Ölkənin strateji inkişafı haqqında düzgün seçim edilmişdir
Bu fikirləri Prezident İlham Əliyev
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş rəsmi qəbulda
bildirmişdir
Azərbaycanın
ötən 20 ildə müstəqil dövlət kimi əldə
etdiyi çoxşaxəli nailiyyətlər, ilk növbədə,
əsrlərlə davam edən tarixi mübarizənin nəticəsi
sayılmalıdır. Taleyin qismətindən xalqımız
milli özünəməxsusluğunu səciyyələndirən
keyfiyyətləri, milli dövlətçilik ənənələrini
yaşatmaq, azadlıq, müstəqillik nemətinə
qovuşmaq üçün çətin sınaqlardan
çıxmalı olmuşdur. Bu baxımdan azərbaycanlıların
milli dövlətçilik şüurunun və ənənələrinin
formalaşması uzun əsrlər boyu davam etmiş, xalqın
təşkilatlanma və özünütəsdiqləmə
prosesinə əsaslı təkan vermişdir.
Böyük tarixə çevrilmiş iyirmi illik inkişaf yolunun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ötən 20 ildə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilsə də, bu müstəqillik, əslində, ilk dövrdə formal xarakter daşıyır, onun itirilməsi təhlükəsi Azərbaycanın başı üzərindən bir an belə çəkilmirdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. 1991-1993-cü illərdə hakimiyyətdə olmuş naşı və səriştəsiz qüvvələrin "bədnam fəaliyyəti" üzündən respublikamızın xarici irreal və məqsədi bəlli olmayan "prinsiplər" üzərində qurulmuş, xalqın milli maraq və mənafeləri nəinki regional, hətta beynəlxalq təhdid altına düşmüşdü. Ermənistanın işğalının getdikcə geniş miqyas aldığı bir vaxtda ölkə həqiqətlərinin dünya miqyasına çıxarılması üçün lazımi diplomatik işlər görülmür, əksinə, ayrı-ayrı qonşu dövlətlərdə kəskin reaksiya doğuran, qarşılıqlı münasibətlərdə etimadsızlıq və gərginlik yaradan məsuliyyətsiz bəyanatlara, çağırışlara yol verilirdi. Azərbaycanı uzun müddət ABŞ-ın yardımından məhrum etmiş "Azadlığa dəstək aktı"na bədnam 907-ci düzəliş də məhz AXC-Müsavat cütlüyünün uğursuz xarici siyasətinin nəticəsi idi. Üstəlik, ölkənin perspektiv inkişaf yolunda mayaka çevrilməli olan xarici siyasət kursunun hansı prinsiplərə əsaslandığı bilinmədiyindən, daxili siyasi proseslərə kənar müdaxilə cəhdləri də özünü qabarıq göstərirdi.
Prezident İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda bildirmişdi: "Müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Biz o illəri yaxşı xatırlayırıq və demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü - həm iqisadi sahədə, həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. Yəni, gənc ölkə üçün çox təhlükəli illər, təhlükəli anlar, çox böyük sınaq idi".
AXC-Müsavat rəhbərliyi 1993-cü il iyun ayının əvvəllərində Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən sonra ölkədə vəziyyət daha dramatik hal almış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir. Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan və xalqın qəzəbindən qorxuya düşən AXC-Müsavat iqtidarının Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.
Prezident İlham Əliyev bildirmişdi: "1993-cü ildən başlayaraq Azərbaycanda böyük inkişaf və quruculuq işləri aparılmağa başlamışdır. İlk növbədə, sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. İqtisadi sahədə çox dəyərli təşəbbüslər irəli sürülmüşdür və ən önəmlisi, ölkənin strateji inkişafı haqqında düzgün seçim edilmişdir. Azərbaycan müasir, dünyəvi, dünya birliyinə inteqrasiya edən, bazar iqtisadiyyatı prinsiplərinə, demokratik əsaslara sadiq ölkə kimi inkişaf etməli idi. O strateji seçimi Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə etmişdir və o ildən bu günə qədər Azərbaycan inkişaf yolu ilə uğurla gedir".
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Bu qayıdış, ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmənin ərazilərimizin işğalının geniş miqyas almasından xilas etdi. Ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və qurtuluş mərhələsi kimi dəyərləndirilir. Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi də obyektiv reallığa əsaslanır.
1993-cü ilin 10 oktyabrında xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev ölkəni uğurlu inkişaf yoluna çıxardı. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri olmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, bazar iqtisadiyyatını gerçəkləşdirən sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə tətbiqinə nail olmuşdur.
Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni uğurlara doğru inamla irəliləyir. 2003-cü və 2008-ci illərdə keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanan cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına nail olmuşdur. Ötən 8 ildə respublikamız inanılmaz dərəcədə dəyişmiş, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət etmişdir.
Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 8 ildə dövlət büdcəsi 12 dəfə, hərbi xərcləri 20 dəfə, valyuta ehtiyatları 25 dəfə artsın. Azərbaycanda ötən dövrdə maaş və pensiyalar da orta hesabla 5-6 dəfə artıb, yoxsulluq 5 dəfə azalaraq 49 faizdən 9 faizə enib, 900 mindən çox yeni iş yeri açılıb.
Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir və strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.
Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın bölgədə artan rolunun qərəzli olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmayıb. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Ölkəmiz demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyən yol vermir.
Ölkəmiz qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. İqtisadi imkanlarımızın ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, qarşıya qoyulan bütün məsələlər də tezliklə öz müsbət həllini tapacaqdır.
E.HACIALIYEV
Azərbaycan.- 2011.-23 oktyabr.- S. 2.