Kitab oxumaq həyat
tərzinə çevrilməlidir
Kitab bilik mənbəyi olmaqla yanaşı həm də mədəniyyət daşıyıcısıdır. İnkişaf etmiş xalqlar kitaba xüsusi önəm verir. Onun yaranmasına, mövzusunun aktuallığına, nəşrinə və təbliğinə qayğı ilə yanaşırlar. Məsələn, Almaniyada keçirilən Frankfurt Beynəlxalq Kitab Yarmarkasının 500 ilə yaxın yaşı var. Hər sərgi mövsümü bura 400 mindən çox kitab çıxarılır. Bəlkə də dünyanın elə bir ölkəsi yoxdur ki, bu sərgidə təmsil olunmasın. Qocaman yarmarkanın qəribə cəhətlərindən biri də odur ki, pavilyonun böyük bir hissəsi dünyanın müxtəlif ölkələrindən gətirilmiş bukinist kitablara ayrılır. Müxtəlif dillərdə 200, 300 yaşı olan könə kitablar da satılır.
Son illər respublikamızda da poliqrafik baxımdan keyfiyyətli, mövzu aktuallığına görə çox dəyərli kitabların nəşri artır, kitab sənayesi yeni nailiyyətlər qazanır. İnsafən kitab oxuyanlarımız da çoxalır. Elə bu ay ölkəmizdə keçirilən İkinci beynəlxalq kitab sərgi-yarmarkası dediklərimizi sübut edir. 120 yerli, 25 xarici ölkəni təmsil edən 35 çap və poliqrafiya müəssisəsi sərgidə təmsil olundu. Müstəqilliyimizin 20 illiyi ərəfəsində başqa tədbirlərlə yanaşı, kitab nəşri və təbliğinə həsr edilən bu mühüm tədbir də böyük təntənə ilə qeyd edildi. Sərgiyə çıxarılan kitablar vasitəsilə xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, bugünkü inkişaf səviyyəsi barədə geniş məlumatlar almaq mümkün idi. Yerli və xarici oxucular da bu fürsəti qaçırmadılar.
Ölkənin bütün nəşriyyatları sərgidə fəal iştirak etdi. "Azərnəşr"in çoxprofilli çap məhsulları yarmarkada geniş yer tuturdu, nəzərdən qaçan sahə yox idi. Ulu öndər Heydər Əliyevin nəfis şəkildə çap olunmuş "Müstəqilliyimiz əbədidir" çoxcildliyindən tutmuş serb yazarı Milorad Paviçin "Xəzər lüğəti"nədək hər bir kitab oxucuları cəlb edirdi. "Azərnəşr"in baş redaktoru Əlövsət AĞALAROV qırx ilə yaxındır ki, naşirdir, ömrünü kitab çapı işinə sərf edib, necə deyərlər kitab xiridarıdır. Əlövsət müəllim belə sərgilərin keçirilməsinin müsbət nəticələrindən danışdı:
- Kitab müqəddəs anlayışdır, kitabçılıq da müqəddəs işdir. Bu işlə məşğul olan bilməlidir ki, onun istehsal etdiyi məhsul millətinin inkişafına, ictimai şüurunun düzgün formalaşmasına xidmət edir. Qaldı bu cür sərgilərin keçirilməsinə, nəşriyyatlar kitab çapı ilə bağlı dünyadaki yeniliklərlə tanış olur, bilir ki, hansı yazarlar və hansı mövzuda kitablar daha çox oxunur, kitab nəşrində yeni kompyuter proqramları, mətbəə avadanlıqları, yeni boyalar, yeni kağızlar, bir sözlə, kitabı ərsəyə gətirən sənaye sahəsində təzə nə varsa öyrənir. Oxucular da dünyada çıxan yeni nəşrlərdən xəbər tutur, öz nəşrlərimizi görür, alıb oxuyur. Nəşriyyatların barometri kitab mağazalarıdır, satılan kitablardır. Oradan aydın olur ki, bu nəşriyyatın məhsulu bazarda necə gedir. Yəni hansı məhsulu çap etsə, ona gəlir gətirər və cəmiyyətə xeyri dəyər. Azərbaycan kitabını dünyaya tanıtdırmaq və kitabın şöhrətini artırmaq məqsədilə bayram ərəfəsində belə bir sərginin keçirilməsi mühüm hadisə idi. Bunu biz kitabçılar daha yaxşı bilirik. Belə tədbirlər çap məhsullarımızın dünya bazarına çıxarılmasına təkan verir, kitaba marağı artırır. 2009-cu ildə keçirilən beynəlxalq sərgidə 30 mindən artıq adam iştirak etmişdi. 2011-ci ilin oktyabrında keçirilən sərgiyə isə 50-60 min oxucu qatılmışdı, insanlar kütləvi şəkildə axışırdı, valideynlər uşaqları ilə gəlirdilər. Görürsünüz fərq nə qədər böyükdür? Sizlər də buna şahidsiniz. Deməli, kitaboxuma mədəniyyəti yavaş-yavaş vərdişə çevrilir.
