Rəbiyyət
Aslanova: «Avropa aqressivliyi, emosional yanaşma tərzini sevmir»
Avropa aqressivliyi, emosional yanaşma tərzini
sevmir. AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin
(MM) İnsan hüquqları komitəsinin sədri, Azərbaycanın
ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə
heyətinin üzvü Rəbiyyət Aslanova demişdir.
Rəbiyyət
Aslanova ATƏT PA-nın payız sessiyasında Azərbaycan
nümayəndə heyətinin çox rahat, faktlara əsaslanan
mövqe nümayiş etdirdiyini vurğulayaraq bildirmişdir:
"Ancaq bizdən fərqli olaraq erməni tərəfi,
xüsusilə həmin ölkənin ATƏT PA-dakı
nümayəndə heyətinin üzvü Safaryan çox
aqressiv şəkildə danışırdı və onun bu hərəkəti
gülüş doğururdu".
Komitə
sədri qeyd etmişdir ki, "həmsədrlər bizi birmənalı
olaraq dəstəkləyirlər" kimi fikirlərdən uzaq
olmalıyıq. Onlar bir sıra məqamlarda yenə ikili
yanaşma nümayiş etdirirlər. Rəbiyyət Aslanova
bildirmişdir ki, ATƏT PA-nın son payız sessiyasında həmsədrlər
əyani şəkildə gördülər ki, Ermənistanı
çıxmaq şərtilə sözügedən qurumun 56
üzvü artıq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
maraqlıdırlar.
"Düzdür,
qurumun 56 üzvünün
heç də hamısı eyni çəkiyə, eyni gücə,
eyni nüfuza malik deyildir. Onların içərisində
öz sözü, öz mövqeyi, öz nüfuzu
güclü olanlarla yanaşı, nisbətən zəif
olanları da vardır. Ancaq bu qurum daxilində son
yaşananlar, ölkəmizin mövqeyinin açıq şəkildə
dəstəklənməsi əslində dövlətimizin
başçısının apardığı uğurlu siyasət
nəticəsində Azərbaycanın dünyadakı
nüfuzunun güclənməsinin
sübutudur", deyə komitə sədri qeyd etmişdir.
R.Aslanova, eyni zamanda, bildirmişdir ki, bəlkə də ilk dəfə
idi ki, ATƏT PA üzvləri bu münaqişənin həll
olunmasında bu qədər birgə mövqe nümayiş
etdirmək məsuliyyətini öz üzərlərinə
götürürdülər. Bu isə heç şübhəsiz,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nəhayət, ədalətli həlli
yolunda uzun müddətdən bəri gözlənilən
müsbət addımların atılacağına bir işarə
sayıla bilər.
Azərbaycan.- 2011.- 22 oktyabr.-
S. 2.