Düşünülmüş, sürətli və davamlı inkişaf

 

 "Ümumiyyətlə, xarici siyasətdə bizim prioritetlərimiz kifayət qədər dəqiq ifadə edilmişdir. Biz istəyirik, çalışırıq ki, bütün ölkələrlə çox səmimi, rəvan, proqnozlaşdırıla bilən münasibətlərimiz olsun və hesab edirəm ki, buna nail olmuşuq. Biz etibarlı tərəfdaşlarıq. Biz özümüzü təmin edən ölkəyik və buna görə də hansısa beynəlxalq maliyyə mərkəzlərindən, yaxud siyasi mərkəzlərdən asılı deyilik". 

 

İlham ƏLİYEV

 

 

Uğurlu xarici  siyasət strategiyası

 

Müasir beynəlxalq münasibətlər sistemində dövlətin həyata keçirdiyi ümumi kurs kimi dəyərləndirilən xarici siyasət həm də inkişaf prosesinə təsir göstərən əsas faktorlar sırasında yer alır. Bu mənada ölkənin beynəlxalq mövqelərinin mütəmadi şəkildə möhkəmlənməsi, eləcə də yaradılmış iki və çoxtərəli münasibətlərin inkişaf prosesinə mühüm töhfələr verilməsini təmin etmək hər bir  dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Lakin qeyd edilən fonda o da xüsusi olaraq vurğulanmalıdır ki, xarici siyasət daxili dövlət siyasəti ilə üzvi surətdə bağlıdır və onların hər ikisi bir-birini tamamlamalıdır. Əks təqdirdə inkişaf prosesində müəyyən çatışmazlıqların üzə çıxması qaçılmaz olur və hətta bu, ciddi fəsadlar, o cümlədən silahlı qarşıdurmalar yarada bilir. Dünyanın müasir siyasi mənzərəsinə diqqət yetirməklə buna dair kifayət qədər çoxsaylı misallara rast gəlmək mümkündür.

 

Geosiyasətin çəkişmə obyektindən onun subyektinə doğru

 

Xarici siyasətin əsas istiqaməti kimi çıxış edən diplomatiyanın davamlı tərəqqisi, çevik xarakter daşıması, mütəmadi olaraq zənginləşdirilməsi də beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmağa çalışan hər bir dövlət üçün əsas vəzifələr sırasında yer alır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müxtəlif forma və metodları özündə ehtiva edən diplomatiya ümumiyyətlə müasir dünyada formalaşmış münasibətlər sistemində ən effektiv vasitələrdən biri olaraq dəyərləndirilir. Uğurlu diplomatiyanın gətirdiyi möhtəşəm dividendlərə, ölkənin beynəlxalq imicinin yüksəlməsində oynadığı mühüm rola dair konkret misal kimi XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmış Azərbaycanı göstərmək olar. Ötən əsrin son onilliyində totalitar bir rejimdən xilas olaraq müstəqillik əldə etmiş Azərbaycan 1993-cü ildən etibarən xarici siyasət sferasında çevik və proseslərin gedişinə adekvat reaksiya nümayiş etdirən, mövqelərinin güclənməsinə xidmət edən siyasi kurs həyata keçirir.

Ancaq 1993-cü ilin ortalarına qədər yenicə müstəqilliyini qazanmış Azərbaycanın həyata keçirdiyi xarici siyasət kifayət qədər qüsurlu olub ölkəni yeni problemlər məngənəsinə yuvarlamışdı. Hakimiyyətə insanların kortəbii inam dalğası üzərində gəlmiş qüvvələrin həyata keçirdiyi xarici siyasət strategiyası SSRİ-nin dağılması ilə yeni yaranmış şəraitin tələblərinə cavab verməyərək Azərbaycana qarşı yönəlmiş müxtəlif təzyiqlərin artmasına səbəb oldu.  Bu kontekstdə yeni beynəlxalq nizamın yaranmasına, nüfuz sahələrinin dünya siyasətinin əsas aktorları arasında yenidən bölünməsinə, ikiqütblü dünyanın mövcudluğuna son qoyulmasına rəğmən, Azərbaycanın xarici siyasəti baş verənlərə adekvat xarakter daşımırdı. Əksinə, ölkənin inkişafını və xarici münasibətlərini pisləşdirə biləcək addımlar atılırdı ki, bu da nəticədə mövcud olduğu regionda, eləcə də onun sərhədlərindən kənarda Azərbaycanın mövqe və nüfuzunu əhəmiyyətli dərəcədə zəiflədirdi. Bu hal  AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə tədricən özünün zirvə nöqtəsinə çatdı. Məhz bu qüvvələrin həyata keçirdiyi yanlış siyasət nəticədə Azərbaycanın iki böyük qonşu dövlətlər olan Rusiya və İranla  münasibətlərini əhəmiyyətli dərəcədə pisləşdirdi. Xüsusən də o dövrkü hakimiyyət təmsilçilərinin reallıqdan daha çox populizmə söykənən çıxışları, Cənubu və Şimali Azərbaycanın təcili birləşdirilməsinə dair çağırışlar, Rusiya ilə haqq-hesab çəkiləcəyinin bildirilməsi, Ermənistanı atom bombası ilə dağıtmaq və bu qəbildən olan fikirlər Azərbaycan haqqında beynəlxalq sferada mənfi rəy yaranmasında az rol oynamadı. Bu vəziyyətin ən acınacaqlı tərəflərindən biri Azərbaycanın regionda və  beynəlxalq aləmdə təklənməsinə münbit şərait yaratması, geosiyasətin çəkişmə obyektinə çevrilməsinə yeni təkan verməsi idi.

Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və özünün getdikcə daha gərgin bir mərhələyə daxil olması fonunda belə xarici siyasət işğalçı Ermənistanın lehinə işləməyə başladı. Bu vəziyyətdə güclü erməni lobbisinin təşkil etdiyi hücumların qarşısının alınması üçün effektiv müdafiə və əks-hücum strategiyasının yoxluğu Azərbaycan üçün əlavə problemlər yaradırdı. Elə bunun nəticəsində Azərbaycan işğala məruz qalan bir dövlət olsa da, ABŞ Konqresi ölkəmizin mənafeyinin əleyhinə olaraq  "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəliş əlavə etdi. Ümumiyyətlə, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra hakimiyyətdə olan müxtəlif qüvvələrin regional və beynəlxalq münasibətlərin xarakterini, əsas tendensiyasını və axarını düzgün müəyyən edə bilməməsi, ayrı-ayrı region dövlətlərinin Azərbaycanda kəsişən və toqquşan təsir və nüfuz dairələrini düzgün qiymətləndirməkdə acizlik çəkməsi, bunun nəticəsində adekvat siyasət yeritməməsi yol verilən ciddi səhvlər olaraq dəyərləndirilirdi. Halbuki Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edəcəyi təqdirdə üzləşdiyi problemlərin həllində böyük uğurlara imza ata bilərdi. Lakin iqtidarda olan qüvvələr bu uğurlara nail olunmasında, sadəcə, acizliklərini və qabiliyyətsizliklərini aydın şəkildə nümayiş etdirirdilər.

Yalnız müasir Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinə, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən bir siyasi kurs həyata keçirilməyə başlandı. Bu fonda  dövlət institutları təkmilləşdirildi, ölkənin xarici əlaqələri genişləndirildi, yeni neft strategiyasının reallaşdırılması isə ölkənin uzunmüddətli inkişafının təməlini qoymaqla bərabər xarici siyasət sahəsində Azərbaycana böyük dividendlər qazandırdı. Xalqın iradəsi əsasında müstəqil Azərbaycanın Prezidenti seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında ulu öndər xarici siyasət məsələlərinə toxunarkən bildirmişdi: "Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir".

Geosiyasi çəkişmələrdə artıq obyekt yox, subyekt kimi çıxış edən, Avratlantik məkana fəal inteqrasiya kursu seçən Azərbaycan xarici siyasət kursunu müəyyənləşdirərkən malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu ki, bu da nəticədə təkcə ölkəmizin Qərbə yox, eyni zamanda Qərbin Azərbaycana yaxınlaşmasını şərtləndirdi. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi əhəmiyyətli və olduqca vacib geostrateji məkanda yerləşən Azərbaycan artıq dünyaya fərqli prizmadan təqdim olunmağa başlandı. Həyata keçirilən balanslı diplomatiya Azərbaycanın regionda fövqəlgüc mərkəzləri tərəfindən reallaşdırılan proseslərdə obyekt yox, subyekt olması ilə nəticələndi. Milli maraqların qorunması fonunda ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, formalaşan münasibətlərdə ölkəmizin bərabərhüquqlu tərəfdaşa çevrilməsi xarici siyasətin əsas cizgiləri sırasında yer alırdı.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Heydər Əliyev özündən əvvəl hakimiyyətdə olan qüvvələrin xarici siyasətdə yol verdikləri kobud səhvlərin aradan qaldırılması istiqamətində də ciddi addımlar atdı. Qonşu dövlətlər olan Rusiya və İranla münasibətlər normallaşdırıldı, ölkənin təhlükəsizlik problemi, onun təmin edilməsi yolları və vasitələri, qlobal və yerli təhlükəsizlik maraqlarının məharətlə uzlaşdırılması təmin edildi, geostrateji və geoiqtisadi üstünlüklərdən ölkənin milli maraqları çərçivəsində bəhrələnmək xarici siyasətin strateji vəzifələrindən birinə çevrildi. Ölkə daxilində sarsılmaz bir sabitliyin əsası qoyulduqdan sonra xarici siyasət sahəsində atılan mühüm addımlardan biri Ermənistanla gedən müharibədə atəşkəsə nail olunması oldu. 1994-cü ilin mayında əldə edilən razılaşma  yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli şərait yaradılmasında müstəsna bir əhəmiyyətə malik idi. Bu fonda Heydər Əliyev ölkəmiz əleyhinə  beynəlxalq aləmdə yaradılmış fikir cəbhəsini darmadağın edərək əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırırılmasına və beləliklə, Azərbaycan ətrafındakı informasiya blokadasının yarılmasına da nail oldu.