Sərgidə hər nəşriyyat ona verilmiş bir neçə kvadratmetrlik ərazidə çap məhsullarını sərgi-satışa çıxarmışdı. Mövzu rəngarəngliyinə gəlincə, Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən, onun yaratdığı fəlakətdən, erməni təcavüzü nəticəsində dağıdılmış tarixi-mədəni abidələrimizdən, erməni vəhşiliklərindən, Xocalı soyqırımından, 1915-ci ildə daşnakların uydurduğu qondarma erməni soyqırımından bəhs edən kitablar müxtəlif dillərdə nəşr olunaraq sərgidə nümayiş olundu və satıldı. Ölkəmizin son illər hər sahədə qazandığı uğurlarından, iqtisadi və sosial tərəqqisindən, regionda liderliyindən bəhs edən yüksək tərtibatlı nəşrlər dünyanın müxtəlif ölkələrindən gəlmiş kitab mütəxəssislərinin diqqətindən yayınmırdı. Bu sırada "Azərnəşr"in məhsulları da görünən idi. Bu kitablar oxuculara xalqımızın böyük şəxsiyyətlərini tanıtmaqla yanaşı, cəmiyyətimizin həyatında aktuallığını itirməyən mövzulara diqqət yetirmək baxımından da müstəsna əhəmiyyət daşıyır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yüksək səviyyədə keçirilən beynəlxalq sərgi dövlətin maliyyə dəstəyi ilə gerçəkləşdi. Dövlətin məqsədi də kitabı sevmək və yetişən nəslə sevdirməkdir. Bu baxımdan nazirlik çap məhsullarını nümayiş etdirmək və satmaq məqsədilə nəşriyyatlara heç bir fərq qoymadan hər cür şərait yaratmışdı. Mən naşir kimi dünyanın bir neçə beynəlxalq kitab sərgisində olmuşam, Frankfurta da getmişəm. Sözlə ifadə olunmayacaq çox möhtəşəm kitab sərgilərinin iştirakçısı olmuşam. Tam səmimi deyirəm, 2011-ci ilin oktyabrında keçirilən sərgini onlara bərabər tuturam. Məhz bu sərgidən sonra yaranan qənaət belədir ki, ölkəmizdə kitab nəşri, kitab mədəniyyəti formalaşır, inkişaf edir. Uşaq nəşrləri, folklor nümunələrinə aid kitablar sözün əsl mənasında dünya çapı səviyyəsində idi.
