Azərbaycan Prezidenti İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidini qəbul etmişdir.
Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı, Prezident Mahmud Əhmədinejadın məktubunu Prezident İlham Əliyevə təqdim etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığımızın bundan sonra da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirildi.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 23 oktyabr.- S. 1.