Texniki elmlərin
inkişafı Azərbaycanın iqtisadi müstəqilliyinə
etibarlı təminatdır
Hər bir xalqın milli ideyası onun gələcək inkişaf yolu, taktiki və strateji hədəfləri, habelə beynəlxalq münasibətlər sistemindəki yeri barədə aydın təsəvvür yaradır. Milli ideyanın önə çəkdiyi məqsədlərin mahiyyətindən asılı olaraq xalqların və dövlətlərin beynəlxalq miqyasda imici formalaşır. Başqa sözlə, əgər fərdin fəaliyyətini stimullaşdıran əsas amil onun məqsəd və arzularıdırsa, dövlətlərin uğur və inkişafını təmin edən ən mühüm meyar məhz milli ideyadır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır: onu praktik şəkildə gerçəkləşdirmək üçün ilk növbədə dövlətin mütərəqqi ideologiyası olmalıdır. Əks təqdirdə daimi inkişaf və uğurlardan söhbət belə gedə bilməz. Milli ideya dövlətlərin sosial-iqtisadi və intellektual resurslarını konkret siyasi məqsədlər naminə səfərbərliyə alır.
Əsrlər boyu azərbaycanlıların milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, xalqı aşkar-gizli mübarizə ruhunda kökləyən ən ali ideya Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi olmuşdur. Yalnız ötən əsrin sonlarında "soyuq müharibə"nin başa çatması nəticəsində cərəyan edən qlobal miqyaslı proseslərin məntiqi yekunu olaraq Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə xalqın qəlbində nisgilə çevrilmiş bu ideya deklarativ şəkildə gerçəkləşmişdir. Lakin ilkin mərhələdə, daha dəqiqi, 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının aşağı düşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər ölkənin de-fakto müstəqilliyinə imkan verməmişdir. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması isə milli müstəqillik amilinin özünün mahiyyətinə xələl gətirmişdir.
Kifayət qədər mürəkkəb və böhranlı bir şəraitdə - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın davamlı yüksəkliyə aparan mütərəqqi inkişaf strategiyasını irəli sürərək onu praktik surətdə reallaşdırmağa nail olmuşdur. Bu mənada, hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən qorumuşdur. Məhz ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilmiş, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoymuşdur. Dövlət başçısı cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında vurğulandığı kimi, "Müstəqilliyimizin ilk illərindəki hərcmərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".
Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən, ölkənin milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərini elmi şəkildə açıqlayan, yeni neft strategiyasını irəli sürən, cəmiyyətdə sabitliyin qarantı olan orta təbəqənin - sahibkarlar sinfinin formalaşması yönümündə ardıcıl addımlar atan ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirmişdir. Bu ideya respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir.
1993-2011-ci illərdə ölkədə həyata keçirilən siyasət deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçəkləşməsi, ələlxüsus da müstəqillik amilinin praktik şəkildə bərqərar olması baxımından elmi-intellektual yüksəlişi də vacib saymışdır. Elm və təhsil sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Sivil dünya gerçəklikləri ilə çuğlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişməsi məsələləri ulu öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur.
Bu siyasəti ötən 8 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional təfəkkürlü lider olaraq milli inkişafda intellektual irəliləyişə nail olmağı son dərəcə vacib sayır. Dövlət başçısı haqlı olaraq bu fikirdədir ki, ölkənin innovasiyalı inkişafına keçidin zəruriliyi insan kapitalının reallaşdırılmasına, ümumi rifah səviyyəsini təkmilləşdirmək məqsədi ilə insanların potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan elmi strategiyanın yaradılmasını şərtləndirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir. Milli elm və təhsil sistemi qloballaşan dünyanın reallıqlarını, habelə yeni nəslin yetişdirilməsi, tərbiyə olunması sahəsində ən müasir bilik və texnologiyaları, dünyada cərəyan edən pozitiv meyillərə cavab verən mütərəqqi metodları özündə əks etdirməlidir. Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi ölkədə həyata keçirilən siyasətin ümumi mahiyyətini təşkil edir.