"Azərnəşr"də ulu öndər Heydər Əliyevin oxuculara təqdim olunan "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 36-cı cildi də sərgi ərəfəsində çap olundu. Biz onu da mühüm tədbirə aparmışdıq. Bu cildlərdə böyük liderin gərgin fəaliyyəti, neft müqavilələri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyindən bəhs edən materiallar toplanıb. Bundan başqa, "Azərnəşr" Prezident İlham Əliyevin "İnkişaf - məqsədimizdir" çoxcildliyinin də nəşrinə başlayıb. Artıq 7 cild işıq üzü görüb. Bu cildlərdə müstəqil Azərbaycan dövlətinin möhkəmlənib inkişaf etməsi, sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması üçün aparılan islahatlar və başqa materiallar toplanıb. Özünüz də gördünüz ki, həm poliqrafik tərtibatı, həm də dəyərinə görə necə maraqla qarşılanırdı. "Azərnəşr"in tematikası çoxprofillidir. Bu sıradan qondarma soyqırımı məsələsini həmişə diqqətdə saxlayır. Yəni sərgiyə çıxardığımız kitabların əsas hissəsi bu mövzunu əhatə edirdi. Ermənilər güclü diaspor və lobbi yaratmaqdan başqa dünyada kitabla da təbliğat-təşviqat aparırlar. Mən Frankfurt sərgisində bunun şahidi oldum. Onlar dünyaya hay-küy salaraq qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşırlar. Ancaq bizim tutarlı faktlarımız daha çoxdur. Ona görə ki, istinad etdiyimiz mənbələrin çoxu məhz erməni tarixçiləri və tədqiqatçılarıdır. Dünya və ermənilər özləri bu dəfə əsl həqiqəti öz tədqiqatçı və tarixçilərinin dilindən eşidəcək. Bundan başqa, Amerika, fransız, alman və yəhudi mənşəli müəlliflərin də kitablarının ingilis, rus və fransız dillərində nəşrinə hazırlaşırıq. Bir neçəsini müxtəlif dillərdə nəşr edib sərgiyə də çıxarmışıq. Avstriya yazıçısı Erik Fayqlın bu mövzuda bir neçə kitabını "Azərnəşr" çap edib. Mədəniyyət və Turizm Nazirliyi bu mövzuda hər an bizə dəstək verir. Hətta bu cür kitabların başqa ölkələrdən tapılıb gətirilməsi üçün yardımını da əsirgəmir. Türkiyəli tədqiqatçı Mehmət Pərinçək neçə illərdir Moskva Dövlət Hərb Arxivində 1915-ci ildə baş verən hadisələri araşdırır. Onun üzə çıxardığı unikal sənədləri özünün heç bir şərhi, müdaxiləsi olmadan, yalnız faktlar əsasında bir neçə kitab şəklində çap etmişik, bir neçəsinin də nəşrinə hazırlaşırıq. Bunlar elə fakt və sənədlərdir ki, təkzib olunacaq yeri yoxdur, "erməni soyqırımı" anlayışını darmadağın edir. Görkəmli türk yazarı Yılmaz Dikbaşın bu mövzuda əsərləri neçə illərdir dünyada əks-səda doğurub. İndiyədək onun üzə çıxardığı faktları, dəlilləri təkzib edən bir tarixçi, tədqiqatçı olmayıb. Halbuki onun kitabları dünyanın əksər ölkələrində yayımlanıb. Lakin bu faktların qarşısında susurlar. Biz bu nadir kitabın da nəşrinə hazırlaşırıq. Məsələ ilə bağlı Türkiyəyə gedəcəyəm. Necə deyərlər, "100 illiyə" biz daha güclü hazırlaşırıq. İnanın, Mehmet Pərinçəkin kitablarının təkrar nəşrinə başlayacağıq, saysız-hesabsız sifariş almışıq. Azərbaycan oxucusunun fəallığı, yüksək vətəndaşlıq mövqeyi bizi sevindirir.
Sərgidə maraq doğuran nəşrlərdən biri də serb yazarı Milorad Paviçin "Xəzər lüğəti" kitabıydı. Kitab tarixi məlumatlarla zəngin, sadə və anlaşıqlı dildə yazılıb. Məlumdur ki, qədim tariximizin böyük bir dövrü xəzərlərlə bağlıdır. Bu kitabda Xəzər dənizi ilə Qara dəniz arasında yaşayan tayfaların həyatından, dilindən, yaşam tərzlərindən bəhs olunur. Azərbaycanın Serbiyadaki səfirliyinin təşəbbüsü ilə işıq üzü görüb. Kitab ilk dəfə 1691-ci ildə Daubmanmus tərəfindən yazılsa da, sonralar məhv edilib. M.Paviç çox sonralar həmin kitabı konstruksiya etmişdir.
