Azərbaycan
Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri
Almatıda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının I Zirvə
Toplantısı keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir
Oktyabrın 21-də Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Zirvə Toplantısının iştirakçıları birgə foto çəkdirdilər.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin dövlət başçılarını və nümayəndə heyətlərini salamlayaraq 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinin əhəmiyyətindən danışdı. Toplantıda beynəlxalq və regional xarakterli aktual məsələlərin müzakirə olunacağını deyən Qazaxıstan dövlətinin başçısı qeyd etdi ki, TDƏŞ ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişlənməsini başlıca prioritet müəyyən etmişdir.
Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayan Qazaxıstan Prezidenti dedi ki, türk dünyası çərçivəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır. Bu baxımdan Türkdilli Dövlətlərin İşgüzar Şurasının yaradılmasının vacibliyini qeyd edən Qazaxıstan dövlətinin başçısı bildirdi ki, ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi mövcud potensiala uyğun deyildir.
Türkdilli ölkələr arasında humanitar sahədə əməkdaşlığa da toxunan Nursultan Nazarbayev müxtəlif mədəni tədbirlərin, o cümlədən festivalların keçirilməsinin əhəmiyyətini vurğuladı, mədəni əlaqələrin möhkəmləndirilməsində TÜRKSOY təşkilatının böyük rolundan danışdı. Qazaxıstan dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifini dəstəklədiyini dedi.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısında nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli Nursultan Abişeviç!
Hörmətli nümayəndə heyətlərinin başçıları, əziz dostlar!
İlk növbədə, Nursultan Abişeviç, bu zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinizə və bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Məmnuniyyət hissilə qeyd etmək istəyirəm ki, mən artıq üçüncü gündür sizin gözəl ölkənizdəyəm. Dünən mənim Qazaxıstana növbəti rəsmi səfərim həyata keçirildi. Bir daha qeyd etmək istəyirəm ki, biz Qazaxıstan ilə ikitərəfli əlaqələrimizin inkişafı üçün gördüyümüz işlərə çox böyük əhəmiyyət veririk. İkitərəfli münasibətlərimiz çoxşaxəlidir, eyni zamanda, türkdilli dövlətlər arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.
Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir. Ancaq Nursultan Abişeviçin qeyd etdiyi kimi, müstəqilliyimizin cəmi 20 yaşı vardır. Bu 20 il ölkələrimiz üçün həlledici illər olmuşdur. Bu illər ərzində ölkələrimizdə dövlətçilik əsasları formalaşdırılmışdır. Bu illər ərzində biz çox əsaslı, köklü iqtisadi və siyasi islahatlar apardıq. İyirmi il keçdikdən sonra görürük ki, ölkələrimiz dünya xəritəsində layiqli yerini tuta bilmişlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Görüşünün Qazaxıstanda keçirilməsi də hesab edirəm ki, təbiidir. Çünki Qazaxıstan Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı üçün çox böyük töhfə vermişdir. Bu zirvə görüşünün təşkili özlüyündə Qazaxıstanın rolunu bir daha vurğulayır.
Mən çox şadam ki, görüşlərimiz artıq gözəl ənənəyə çevrilmişdir. Bildiyiniz kimi, bir müddət türkdilli dövlətlərin dövlət başçılarının zirvə görüşləri keçirilmirdi. Ancaq son üç il ərzində bu görüşlər mütəmadi keçirilir. 2009-cu ildə Naxçıvanda, 2010-cu ildə İstanbulda və bu gün Almatıda bu görüşlər keçirilir. Əminəm ki, gələcək illərdə də bu ənənə davam edəcək və hər bir görüşün çox böyük mənası vardır. Bu görüşlər nəticəsində qəbul edilən qərarlar birliyimizi daha da gücləndirir. Biz istəyirik ki, bütün türkdilli dövlətlər arasında həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələr daha da yüksək səviyyəyə qalxsın.
Azərbaycana gəldikdə, bizim bütün türkdilli dövlətlərlə çox gözəl, işgüzar və səmimi münasibətlərimiz vardır. Biz bu münasibətləri yüksək qiymətləndiririk. Biz çoxtərəfli formatda da, müxtəlif təşkilatlar çərçivəsində və beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək əlbəttə ki, bizi daha da gücləndirir. Biz BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, İƏT və digər təşkilatlarda uğurla fəaliyyət göstəririk.
Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Münaqişə uzun illərdir ki, həll olunmamış qalır. Bu, nəinki bizim üçün, bütün bölgə üçün ən böyük təhlükə mənbəyidir və ədalətsizlikdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Bu siyasət nəticəsində 1 milyona yaxın azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür, torpaqlarımızın 20 faizi işğal altındadır. Bütün əsas beynəlxalq təşkilatlar məsələ ilə bağlı öz mövqeyini bildirmişlər. İlk növbədə, dünyanın ən mötəbər beynəlxalq təşkilatı BMT və onun Təhlükəsizlik Şurası müvafiq qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, orada Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair məsələlər vurğulanır.