Prezident İlham Əliyev hesab edir ki, iqtisadi
resursların insan kapitalının inkişafına yönəldilməsi
yolu ilə formalaşan yeni təfəkkürlü intellektual
elita ölkənin perspektiv inkişafının əsas
lokomotivi - aparıcı qüvvəsi kimi
çıxış edəcəkdir. Keçid
dövrünün geridə qaldığı, modernləşmə
istiqamətində davamlı tədbirlərin həyata
keçirildiyi hazırkı mərhələdə
ayrı-ayrı elm sahələrinin sanballı proqnozlarla
çıxış etməsi, elmlə iqtisadiyyatın vəhdətinin
təmini son dərəcə vacibdir. Dövlət
başçısı İlham Əliyev ölkədə
İKT-nin inkişafı ilə bağlı mühüm
işlər görüldüyünü önə çəkərək
demişdir: "Bu gün İKT sahəsində görülən
işlər ölkələrin gələcəyini müəyyən
edəcəkdir. Kim ki o sahədə bilikli və
bacarıqlı olacaqsa, o ölkənin dünyada mövqeyi
daha da güclü olacaqdır. Təbii sərvətlər
gec-tez tükənir. Bizim üstünlüyümüz
ondadır ki, bu, vardır və biz o imkanlardan səmərəli
istifadə edirik. Ancaq eyni zamanda, bu kapitalı "insan kapitalı"na
investisiya kimi qoyuruq".
Ümumiyyətlə,
möhtərəm Prezidentin istər elm, istərsə də gənclərə
qayğı sahəsində yeritdiyi siyasətin yeni mərhələyə
qədəm qoyması Azərbaycanın həm dövlət,
həm də qeyri-dövlət ali təhsil
müəssisələri qarşısında da bir sıra
mühüm vəzifələr müəyyənləşdirir.
Respublika miqyasında tanınmış ali
məktəblərdən biri olaraq zəngin ənənələri,
kadr potensialı və elmi nailiyyətləri ilə bir
sıra uğurlara imza atmış Azərbaycan Texniki
Universiteti (AzTU) də fəaliyyətində dövlət
başçısının dövrün tələblərinə
əsaslanaraq irəli sürdüyü mütərəqqi
prinsiplərə, qlobal çağırışlara söykənir.
Prezident İlham Əliyevin elm və təhsil
strategiyasını əldə rəhbər tutan universitet nəinki
nüfuzunu və elmi səviyyəsini qoruyub saxlayır, eyni
zamanda fəaliyyətini qloballaşan dünyanın yeni tələblərinə
uyğun qurur.
AzTU uzun
illər ərzində qazandığı nailiyyətləri zənginləşdirməklə
respublikamız və bir sıra xarici dövlətlər
üçün layiqli mütəxəssislər, yüksək
səviyyəli kadrlar hazırlamağa qabil ali
təhsil ocağı kimi hazırkı mərhələdə
üzərinə düşən məsuliyyəti
düzgün dəyərləndirmək imkanındadır.
Qürur hissi ilə deyə bilərik ki, 20 illik müstəqillik
dövründə universitet ölkə iqtisadiyyatının
müxtəlif sahələrində uğurla
çalışan çoxsaylı məzunları -
ixtisaslı kadrları ilə Azərbaycanın
inkişafında böyük izlər qoymuş, özünəməxsus
elm və təhsil ənənələri
formalaşdırmışdır. Azərbaycan Texniki Universiteti müstəqil
ali məktəb kimi fəaliyyət
göstərməyə başladıqdan sonrakı dövr ərzində
müxtəlif ixtisaslar üzrə 90000 nəfərdən
çox mühəndis, bakalavr və magistr
hazırlamışdır. AzTU-nun
auditoriyalarında yetişmiş intellektual səviyyəli, vətənpərvər
ziyalılar onun layiqli ənənələrini, nüfuzunu daim
qoruyub saxlamış, estafeti özlərindən sonrakı nəsillərə
ötürmüşlər. Müstəqilliyimizin 20 ili ərzində yetişən məzunlarımız
da artıq Azərbaycan elmində, təhsilində, sənayesində
öz sözlərini deyirlər.