Azərbaycanın Rumıniyadaki səfiri Eldar Həsənovun "Slavyan dənizindəki latın adasında ömrün 10 ili" və başqa kitabları çox maraqla qarşılandı. Rumıniya səfirliyinin əməkdaşları bu kitabın sərgiyə çıxarılması ilə bağlı tədbirə gəlmişdilər. Onlar oxucularla söhbət etdilər, Rumıniya ilə Azərbaycan arasındakı mehriban dostluq və qardaşlıq əlaqələrindən danışdılar. Təkcə biz deyil, bütün nəşriyyatlar beynəlxalq sərgiyə çox maraqlı kitablarla getmişdilər. Sərginin davam etdiyi üç gün ərzində xeyli tədbirlər, ədəbi-bədii kompozisiyalar keçirildi, imza günləri oldu. Gənc oxucular imza gününə xüsusi maraq göstərirdilər. Böyük yazıçımız Anarla görüş, türk dünyasının unudulmaz söz ustası Abdulla Tukaya həsr olunmuş əbədi-bədii kompozisiya heç unudulan deyil. Bilirsiniz ki, hər il Moskvada MDB və Baltikyanı ölkələr arasında bir neçə nominasiya üzrə ənənəvi beynəlxalq kitab sənəti müsabiqəsi keçirilir. Ötən il iyirmidən çox ölkənin yazarları arasında Çingiz Əlioğlunun "Atlantlar" kitabı "Qəribə taleli kitablar" nominasiyasında bu müsabiqədə birinci yerə layiq görülmüşdü. Kitabı 4 ölkədən 10 rəssam işləmişdi, 15 dildə, o qədər də ölkədə çap olundu. Çingiz Əlioğlunun "Çərçivə"si bu dəfə də həmin müsabiqənin "Qran-Pri"sini ölkəmizə gətirdi. Müsabiqədə "Qran-Pri" nominasiyalar üzrə deyil, yeganə mükafatdır. Onun qalibi olmaq üçün çox kitablar yarışırdı. "Təhsil" nəşriyyatının çap etdiyi "Çərçivə" bütün ölkələrin kitablarını geridə qoydu. Bu münasibətlə sərgidə müəlliflə görüş keçirildi, imza mərasimi qeyd olundu. Gənclər bu kitabla və müəlliflə ünsiyyətə çox can atırdılar.
- Kitabı həyatımızın ayrılmaz hissəsinə çevirmək üçün hələ çox çalışmalıyıq. Kitabla bağlı düşüncəmizi kökündən dəyişməliyik. Ancaq bir neçə il əvvəllə müqayisədə fərq ölçüyəgəlməzdir. İnsanlar kitaba meyillənir, alıb oxuyurlar. Bu, çox sevindiricidir. Bunun üçün ilk növbədə kitab mağazalarının sayı artırılmalıdır. Təəssüflə deyim, Bakı yeganə paytaxtdır ki, bu şəhərdə cəmi 4-5 kitab mağazasına rast gələrsən. Başqa paytaxt şəhərlərində yüksək zövqlə bəzədilmiş kitab mağazaları addımbaşıdır, hər cəhətdən də o biri mağazalardan fərqli. Bir də biz kitaba pul vermək mədəniyyətini öyrənməliyik. Çox ümidliyəm ki, yaxın gələcəkdə kitab bizim də həyatımızın tərkib hissəsinə çevriləcək.
Paytaxtımızda kitab sərgi-yarmarkasının açılışı günündə kitabla bağlı daha bir mühüm tədbirə start verilmişdi. Bu, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdirdiyi "Kitab karvanı: İpək yolu ilə" uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisidir. Paytaxtdan yola çıxan karvanın ilk dayanacağı Goranboy rayonu idi. Rayonun Heydər Əliyev parkında kitab karvanı ilə gəlmiş kitabxanaçılar uşaqlar üçün nəşr edilən qəzet və jurnalları balaca oxuculara çatdırmışdılar. Həmin tədbirdə uşaqlar üçün viktorinalar keçirilib, qaliblər mükafatlandırılırdı. "Kitab karvanı" İpək yolu ilə qədim Gəncədən keçib Şəmkir, Tovuz, Qazax, Ağstafa yolu ilə bütün ölkəni gəzdi.
Söhbəti yazdı: Rəsmiyyə
RZALI
Azərbaycan.- 2011.- 22 oktyabr.-
S. 7.