ATƏT-in qərarları, İslam Əməkdaşlığı Təşkilatının çoxsaylı qətnamələri, Avropa Şurası, Avropa Parlamenti və digər təşkilatların qərarları münaqişənin həlli üçün çox güclü hüquqi zəmin yaradır. Ancaq əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqların süni şəkildə uzadılması cəhdləri imkan vermir ki, bu məsələ öz həllini tapa bilsin. Bu münaqişə zamanı Azərbaycan, eyni zamanda, terrorizmə də düçar olmuşdur. Ölkəmizdə çoxsaylı terror aktları törədilmişdir və bu terror aktları nəticəsində iki mindən artıq dinc insan həlak olmuşdur.
Fürsətdən istifadə edərək bir daha qardaş Türkiyəyə, türk xalqına bu yaxınlarda törədilmiş terror aktı ilə əlaqədar dərin hüznlə başsağlığı veririk, həlak olanların ailələrinə səbir diləyirik. Biz həmişə olduğu kimi, bu gün də Türkiyənin yanındayıq və Türkiyənin terrorizmə qarşı haqlı işində həmişə dəstəyimizi göstəririk və göstərəcəyik.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı da çox böyük məna daşıyır. Hesab edirəm ki, biz bu potensialdan lazımi səviyyədə istifadə etmirik. Halbuki ikitərəfli əlaqələrdə ticarət dövriyyəsi artır, ancaq bu, real potensialımızı əks etdirmir. Mən hesab edirəm ki, növbəti illərdə biz qarşılıqlı investisiya layihələrinin icrasına daha çox diqqət yetirməliyik. O ölkələr ki, onlar investisiyaları xarici ölkələrə yatırırlar, əlbəttə, öz diqqətini ilk növbədə, türkdilli dövlətlərə yönəltməlidirlər. Çünki bu, bizim birliyimizi daha da gücləndirəcək və eyni zamanda, iqtisadi səmərə də verəcəkdir.
Hazırda Azərbaycan şirkətləri
xarici dövlətlərə çox fəal şəkildə
investisiyalar qoyurlar. Bu investisiyalar milyardlarla dollar həcmindədir. Biz istəyirik
ki, bu siyasət davam etdirilsin. Qarşılıqlı
investisiyaların qoyuluşu həm ölkələrin
inkişafına xidmət göstərəcək, yeni iş
yerlərinin açılışına gətirib
çıxaracaq, eyni zamanda, iqtisadi əlaqələrimizi də
gücləndirəcəkdir. Bu yaxınlarda Azərbaycan şirkəti
SOCAR tərəfindən Türkiyədə yeni böyük
investisiya layihəsinin təməl daşı qoyulacaqdır.
Qoyulacaq bu investisiyaların həcmi bir neçə il ərzində 5-6 milyard dollar səviyyəsində
olacaqdır. Əlbəttə bu, ilk növbədə,
iqtisadi və kommersiya layihəsidir. Ancaq, eyni zamanda,
investisiyalar dost ölkələrə qoyulur. O ölkələrə
ki, orada sabitlik var və gözəl investisiya iqlimi
mövcuddur. Ölkələrimiz bu məsələdə
də, hesab edirəm ki, ön sıralardadır. Bütün beynəlxalq maliyyə qurumları
ölkələrimizdə iqtisadi islahatların
aparılmasına da çox yüksək qiymət verirlər.
Biznes üçün imkanlar da çox
yaxşıdır və bütün reytinqlərdə ölkələrimiz
qabaqcıl yerdədir. İqtisadi layihələrlə
bərabər, əlbəttə ki, mədəni əlaqələrin
inkişafı da böyük məna daşıyır. Bu əlaqələr, demək olar ki, bizim təşkilatımızın
əsasını təşkil edir. Çünki
bizi birləşdirən ortaq mədəniyyətdir, etnik
köklərdir. Təbii ki, bu məsələyə
xüsusi diqqət göstərilir.
Mən bütün türkdilli ölkələrə
minnətdaram ki, bizim təşəbbüsü dəstəkləmişlər
və TÜRKSOY Fondunun yaradılması haqqında konkret təkliflər
vardır. Əminəm ki, bu fondun fəaliyyətə
başlaması hər bir türkdilli diyarda öz izini
buraxacaqdır. Çünki bu fondun xətti
ilə tarixi abidələrin bərpası, kitabların nəşri,
mədəni tədbirlərin keçirilməsi mümkün
olacaqdır. Hər bir vətəndaş
görəcək ki, bu fondun real nəticələri
vardır. Mən, ümumiyyətlə,
hesab edirəm ki, biz növbəti mərhələdə,
xüsusilə indi Əməkdaşlıq Şurası
formalaşdıqdan sonra diqqətimizi daha çox real layihələrə
yönəltməliyik. Çünki
bugünədək kifayət qədər ciddi bəyanatlar
artıq verilmişdir, sənədlər
imzalanmışdır. Bu zirvə
görüşünün nəticəsində də
çox sanballı sənəd qəbul ediləcəkdir.