İqtisadi
sahədə keçid dövrünün geridə
qaldığı keyfiyyətcə yeni mərhələdə
universitetin qarşısında duran başlıca vəzifələrdən
biri texniki elmlərin davamlı inkişafına nail olmaq,
müasir innovasiyaları, "nou-hau"
texnologiyalarını mənimsəməkdir. 2009-cu ildə Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı
Fondunun yaradılması, texniki elmlərin inkişafı
üçün universitetlərdə və Milli Elmlər
Akademiyasının institutlarında maddi-texniki bazanın
gücləndirilməsi, iqtisadi kapitalın insan kapitalına
çevrilməsi istiqamətində tədbirlərin həyata
keçirilməsi bu sahədə geniş imkanlar
açmışdır. Azərbaycanın neft ölkəsi
olması ilə əlaqədar son illər respublikaya müasir
texnologiyaların gətirilməsi, Sumqayıt Texnoloji
Parkının yaradılması, metallurgiya kimi ağır sənaye
sahələrinin inkişafına böyük həcmdə
investisiyanın qoyulması texniki ali məktəblərdə
mütəxəssis hazırlığının yeni keyfiyyət
mərhələsinə qədəm qoymasını təmin
etmişdir.
Bir məqamı
xüsusi vurğulamaq istərdik ki, dünyada texnika və
texnologiyanın inkişafı sonuncu iki yüzillikdə, əsasən,
metal istehsalından, metal texnologiyasının
inkişafından asılı olmuşdur. Bu
asılılıq metal materiallarının spesifik xassələrinin
olması ilə əlaqədardır. İnsan cəmiyyəti
yaranandan metal və metal məmulatlara ehtiyac olmuşdur. Metal, xüsusilə polad istehsalı XIX əsrin ortalarından
başlayaraq sürətlə inkişaf etmişdir.
Hansı ölkələrdə metal istehsalı inkişaf
etmişdirsə, həmin ölkələr elmi, iqtisadi, hərbi
və mədəni cəhətdən yüksəliş yolu
keçmişlər. Metallurgiya sənayesinin
inkişaf etməsi digər sənaye sahələrinin -
maşınqayırma, cihazqayırma, avtomobilqayırma,
energetika sənaye sahələrinin və eləcə də məişət
texnikasının inkişafını şərtləndirir.
Bütün bu reallıqlar Azərbaycan Texniki
Universitetinin də fəaliyyətində xüsusi nəzərə
alınır, metallurgiya sahəsinin inkişaf perspektivlərinin
elmi cəhətdən öyrənilməsi istiqamətində
sistemli tədbirlər görülür.
Universitet dövrün
çağırışlarını nəzərə alaraq
təlim-tədris prosesinin müasirləşdirilməsini, ilk
növbədə informasiya-kommunikasiya texnologiyalarının
inkişafını vacib sayır. Azərbaycan Prezidenti İlham Əliyevin
"2008-2012-ci illərdə təhsil sahəsinin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"nın təsdiq edilməsi
haqqında sərəncamına uyğun olaraq AzTU-da kompleks
islahatlar həyata keçirilir. Bu gün 700-dən
çox müasir kompyuter tələbə və
professor-müəllim heyətinin istifadəsinə
verilmişdir. Bütün kafedralar
kompyuterləşdirilmiş, 10-dan çox kompyuter sinfi, 200-dən
çox kompyuteri olan informasiya-tədris mərkəzi
yaradılmışdır.