Bununla yanaşı, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizlərinin böyük ticarət yollarının kəsişməsində yerləşməsi ölkənin enerji və infrastruktur mərkəzinə çevrilməsində mühüm rol oynadı. Artıq xarici siyasətdə Azərbaycanın  coğrafi yerləşməsi kimi üstünlükdən istifadə edilməsi prosesinə başlandı. Ölkənin zəngin təbii sərvətlərə malik olması nəinki Azərbaycanın çiçəklənməsinə və xalqın rifahına xidmət etdi, eyni zamanda bu fakt respublikanın milli təhlükəsizliyinin, siyasi müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində mühüm amil kimi çıxış etməyə başladı. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli strategiyası Azərbaycanın xarici siyasətinin təməl daşında yer alan mühüm elementlərdən birinə çevrildi.

Ulu öndər ölkə daxilində də düşünülmüş siyasət yürütməklə bütün vətəndaşların, milli, sosial təbəqələrin, siyasi, ictimai və digər resursların Azərbaycanın müstəqil dövlətçiliyi və ərazi bütövlüyünün qorunması ətrafında səfərbər edilməsinə nail oldu. Eyni zamanda, bütün xarici siyasət resursları, diplomatik və siyasi imkanlardan istifadə etməklə Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan qoşunlarının ölkənin ərazilərini işğal etməsinin qarşısının alınması, bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması istiqamətində konrkret addımlar atıldı.

Artıq illüziyalardan xilas olaraq, real və praqmatik məzmun kəsb etməyə başlayan xarici siyasət dövlət müstəqilliyinin möhkəmləndirilməsi və onun təhlükəsizliyinin təmin edilməsi kimi vəzifələrin həllində də mühüm rol oynamağa başladı. Xarici siyasətin hüquqi əsasının yaradılması istiqamətində mühüm işlər görüldü. Bu kontekstdə Heydər Əliyevin müəllifi olduğu Konstitusiya xüsusi qeyd olunmalıdır. Belə ki, Azərbaycanın müstəqil bir ölkə olaraq həyata keçirdiyi xarici siyasətin məqsəd  və prinsipləri, əsas xüsusiyyətləri əsas qanunda öz əksini tapdı. Konstitusiyanın 10-cu maddəsində göstərilir ki, Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur. Dövlət başçısı Konstitusiya tələblərindən çıxış edərək hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət prioritetlərini müəyyənləşdirir, onun həyata keçirilməsini təmin edir. Qanunvericiliklə yanaşı, xarici siyasət sferasında digər mühüm müstəvilərdə praktiki olaraq Azərbaycanın nüfuzunun artmasına, mövqelərinin güclənməsinə xidmət edən addımlar atılırdı.

Bütün bunlar onun göstəricisi oldu ki, Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanıb və ölkəmiz bu sistemdə özünəməxsus mövqelər qazanan müstəqil tərəflərdən birinə çevrildi.