Ona görə əgər biz növbəti illərdə
daha çox konkret layihələrə diqqət yetirsək bu,
təşkilatımızın inkişafı və ölkələr
arasındakı əlaqələrin möhkəmlənməsi
üçün də müsbət rol oynayacaqdır. Biz buna hazırıq və konkret layihələrin
icrası ilə bağlı təkliflərimizi də verəcəyik.
Azərbaycan son illər ərzində enerji təhlükəsizliyi
məsələlərinə də öz töhfəsini
verir. Hazırda bizim enerji resurslarımız müxtəlif
yollarla dünya bazarlarına çıxarılır. Bu istiqamətdə vaxtilə Azərbaycan tərəfindən
tikintisi başlanmış və uğurla başa
çatmış Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
önəmini xüsusilə vurğulamaq istəyirəm.
Bu kəmər, sadəcə olaraq, Xəzər
dənizinin neftini dünya bazarlarına, Aralıq dənizinə
çatdırmaq üçün tikilməmişdir. Bu, əslində yeni bir dəhlizdir. İlk növbədə, enerji dəhlizi, ondan sonra
qaz kəməri həmin dəhliz üzərində tikilibdir.
İndi dəmir yolu dəhlizi tikilir və
bütövlükdə bu, Şərqi Qərb ilə,
Asiyanı Avropa ilə birləşdirən birinci ciddi təşəbbüs
idi. Artıq bu kəmər vasitəsilə
nəinki Azərbaycan nefti, eyni zamanda, Xəzər dənizinin
şərqində yerləşən yataqlardan
çıxarılan neft də ötürülür.
Biz tranzit imkanlarımızı qardaş ölkələr
üçün təqdim etmişik. Mən çox
şadam ki, bizim tranzit imkanlarımızdan bu gün həm
Qazaxıstan, həm Türkmənistan istifadə edir. Əminəm ki, gələcək illərdə bu
tranzit imkanları daha da genişlənəcəkdir. Bu məqsədlə Azərbaycan hazırda çox
böyük investisiyalar qoyur, logistika mərkəzləri
yaradılır, Xəzər dənizində ən
böyük beynəlxalq ticarət limanı tikilir və iki-üç
ildən sonra bu liman istifadəyə veriləcəkdir. Biz indi nəqliyyat infrastrukturunun yaradılmasına
da çox böyük əhəmiyyət veririk. Yeni bərələr, tankerlər alınır,
Bakıda yeni müasir gəmiqayırma zavodu tikilir. Aydındır ki, bütün investisiyalar və
infrastruktura qoyulan sərmayə təkcə bizim
üçün deyil, bütün Xəzəryanı ölkələr
üçün də lazım olacaqdır. Çünki Xəzər qapalı dənizdir və
təbii ki, orada istehsal olunan gəmilər, tankerlər ancaq Xəzər
dənizində çalışacaqdır. Biz
bütün işləri görürük ki, gələcəkdə
Xəzər dənizinin şərqindən bu tərəfə
və əks tərəfə böyük yüklərin qəbuluna hazır
olaq.
Nursultan Abişeviç qeyd etdiyi kimi, gələn ilin
sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun da tikintisi başa
çatmalıdır və 2013-cü ildən başlayaraq bu
dəmir yolu istismara verilməlidir. Bu, əslində
çox böyük iqtisadi və siyasi bir layihədir. Biz bu layihəyə başlayanda əlbəttə
ki, ilk növbədə, dəmir yolu ilə Azərbaycanı
Türkiyəyə birləşdirmək istəyirdik. Çünki bu dəmir yolu bağlantısı yox
idi. Ancaq layihənin icrası onu göstərdi
ki, həm Avropada, həm Asiyada bu layihəyə çox
böyük maraq vardır.