Tələbələrin biliyinin qiymətləndirilməsi
üçün universitetin əməkdaşları və tələbələri
tərəfindən müasir kompyuter proqramı hazırlanaraq
müvəffəqiyyətlə tətbiq edilmişdir. Bu proqram eyni
vaxtda müxtəlif fənlərdən imtahanların
aparılmasına, habelə eyni qrup tələbələrinin
isə eyni fəndən müxtəlif auditoriyalarda imtahan vermələrinə
imkan yaratmışdır. 2008-2009-cu dərs
ilinin yay imtahan sessiyasından etibarən bu proqram tam
gücü ilə işləyir.
Son illərdə universitetə ilk dəfə olaraq
müasir kommunikasiya texnologiyaları - CAD-CAM texnologiyaları
ilə idarə edilən unikal maşınqayırma dəzgahları
alınaraq Tədris-Texnoloji Mərkəz
yaradılmışdır. Mühüm nəticələrdən
biri də telekommunikasiya istiqamətləri bazasının
tamamilə müasirləşdirilməsidir. Belə ki, AzTU-da müasir tipli elektron ATS
quraşdırılmış, "ETİ"
firmasının köməyi ilə kommunikasiya sistemləri
üzrə güclü laboratoriya bazası
yaradılmışdır. "Çoxkanallı
telekommunikasiya sistemləri" kafedrasının bazası
yenidən qurulmuş, "Radiotexnika" kafedrası
radiosiqnalların ötürülməsi və qəbulu
sistemi ilə təchiz edilmişdir. "Telekommunikasiya
texnologiyaları və şəbəkələri"
kafedrasında informasiya şəbəkələrinin təhlükəsizliyi
ilə bağlı kadr hazırlığı məqsədilə
müasir proqramlarla təchiz edilmiş laboratoriya kompleksi
yaradılmışdır. "Elektrodinamika
və radioelektron vasitələr" kafedrası
üçün elektromaqnit sahəsinin ölçülməsi
məqsədi ilə qurğu alınmış və digər
audio-video texnikası ilə təchiz edilmişdir. Fakültədə TACIS proqramı əsasında
yaradılmış xüsusi laboratoriya fəaliyyət
göstərir. Laboratoriyadan həm tələbələr,
həm də digər mütəxəssislər istifadə
edirlər.
Hər
bir ali təhsil müəssisəsinin
uğurlarını təmin edən əsas amillərdən
biri də yeni dövrün tələb və
reallıqlarının maksimum dərəcədə nəzərə
alınması, təhsilin məzmun və formaca müasirləşdirilməsi,
maddi-texniki bazanın, infrastrukturunun yeniləşdirilməsidir.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən
AzTU-da ikisəviyyəli təhsil sisteminə - bakalavr və
magistr hazırlığına keçilmişdir. 20 ildə kifayət qədər təcrübə
toplanmış, tədris-metodiki baza
formalaşmışdır. Qloballaşan
dünyanın çağdaş inkişaf meyilləri bir
sıra yeni ixtisaslar üzrə kadr
hazırlığını aktual məsələ kimi önə
çıxarmışdır. Bunlardan müasir
dövrün tələblərinə uyğun olan, informasiya və
kommunikasiya texnologiyaları sahəsində mütəxəssis
hazırlığına şərait yaradan "Məlumatların
mühafizəsinin texnologiyası və təşkili",
"Kompyuter təhlükəsizliyi",
"Avtomatlaşdırma və informasiya texnikası (TEMPUS
layihəsi üzrə)",
"Gömrük, ixrac və
idxal nəzarəti cihaz və sistemləri",
"Elektron və poçt rabitəsi", "Bioloji-tibbi
praktikada mühəndis işi", "Kompyuter elmləri",
"Kompyuter mühəndisliyi",
"Maşınqayırmada kompyuter texnologiyaları",
"Kompyuter texnikasının layihələndirilməsi,
konstruksiya edilməsi". "Nəqliyyat vasitələrinin
elektronikası və elektrik avadanlığı (avtomobil nəqliyyatı
üzrə, TEMPUS layihəsi üzrə)" və digər
ixtisasları göstərmək olar.
