Yekaterinburqun «Rossiya 24» və vilayət televiziyalarında ulu öndər Heydər Əliyevə həsr olunmuş «Hakimiyyətin yükü» filmi nümayiş etdirilmişdir

 

 Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü Yekaterinburqda da qeyd olunmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov ölkəmizin 20 ildə keçdiyi inkişaf yolundan danışmışdır.

Sonra tədbir iştirakçıları görkəmli Rusiya rejissoru Andrey Konçalovskinin ulu öndər Heydər Əliyevə həsr etdiyi "Hakimiyyətin yükü" filmini izləmişlər.

Film Yekaterinburqun "Rossiya 24" və vilayət televiziyalarında da nümayiş olunmuşdur. Bu kanallarda yayımlanan "Azərbaycana gedən yol" verilişinin xüsusi buraxılışı ümummilli lider Heydər Əliyevə həsr olunmuşdur. Verilişin aparıcısı, Rusiyanın əməkdar artisti, Sverdlovski Akademik Teatrının solisti Anatoli Brodski  Azərbaycanın 20 il ərzində keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışmışdır. Sonra ümummilli liderə həsr olunan "Hakimiyyətin yükü" filmi nümayiş olunmuşdur. İkihissəli filmdə ulu öndərin həyat və yaradıcılığı, milli təhlükəsizlik orqanlarında işlədiyi, 1969-cu ildən 1982-ci ilədək Azərbaycana rəhbərlik etdiyi, eləcə də Moskvada çalışdığı dövrə nəzər salınmışdır. Qeyd olunmuşdur ki, sovetlər birliyi dövründə yüksək vəzifə tutan rəhbərlərdən məhz ulu öndər Heydər Əliyev öz xalqının ümummilli lideri olmuşdur. Filmdə təcrübəli siyasət və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması, ölkəmizin yürütdüyü siyasət, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər məsələlər yer almışdır. Televiziya kanalları Ural, Uzaq Şərq, Sibir, habelə Şərqi Avropa və Mərkəzi Asiyada yayımlandığından bu ərazidə yaşayan əhali də filmi izləmək imkanı əldə etmişlər

 

 

Azərbaycan.- 2011.- 23 oktyabr.- S. 3.