 

Beynəlxalq təşkilatlarla çoxtərəfli əməkdaşlıq

 

Birmənalı şəkildə qəbul olunan həqiqətdir ki, Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xarici siyasət sahəsində Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatların diqqət mərkəzinə çatdırılmasına və problemin çözümünə dünyanın diqqətinin artırılmasına da hər zaman mühüm önəm verir və bu məsələni beynəlxalq təşkilatlar səviyyəsində qaldırırdı. Bu fonda ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası, işğalçıların Azərbaycan torpaqlarından çıxarılması kimi önəmli məsələ BMT səviyyəsində daha çox diqqət mərkəzinə gətirilməyə başlandı. Həmçinin BMT-nin bütün dünya ölkələrini bir araya gətirmək, sivilizasiyalar və millətlər arasında dialoq qurmaq və hər bir xalqın milli və mədəni ənənələrinə hörmətlə yanaşmaq məramını əldə rəhbər tutan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, Ermənistan silahlı birləşmələrinin müstəqil Azərbaycan dövlətinə təcavüz edərək ərazilərini zor gücünə tutmasının yolverilməzliyinin daha ciddi şəkildə bu təşkilat qarşısında qaldırılmasına nail oldu. Ölkəmiz BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına da xüsusi diqqət yetirirdi.

1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdən  hər biri Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul olundu. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələblərini irəli sürür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməyib.

Bununla yanaşı, 1996-cı ildən başlayaraq BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir.  Ümumiyyətlə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-nin müxtəlif orqanlarında, o cümlədən Baş Assambleyanın işi çərçivəsində fəal iştirak edir. 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq edib. Ulu öndər, həmçinin 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısına qatılıb.  Burada ulu öndər çıxışında qloballaşma mövzusuna toxunmuş və qloballaşmanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdi.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMT İP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və digərlərini  qeyd etmək olar.

Azərbaycanla BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olub. Azərbaycan UNICEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü sıralarında yer alıb. Bununla yanaşı, ölkəmiz  BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Ölkəmiz BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMT İP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİT) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.  Xüsusilə də BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədənsonrakı bərpa prosesinə böyük yardım göstərib. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMT İP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACIS) proqramı və sair həyata keçirir.   O da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Ölkəmiz  BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir. İnsan hüquqları sahəsində Azərbaycan və BMT arasında sıx əməkdaşlıq mövcuddur.

Beynəlxalq təşkilatlar sırasında Azərbaycan Avropa İttifaqı ilə də sıx əməkdaşlıq edir. Ölkəmizlə  Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb. Onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən birini Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. TƏS-ə əsasən, Azərbaycanla Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Altkomitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Altkomitə kimi strukturlar yaradılıb.

Ölkəmizi Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım sayılır. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub. Ümumiyyətlə, AQS ölkəmiz üçün aşağıdakı imkanları yaradıb: siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olmaq imkanı; vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberallaşdırma proseslərində iştirak; Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s. Həmçinin AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan Respublikası üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Aİ proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim edib. Bu kontekstdə xüsusilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində  Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Büdcəyə dəstək, "Tempus", "Erasmus Mundus" kimi proqramlar qeyd oluna bilər.

AQS-in mərkəzi elementi isə Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks olunduğu fəaliyyət planlarıdır. Ölkəmizlə Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı il tarixində Brüsseldə AR-Aİ Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilib. Bununla yanaşı, Azərbaycan və  Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq geniş vüsət alıb. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" Azərbaycan  və Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Bu memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Aİ Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub.  Bu müddət ərzində Aİ ilə münasibətlər "MDB ölkələrinə texniki yardım" (TACIS), "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi" (TRACECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "Humanitar yardım" (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. 1 yanvar 2007-ci il tarixindən etibarən TACIS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunub. Digər bir sıra mühüm proqramlarla yanaşı, Azərbaycan  Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsündə də fəal iştirak edir.

Azərbaycanın 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan Helsinki Yekun Aktına, Paris Xartiyasına və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindəki roluna görə ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir və bu sahəyə seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr daxildir.

 

Avropa Şurasına üzvlük Avratlantik məkana inteqrasiya siyasətinə yeni töhfələr verir

 

İnkişaf strategiyasının əsas xətlərindən birini sürətli demokratik tərəqqi  təşkil edən Azərbaycan Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyir. Bu mənada xalqın iradəsini ifadə edən hakimiyyətin mövcudluğu, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılmış nailiyyətlər, insan hüquq və azadlıqlarının təmini, eləcə də bu qəbildən olan digər hallar Azərbaycanı dünya miqyasında xarakterizə edən əsas xüsusiyyətlər sırasında yer alır. Artıq sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yarada bilmiş Azərbaycan beynəlxalq səviyyədə həm də  siyasi və demokratik tərəqqi yolunda möhtəşəm  nailiyyətlərə imza atan dövlət kimi çıxış edir.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.- 22 oktyabr.- S.  4.