Son illərdə
universitetin maddi-texniki bazasının,
iş şəraitinin yaxşılaşdırılması tədbirlərini
də xüsusi qeyd etmək lazımdır. 20
ildən çox müddətdə tikintisi
yarımçıq qalan, 10 min kvadratmetr sahəsi olan 6-7 mərtəbəli
tədris binasının inşası başa
çatdırılmışdır. Yeni
binada universitetin müasir informasiya texnologiyaları ilə təchiz
olunmuş yeni kitabxanası, qiraət zalları
üçün sahə nəzərdə tutulmuşdur.
Bütövlükdə universitet kafedralarının,
auditoriya və tədris laboratoriyalarının yeni
avadanlıq və inventarlarla təchizatı həyata
keçirilmişdir.
Hazırda
Azərbaycan Texniki Universitetində 9 fakültə, 47 kafedra, 1
elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası, 550000 kitab
fonduna malik əsaslı kitabxana fəaliyyət göstərir.
Burada 26 istiqamət və 68 ixtisas üzrə
bakalavr və magistr hazırlığı həyata
keçirilir. Universitetdə 610 nəfər
professor-müəllim, o cümlədən 100-dən çox
elmlər doktoru, professor, 340 elmlər namizədi, dosent 7 mindən
çox tələbənin təlim-tərbiyəsi ilə məşğul
olur.
2010-cu ildə Azərbaycan Texniki Universiteti MDB ölkələri
Hümanitar Yardım Fondunun qrantını
qazanmışdır və bu da təhsil ocağına həmin
məkandakı elektron kitabxanalara ödənişsiz giriş
imkanı vermişdir.
Universitetin kadr potensialının formalaşmasında
onun məzunlarının böyük xidmətləri var -
AzTU-nun 360 nəfər məzunu hazırda elmi-pedaqoji fəaliyyətlə
məşğuldur. Bunların 45 nəfəri elmlər
doktoru, professor, 270 nəfəri isə elmlər namizədi,
dosentdir. Bu alimlərin rəhbərliyi
altında 18 elmi-tədqiqat laboratoriyası mühüm əhəmiyyət
daşıyan elmi istiqamətlər üzrə tədqiqatlar
aparır. Müasir dövrün tələblərinə
uyğun olaraq AzTU-da "Nanostrukturlu materialların sintezi və
tətbiqi problemləri", "Neft və neft məhsullarının
istilik-fiziki xassələri" elmi-tədqiqat
laboratoriyaları fəaliyyətə
başlamışdır.
2000-2010-cu illərdə AzTU-nun müəllimləri tərəfindən
100-dək patent və ixtira alınmışdır. 2009-cu ildə
universitet əməkdaşları tərəfindən 1
Avrasiya patenti alınmışdır. Universitetdə
elmi-pedaqoji kadrların hazırlığı məsələsinə
də ciddi fikir verilir. Son 10 ildə 6 müxtəlif
ixtisası özündə birləşdirən 2 doktorluq
dissertasiya şurasında 24 nəfər elmlər doktoru, 80-dək
elmlər namizədi hazırlanmışdır.
AzTU-da aparılan elmi işlərin dünya elminə
inteqrasiyası da daim diqqət mərkəzində olmuşdur. 2005-2010-cu illərdə
AzTU-da 10-dək beynəlxalq konfrans keçirilmişdir. Son illər alimlərimiz tərəfindən xarici
ölkələrin elmi məcmuələrində 600-dək
elmi məqalə nəşr edilmişdir. Yalnız
2009-cu ildə dünyanın ən nüfuzlu elmi məcmuələrində
25 elmi əsər nəşr edilmişdir.
