Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü olmağa çox yaxındır
Oktyabr ayının 24-ü Birləşmiş Millətlər Təşkilatının yaradıldığı gündür. 1945-ci ilin məhz bu günündə - beynəlxalq orqanın yaradılması müqaviləsi təsdiq edildikdən sonra BMT yaradılmış və rəsmən fəaliyyətə başlamışdır. 1971-ci ildə isə BMT Baş Assambleyası üzv dövlətlər tərəfindən oktyabrın 24-nün bayram günü kimi qeyd etməsi barədə qətnamə qəbul etmişdir. Artıq 40 ildir ki, həmin gün BMT üzvü olan ölkələrdə BMT Günü kimi qeyd olunur, bu məqsədlə bir sıra tədbirlər keçirilir.
Beynəlxalq təşkilatların üzvü olmaq, onun işində yaxından iştirak etmək hər bir müstəqil dövlətin qarşıya qoyduğu mühüm hədəflərdir. Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası da beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa daim mühüm önəm vermişdir. Bu baxımdan ölkəmizin BMT ilə münasibətləri olduqca təqdirəlayiqdir. 19 il əvvəl BMT-nin tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan beynəlxalq səviyyədə özünün maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazandı. BMT ilə əməkdaşlığa başlayandan sonra respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmiş, BMT-nin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışmışdır.
1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların Ermənistan tərəfindən işğalı faktını təsdiq edərək işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür. Bunlardan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan əhalisinin doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsindən narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir.
1992-1996-cı illər ərzində BMT-nin TŞ-nin sədri və BMT baş katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişlər. 1996-cı ildə BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.
Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində daim fəal iştirak edir. 1994-cü və 1995-ci illərdə BMT Baş Assambleyasının 49-cu və 50-ci sessiyalarında ümummilli lider Heydər Əliyev iştirak etmişdir. Ümummilli lider tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırmış, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etmişdir. Ulu öndər Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik zirvə toplantısında da iştirak etmiş, çıxışında qlobalizasiya mövzusuna toxunmuş, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir.
Prezident İlham Əliyev də BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev baş nazir kimi BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirak edərək dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev diqqəti bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Cənab İlham Əliyev demişdir ki, münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir və bu da gözlənilməz nəticələrə gətirə bilər: "Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır".
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə də fəal əməkdaşlıq edir. Bu sırada BMT-nin İnkişaf Proqramı (BMT İP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı və digər qurumları qeyd etmək olar. Azərbaycan bu nüfuzlu təşkilatın xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və Sənaye İnkişaf Təşkilatı (SİN) ilə yaxın əlaqələrə malikdir.
Oktyabrın 21-də "Hilton Baku" hotelində Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında "2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi" adlı Anlaşma Memorandumu imzalanması da BMT-nin ölkəmizlə münasibətlərə verdiyi önəmin göstəricisidir.
Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə fəal iştirak edir. Məsələn, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının üzvü seçilmişdir.
Məlum olduğu kimi, Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvlüyünə Şərqi Avropaya aid yer üçün namizədliyini irəli sürüb. Bu yerə ölkəmizlə yanaşı, Macarıstan və Sloveniya da namizədliklərini veriblər. Macarıstan birinci turda bu ölkələr arasında ən az səs toplayaraq mübarizəni dayandırıb. Səsvermənin sonuncu turunda Azərbaycan 113 səs toplayaraq Sloveniya qarşısında böyük üstünlüyə malik olub. TŞ-yə daimi olmayan üzvlük üçün namizəd ölkə Baş Assambleya üzvlərinin üçdə ikisinin səsini toplamalıdır. Səsvermə sabah da davam etdiriləcək.
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını hər zaman qiymətləndirir. Lakin 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin nəticəsiz qalması təəssüf hissi doğurur. Məhz buna görə də, rəsmi Bakı BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatların aparılması ideyasını dəstəkləyir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2011.- 23 oktyabr.-
S. 2.