Bu söz necə yazılmalıdır?

 

"Keşməkeşli", yoxsa "kəşməkəşli" 

 

Xeyli vaxtdır ki, bu sözün yazılışı ilə bağlı sual qarşısında qalmışıq. Təbii ki, biz öz yazılarımızda "keşməkeşli" kimi yazdığımız sözü çox vaxt qəzet səhifəsində "kəşməkəşli" oxuyanda təəccüblənirik. Etirazımıza cavab olaraq korrektorlar 2004-cü ildə işıq üzü görmüş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əsasən belə etdiklərini söyləyirlər. Hər dəfə də bu "düzəliş" üzərində yaranan mübahisə narazılıqla tamamlanır. Bəs haqlı kimdir? Yazan, yoxsa pozan?

Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları" əsasında hazırlanmış "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə "kəşməkəş", "kəşməkəşli" ifadələrinə rast gəlinir. Maraqlıdır ki, bu lüğətdən bir il sonra filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Ağamusa Axundovun çapdan çıxmış "Azərbaycan dilinin izahlı lüğəti" kitabında "keşməkəşli" yazılıb. Sözün mənası "dartışma", "keşməkeşli" kimi izah edilib. Burada bir diqqətçəkən məsələ də var ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabının redaktoruön sözün müəllifi də Ağamusa Axundovdur. Bəs onda bu kitabların hansına istinad edək? Hər halda "Azərbaycan dilinin izahlı lüğəti" orfoqrafiyadan bir il sonra işıq üzü görüb. Bu da əsas sayıla bilmir. Müəyyən araşdırmalar apardıq. İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizi qazandıqdan sonra çap edilmiş müxtəlif yöndən olan lüğət kitablarında yenə də ikitirəliyə rast gəldik. Məsələn, "Azərbaycan dilinin izahlı lüğəti"ndə (1983) "keşməkeş", "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (1976) "kəşməkəş" göstərilib. Hər iki kitab da "Elm" nəşriyyatında çap edilib. Sovet dövründə nəşr edilən "Məktəblinin orfoqrafiya lüğəti"ndə "keşməkeş", 2004-cü ildə işıq üzü görə, "Məktəblinin orfoqrafiya-orfoepik-qrammatika lüğəti" kitabında isə "kəşməkəşli" yazılıb.

İstər klassik şair və yazıçıların, istərsə də müasir ədib və nasirlərin, tənqidçilərin qələmə aldığı bədii və elmi əsərlərdə bu söz əsasən "keşməkeşli" yazılıb. Məsələn, "Keşməkeşli ömür yolumu xatırladıqca ürəyim qan ağlayır" (Ə.Vəliyev,  "Budağın xatirələri" əsərindən). "Keşməkeşli həyatın hər üzünü görmüşdü" (V.Babanlı, "Bulanıq dünya" romanından). Belə nümunələri çox çəkmək olar. Bəs dilçi alimlər, ədəbiyyatşünaslar nə fikirləşirlər?

 

AMEA-nın akademiki Bəkir Nəbiyev:

- Birmənalı olaraq "keşməkeşli" yazılmalıdır. Azərbaycan dilinin özünün daxili qanunları tələb edir bunu. Müzakirəyə ehtiyac yoxdur. Orfoqrafiya lüğətində bu söz ya o kitabın korrektorunun səhvidir, ya da hazırlama prosesində yanlışlığa yol verilib. Təəssüf ki, meyar da belə hazırlananda insanlar çaşbaş qalırlar. Mən "Azərbaycan" qəzetinə minnətdarlıq edirəm ki, belə mövzulara toxunur. Heç olmasa yeni nəşr hazırlananda müəyyən səhvlər aradan qaldırılar.

 

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev:

- Doğrudur, orfoqrafiya lüğətində bu söz "kəşməkəşli" yazılıb. Amma bizim hamımız "keşməkeşli" deyirik, elə o cür qələmə alırıq. Azərbaycan dilinin ahəng qanunu var. Ona əməl etmək hamının borcudur. Təəssüf ki, 2004-cü ildə çap edilmiş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni hazırlayanlar Əliheydər Orucovun sovet dövründə nəşr olunmuş eyniadlı kitabının üzünü köçürüblər, heç onun adını da müəlliflər sırasına salmayıblar. Əlavə etdikləri bir çox sözlər yanlış yazılıb. Bu da hamını çaşdırır.

 

Xalq şairi, ədəbiyyatşünas-alim Nəriman Həsənzadə:

- Əlimə qələm alan gündən "keşməkeşli" yazıram. İllərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. Mənim tələbələrim bu cür yazırlar. "Kəşməkəş" sözü tamamilə mənasız ifadəsizdir. Əgər həmin orfoqrafiya lüğətində "keşkə", "keşkələnmə", "keşkələnmək", "keşkəli" sözləri varsa, bəs nədən "kəşməkəşli" yazıblar? Tamamilə səhvdir.

Rəyləri uzatmağın əhəmiyyəti yoxdur. Sadəcə olaraq "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təkcə oxucunu qələm əhlini çaşdırmır. Ali məktəbə qəbul imtahanları verən abituriyentlər bu sözü necə yazmaq barədə çətinlik çəkirlər. "Kəşməkəşli" yazırlar - düz deyil, "keşməkeşli" yazırlar - səhv hesab edilir. Ona görə növbəti lüğəti nəşrə hazırlayanlar dilimizin bütün üslubuna, ahəng qanununa ciddi riayət etməyə səy göstərməlidirlər. Ona fərəhlənmək qürurlanmaq azdır ki, çap edilən sonuncu orfoqrafiya lüğətində 80.000 söz vardır. Əsas odur ki, sözlərin düzgün yazılışı göstərilsin.

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-22 oktyabr.- S.  7.