Bu gün
AzTU-nun 10-dək gənc alimi Almaniyanın müxtəlif ali məktəblərində və elm-istehsalat
müəssisələrində müvəffəqiyyətlə
çalışır. Son on ildə 60 nəfərdən
çox universitet əməkdaşı Alman Akademik Mübadilə
Xidməti (DAAD) xətti ilə Almaniyanın müxtəlif ali məktəblərində
elmi stajkeçmədə olmuşdur.
Son illərdə universitetin avtomatika və kompyuter
texnikası fakültəsində yeni tədris
laboratoriyaları yaradılmışdır. Burada avtomatika
və idarəetmə fənni üzrə 50-dən çox
laboratoriya işini yerinə yetirmək üçün
xüsusi qurğu alınmışdır. Energetik sistemlərin avtomatik idarə edilməsi
ixtisası üzrə Fransanın ŞNAYDER firmasının
hazırladığı müasir laboratoriya kompleksi
yaradılmışdır. Eləcə də
kompyuterlərlə təchiz edilmiş xüsusi laboratoriya təşkil
edilmiş və paket proqramlarla təchiz olunmuşdur. Burada robotlarla idarə olunan
avtomatlaşdırılmış sistemlər laboratoriyası
fəaliyyət göstərir. Həmçinin,
energetik sistemlərdə proseslərin idarə olunması
üçün SCADA tipli intellektual və
çoxfunksiyalı inteqrasiya olunmuş laboratoriya
avadanlıqları da quraşdırılmışdır.
Avtomatika və kompyuter texnikası fakültəsində
"Mikrosoft" firmasının Akademiyası
yaradılmışdır.
2008-ci il mayın 8-də isə respublikanın
regionları və xarici dövlətlərlərin universitetləri
ilə əlaqə saxlamaq üçün universitetin yeni
"Videokonfrans" mərkəzinin təntənəli
açılışı olmuşdur. Mərkəzin
açılmasında Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin və onun tabeçiliyində olan
müəssisələrin ciddi köməyi olmuşdur.
Müasir tələblərə cavab verən maddi-texniki
bazaya və professor-müəllim heyətinə malik olan AzTU təhsilin
Avropa standartlarına uyğunlaşdırılması, Bolonya
Deklarasiyasının şərtlərindən irəli gələn
prinsiplərin respublikada tətbiqi istiqamətində də
öncüllüyünü qoruyub saxlayır. 2006-cı ildən
əvvəlcə Radiotexnika və rabitə fakültəsində,
sonra Avtomatika və kompyuter texnikası, Mühəndis biznesi və
menecment fakültələrində, 2009-2010-cu tədris ilindən
başlayaraq isə bütövlükdə universitetdə kredit
sisteminə keçilmişdir. 2008-ci ildə
bütün ixtisaslar (proqramlar) üzrə dövlət təhsil
standartları və tədris planları çoxballı
sistemin tələbinə uyğun hazırlanmışdır.
Universitetin fəaliyyətini səciyyələndirən
mühüm cəhətlərdən biri də burada tədrisin,
elmi-tədqiqat işlərinin istehsalatla sıx əlaqələndirilməsidir. Burada metallurgiya,
maşınqayırma, nəqliyyat, avtomatika, telekommunikasiya,
energetika və s. sahələr üzrə mühüm elmi-tədqiqat
işləri aparılır və alınan nəticələr
istehsalata tətbiq edilir.
Respublikada gənclərin sağlam ruhda böyüməsi,
mənəvi-fiziki tərbiyəsinin gücləndirilməsi məqsədilə
həyata keçirilən kompleks tədbirlərə AzTU da
öz töhfəsini verməyə çalışır. Hələ
1973-cü ildən burada İdman Sarayı fəaliyyət
göstərir. Sarayın 500 nəfərə
qədər tamaşaçı tutan böyük zalında
respublika və beynəlxalq miqyaslı idman yarışları
keçirilir. Tələbə
idmançılarımız müxtəlif idman növləri
üzrə keçirilən yarışlarda fəal
iştirak edirlər.