Əslində bu, yeni dəmir İpək yolunun
yaradılması deməkdir. Azərbaycanı Gürcüstan
vasitəsilə Türkiyə və Avropa ilə, Avropanı
Azərbaycan, Qazaxıstan, digər Orta Asiya ölkələri,
Çin ilə birləşdirən bir yoldur. Mən
əminəm ki, bu, həm vaxt, həm də iqtisadi göstəricilər
baxımından ən əlverişli nəqliyyat yolu
olacaqdır. Əminəm ki, bu yol istismara veriləndən
sonra on milyon tonlarla ölçülən yüklər bizim ərazimizdən
keçəcək və ölkələrimiz, eyni zamanda, təkcə
Azərbaycan deyil, bütün ölkələrimiz tranzit
ölkələr kimi bu nəqliyyat dəhlizinin fəaliyyətinə
öz töhfəsini vermiş olacaqdır. Bu,
konkret real layihələrdir. Bu layihələr
həm iqtisadi cəhətdən səmərəlidir, həm
də kommersiya baxımından əlverişlidir. Eyni zamanda, bu layihələr birliyimizi daha da gücləndirir.
Türk dünyası böyük dünyadır. Biz elə etməliyik
ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar
vardır. İlk növbədə,
güclü siyasi iradə vardır. Bu zirvə
görüşlərinin mütəmadi keçirilməsi, bu
gün birinci Əməkdaşlıq Şurasının
keçirilməsi, qəbul ediləcək qərarlar çox
ciddi siyasi iradənin mövcudluğunu göstərir. Digər tərəfdən
iqtisadi maraqlar da bizim iqtisadi maraqlarımızla üst-üstə
düşür.
Bizim -
Qazaxıstanın, Azərbaycanın və digər
türkdilli dövlətlərin zəngin təbii
ehtiyatları vardır. Biz bu ehtiyatları
dünya bazarlarına çatdırmaq üçün
müxtəlif yollardan istifadə edirik. Bizim
Türkiyə kimi dostumuz vardır. Qeyd
edildiyi kimi, bizim müstəqilliyimizi ilk tanıyan Türkiyə
olmuşdur. Türkiyə böyük ərazidir,
böyük iqtisadiyyatdır, böyük nəqliyyat
imkanlarına malikdir. Bütün bu səyləri
biz birləşdiririk və artıq əməkdaşlığın
çox gözəl nəticələri vardır. Əminəm ki, artıq yaradılmış bu
möhkəm zəminin üzərində növbəti illərdə
biz böyük, gözəl binalar tikəcəyik. Bu, dostluğumuzun,
qardaşlığımızın binaları olacaqdır.
Qardaşlığımızın böyük
tarixi və böyük gələcəyi vardır.
Mən bir daha, Nursultan Abişeviç, Sizə bu təşəbbüsü
irəli sürdüyünüz üçün və bu zirvə
görüşünü yüksək səviyyədə təşkil
etdiyinizə görə minnətdarlığımızı
bildirmək istəyirəm. Zirvə
görüşünə uğurlar diləyirəm.
Sağ olun!
* * *
Sonra TDƏŞ-in I Zirvə Toplantısının 49 bənddən
ibarət yekun sənədi - Almatı Bəyannaməsi
imzalandı.
Almatı
Bəyannaməsini TDƏŞ-in I Zirvə
Toplantısının sədri, Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev,
Qırğız Prezidenti Roza Otunbayeva və Türkiyə
Baş nazirinin müavini Bəkir Bozdağ imzaladılar.
Sənəd türkdilli dövlətlərin bir sıra
beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış
mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə
əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Qərara
alındı ki, TDƏŞ-in II Zirvə Toplantısı
2012-ci ildə Qırğız Respublikasının paytaxtı
Bişkekdə keçirilsin və "Elm, təhsil və mədəniyyət
sahələrində əməkdaşlıq" mövzusuna
həsr olunsun.
* * *
Zirvə Toplantısında türkdilli dövlətlərin
xarici işlər nazirliklərinin yüksək səviyyəli
rəhbərlərinin iclasında qəbul edilmiş TDƏŞ-in
prosedur qaydaları da təsdiq olundu.
* * *
Sonra
Qırğız Respublikasının Prezidenti Roza Otunbayeva TDƏŞ-in
növbəti Zirvə Toplantısına ev
sahibliyi edəcək ölkənin rəhbəri kimi Almatı
sammitinin iştirakçılarına minnətdarlığını
bildirdi.
* * *
Zirvə Toplantısından sonra mətbuata bəyanat
verildi. Vurğulandı ki, Almatı Zirvə Toplantısı
ümumi tarix, dil və mədəniyyətə söykənən
əməkdaşlığın gələcəkdə
inkişafı və möhkəmlənməsi
baxımından türkdilli dövlətlər arasında yeni
səhifə açacaqdır. İştirakçılar
qardaş Türkiyədə baş vermiş hadisələrdə
həlak olanların ailələrinə
başsağlığı verdilər, bu cür terror
aktlarını qətiyyətlə pislədilər.
Bununla da TDƏŞ-in I Zirvə Toplantısı başa
çatdı.
* * *
Sonra Zirvə Toplantısının
iştirakçıları birgə nahar etdilər.
AzərTAc
Azərbaycan.- 2011.-21 oktyabr.- S. 1, 2.