndaşlığı olan Azərbaycan Respublikasının vətəndaşları ikili vətəndaşlığı olan müddət ərzində dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına seçilmək hüququndan məhrumdurlar. İkili vətəndaşlıq şəxsin eyni zamanda iki və daha artıq dövlətin vətəndaşı olmasını ifadə edir. Həmin vətəndaşlar eyni anda bir neçə dövlət qarşısında hüquq və vəzifələrə malik olurlar. İkili vətəndaşlıq şəxsin dövlət hakimiyyət və yerli özünüidarə orqanlarında təmsil olunmaq imkanını real olaraq mümkün etmir. Belə olan halda vətəndaş ikili vətəndaşlığı olan müddət ərzində passiv seçki hüququndan məhrum olur.

5 ildən artıq xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi amillər vətəndaşın xarici dövlət qarşısında öhdəliklərinin yaranmasına səbəb ola bilər. Vətəndaşın xarici ölkə qarşısında yaranmış siyasi və hüquqi öhdəlikləri onun seçkili orqanlarda təmsil olunmaq imkanını əlindən almış olur. Belə statuslu vətəndaşlar başqa ölkə qarşısındakı öhdəliklərinə xitam verilənədək seçkili orqanlara seçilmək hüququndan istifadə edə bilməzlər.

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi və Seçki Məcəlləsinin müddəaları vəzifələrin uzlaşmaması hallarını müəyyən etməklə bəzi vətəndaşların seçkili orqanlara seçilmək hüququnu məhdudlaşdırmışdır. Belə olan halda vətəndaşın tutduğu vəzifəyə və ya qulluq mövqeyinə görə həmin vəzifədə və ya qulluq mövqeyində olduğu müddət ərzində passiv seçki hüququ olmur. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma (kontrakt) üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər. Bu status Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən itirilir. Vətəndaşlar bu statusa malik olduqları andan onun qurtardığı anadək, yəni hərbi qulluqda olduqları müddətdə yerli özünüidarə orqanlarına seçilmək hüququndan məhrumdurlar.

Bundan başqa hakimlər - hakim olduqları, dövlət qulluqçuları isə - dövlət qulluğunda olduqları müddət ərzində tutduqları vəzifəyə görə bələdiyyə üzvü ola bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı və "Məhkəmələr və hakimlər haqqında" qanunun 104-cü maddəsinə görə hakimlər heç bir seçkili vəzifə tuta bilməzlər. Hakimlərin passiv seçki hüququ onların bu vəzifəyə təyin olunmaları ilə məhdudlaşır və bu məhdudiyyət onun səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam verildiyi anadək davam edir. Eyni zamanda qanunla müəyyən edilmiş qaydada dövlət qulluğuna qəbul edilmiş vətəndaşlar da seçkili vəzifə tuta bilməzlər. Vətəndaşın dövlət qulluğuna qəbul edildiyi andan seçkili orqanlarda təmsil olunmaq hüququ itirilir və seçilmək hüququ dövlət qulluğunda fəaliyyətinə xitam verildiyi andan başlayır.

Din xadimləri, yəni peşəkar dini fəaliyyətlə məşğul olan şəxslər - peşəkar dini fəaliyyətlə məşğul olduqları müddət ərzində onların seçilmək hüququ məhdudlaşır. Peşəkar dini fəaliyyət dedikdə "Dini etiqad azadlığı haqqında" qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilən fəaliyyət başa düşülür.

Namizədlərin irəli sürülməsi hüququ vətəndaşlara, seçicilərin təşəbbüs qrupuna, siyasi partiyalara və siyasi partiyaların bloklarına məxsusdur. Bələdiyyə üzvlüyünə namizəd öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə müvafiq dairə seçki komissiyasına bu barədə yazılı bildiriş göndərir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, irəli sürülən namizədin əsas iş və xidmət yeri, tutduğu vəzifə və ya fəaliyyəti barədə məlumatlar öz əksini tapmalıdır. Seçki Məcəlləsinin 53-cü maddəsinə görə namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü  barədə müvafiq seçki komissiyasına təqdim etdiyi bildirişlə birlikdə namizədin bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də təqdim edilir.

 Bundan başqa namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu, xarici dövlətdə cinayət məsuliyyəti yaradan əməli olmuşsa bu barədə ərizədə qeyd edilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının, başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmamağı  da göstərilməlidir. Namizəd öz ərizəsində siyasi partiya mənsubiyyəti barədə məlumatı da daxil edə bilər. Dairə seçki komissiyasına daxil olmuş sənədlərə 5 gün müddətində baxılır və namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edilir.

Siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Onlar seçki prosesinin iştirakçılarından biri kimi Seçki Məcəlləsinin 2.6, 49, 50, 52 və 54-cü maddələrində nəzərdə tutulan şərtlərə əməl etməlidirlər. Digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində siyasi partiyalar və onların blokları iştirak edə bilərlər. Siyasi partiya tərəfindən namizədin irəli sürülməsi barədə qərar onun nizamnaməsinə uyğun olaraq qəbul edilir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilməlidir.

 

 

Arifə MUXTAROVA,  

Mərkəzi Seçki Komissiyasının katibi

 

Azərbaycan.- 2011.- 21 oktyabr.- S.  6.