Argentina rəsmisi institutun fəaliyyətini
yüksək qiymətləndirdi
AMEA
İnformasiya Texnologiyaları İnstitutunda Argentina Elmi və
Texniki Araşdırmalar Milli Şurasının (CONICET) sədri
Marta Rovira və Argentinada Azərbaycan səfirliyinin məsul
işçisi Bəxtiyar Məmmədov ilə
görüş keçirildi. Öncə qonaqlar
İTİ-nin AzScienceNet, Tədris-İnnovasiya və Multimedia
mərkəzlərinin fəaliyyəti ilə tanış
oldular. İnstitutda elmi, tədris proseslərinin yüksək
səviyyədə aparılması, müasir texniki
avadanlıqlarla təmini, AMEA-nın elmi-tədqiqat müəssisələrinin
internetə çıxış sürətinin
artırılması, innovativ fəaliyyətin təşkili
istiqamətində həyata keçirilən işlər
haqqında qonaqlara geniş məlumat verildi. Yüksək biliyə
malik gənc proqramçıların yetişdirilməsi, beynəlxalq
olimpiada yarışlarına hazırlığı məqsədilə
İTİ-də təşkil edilən görüşlər
və həyata keçirilən tədbirlərdən söhbət
açıldı.
İnstitutun
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev
ölkədə informasiya cəmiyyətinin təşəkkülü
və bərqərar olmasının dövlətin İKT sahəsində
siyasətinin başlıca hədəflərindən
olduğunu bildirərək institutun bu istiqamətdə
qarşısında durduğu vəzifələr, həyata
keçirdiyi tədbirlər haqqında geniş məlumat
verdi. Alim İC-nin ideoloji prinsiplərinin, elmi-texniki, hüquqi
və iqtisadi aspektlərinin araşdırıldığını
bildirərək Azərbaycan elminin dünya elminə öz
töhfələrini verməsi üçün ölkəmizdə
əlverişli zəmin yarandığını bildirdi.
Dövlət başçısı tərəfindən təsdiq
edilən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramı"nda bu məsələlərin öz əksini
tapdığını nəzərə çatdıran alim
institutun bu proseslərə elmi dəstək verdiyini, dövlət
proqramlarının, İKT layihələrinin həyata
keçirilməsində yaxından iştirak etdiyini,
müvafiq ideologiyanın təbliği və əhalinin maarifləndirilməsi
istiqamətində mühüm işlər
gördüyünü vurğuladı.
İnstitutun
beynəlxalq əməkdaşlıq əlaqələrindən
də söhbət açan alim İTİ-də ABŞ,
Avstriya, Kuba, Macarıstan, Almaniya, Cənubi Koreya, Türkiyə
və Rusiya kimi ölkələrin müvafiq
qurumlarının nümayəndələri ilə
görüşlərin keçirildiyini, bu görüşlərdə
əməkdaşlıq əlaqələrinin inkişaf
perspektivlərinin müzakirə edildiyini, müxtəlif birgə
layihələrin həyata keçirildiyini bildirdi. R.Əliquliyev
Argentinanın müvafiq elmi qurumları ilə əməkdaşlığın
qurulmasının məqsədəuyğunluğunu bildirdi.
Xanım
M.Rovira elm və informasiya texnologiyaları sahəsində
kreativ, innovativ proseslərin vüsət almasında müvafiq
şəraitin yaradılması, elmi-texniki fəaliyyətin
yüksək səviyyədə aparılması, gənc
kadrlara dəstək göstərilməsi məsələlərinin
təşkilinin böyük önəm kəsb etdiyini
bildirdi. İTİ-də bu istiqamətdə aparılan
işləri yüksək dəyərləndirən qonaq
Argentina ilə Azərbaycan arasında elmi-texniki sahədə əməkdaşlıq
əlaqələrinin inkişafında maraqlı
olduqlarını söylədi.
Azərbaycan.- 2011.- 22 oktyabr.-
S. 8.