Azərbaycanlı
alimin MDB ölkələrinin elm və yaradıcı ziyalılarının
VI forumunda məruzəsi maraqla
qarşılanmışdır
Xəbər verdiyimiz kimi, Ukrayna paytaxtında MDB ölkələrinin elm və yaradıcı ziyalılarının VI forumu keçirilir.
Tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov Avrasiya Universitetlər Assosiasiyasının və Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının forum çərçivəsində keçirilən birgə iclasında "Elm və təhsil MDB ölkələrinin iqtisadiyyatlarının modernləşdirilməsini təmin edən əsas amillərdir" mövzusunda məruzə ilə çıxış etmişdir.
A.Məhərrəmov slaydların nümayişi ilə müşayiət olunan çıxışında Bakı Beynəlxalq Humanitar Forumunun tarixi əhəmiyyətini vurğulamışdır. O, məruzəsini Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın iqtisadi potensialını intellektual kapitala çevirmək çağırışı ilə bitirmişdir.
Abel Məhərrəmov forum çərçivəsində Taras Şevşenko adına Kiyev Milli Universitetinin rektoru Leonid Quberski ilə görüşərək, ukraynalı həmkarını 70 illik yubileyi münasibətilə təbrik etmişdir. Rektorlar iki dost ölkənin aparıcı ali məktəblərinin gələcək əməkdaşlığı məsələlərini müzakirə etmişlər.
A.Məhərrəmov Azərbaycanın
Ukraynadakı səfirliyi yanında ulu
öndər Heydər Əliyevin abidəsi qarşısına
güllər qoymuş, səfir Eynulla Mədətli ilə görüşmüşdür.
Azərbaycan.- 2011.- 23 oktyabr.-
S. 3.