«Müstəqil Azərbaycanım» adlı rəsm və əl işlərindən ibarət müsabiqənin qalibləri mükafat almışlar

 

Oktyabrın 20-də Muzey Mərkəzində uşaq və yeniyetmələr arasında "Müstəqil Azərbaycanım" adlı rəsm və əl işlərindən ibarət respublika müsabiqə-sərgisinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirakçıları Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik etmişdir.

Bildirmişdir ki, son illər ərzində respublikanın uşaq rəssamlıq və incəsənət məktəblərinin, eləcə də uşaq yaradıcılıq mərkəzlərinin istedadlı şagirdləri beynəlxalq yarışlarda 60 diplom, 40 fəxri fərman və 20-dən çox həvəsləndirici diplom qazanmışlar.

Nazir müavini demişdir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət "Müstəqil Azərbaycanım" adlı respublika müsabiqəsinin keçirilməsinə qərar verilmişdir. Müsabiqəyə respublikanın uşaq rəssamlıq və incəsənət məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiyalarından 400-ə yaxın rəsm və əl işi  təqdim edilmişdir. Tanınmış münsiflər heyəti 7-13 və 14-16 yaş qrupları üzrə ən yaxşı işlərin qaliblərini müəyyən etmişdir.

Tədbirdə qaliblərə nazirliyin müxtəlif dərəcəli diplomları, fəxri fərman və pul mükafatları təqdim olunmuşdur.

Sonra müsabiqəyə təqdim edilmiş rəsm və əl işlərinin sərgisinə baxış keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 21 oktyabr.- S. 7.