Azərbaycan Texniki Universitetinin mühüm
uğurlarından biri də onun beynəlxalq əlaqələrinin
müasir dövrün tələblərinə uyğun
qurulmasıdır. Ümumiyyətlə, 2000-ci ildən etibarən
universitetin beynəlxalq əlaqələri intensiv şəkildə
inkişaf etmişdir. AzTU hazırda Qara dəniz,
Xəzəryanı dövlətlərin universitetləri
assosiasiyalarının, eləcə də MDB Ali Texniki Ali Məktəblər
Assosiasiyasının üzvü kimi həmin qurumlar tərəfindən
keçirilən tədbirlərdə fəal iştirak edir.
Təhsil müəssisəmiz DAAD və TEMPUS
proqramı çərçivəsində Almaniya universitetləri
ilə sıx əməkdaşlıq edir. Belə universitetlər sırasında həmçinin
Aaxen Texniki Universitetini, Köln Tətbiqi Elmlər
Universitetini, Karlsruhe Texniki Universitetini və Braunşvayq
Texniki Universitetini misal göstərmək olar. Almaniya
universitetləri ilə mühəndis hazırlığı
həyata keçirən ali məktəblərin,
o cümlədən AzTU-nun əlaqələrinin digər vacib
sahəsi TEMPUS proqramı ilə bağlıdır. Avropa Birliyinin Təhsil və Mədəniyyət
üzrə Komissiyasının dəstəyi ilə 2000-2011-ci
illərdə AzTU-da 3 TEMPUS layihəsi yerinə
yetirilmişdir. Bu layihələr
Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər
Universitetində birgə həyata keçirilmişdir.
"Azərbaycan Texniki Universitetinin elektrotexnika fakültəsində
tədrisin müasirləşdirilməsi" adlanan layihə
çərçivəsində "Elektroenergetika",
"Avtomatika və informasiya texnikası" və
"Avtomobillərin elektrik və elektron
avadanlıqları" ixtisaslarının
açılması və mütəxəssis
hazırlığı həyata keçirilmişdir. Layihənin
yerinə yetirildiyi dövrdə seçilmiş müəllimlər
Almaniyanın Köln Universitetinə və Hollandiyanın
Heerlen Tətbiqi Elmlər Universitetinə ezam olunmuşlar. AzTU-da "Elektron Universitet" layihəsinin həyata
keçirilməsi istiqamətində ciddi işlər
aparılır. Cənubi Koreya
Respublikasının "Coica" beynəlxalq əməkdaşlıq
təşkilatı ilə birgə böyük layihə
reallaşdırılır. Artıq ciddi nəticələr
əldə olunmuş və bu günlərdə Təhsil
Nazirliyində müvafiq saziş imzalanmışdır.
2011-ci ildə
Azərbaycan Texniki Universiteti ADNA və SDU, Almanyianın
Köln Universiteti, Polşanın Varşava, Avstriyanın
Qraç universitetləri ilə birgə yeni TEMPUS layihəsinin
qalibi olmuşdur.
Müasir dünyada rəqabətə davam gətirmək üçün dövlətlər ərazisinə, əhalisinə, təbii resurslarına deyil, məhz intellektual potensiallarına istinad edirlər. Bu reallıq fonunda Azərbaycanda innovasiya təfəkkürünə malik olan, cəmiyyətin, dövlətin daha intensiv inkişafına kömək edən kreativ və ixtisaslı kadrların yetişdirilməsi ali məktəblər qarşısında ən vacib məsələlərdən biridir. Müstəqil Azərbaycanın qazandığı böyük iqtisadi nailiyyətləri qabarıq hiss edən Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti də ölkədə elmin, təhsilin inkişafı naminə bütün imkanlarını səfərbər edir, dövlət başçısının alimlər qarşısında müəyyənləşdirdiyi vəzifələri gerçəkləşdirməyə çalışır.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin
rektoru,
Professor
Azərbaycan.- 2011.-22 oktyabr.- S. 5.