Dağların sərvəti heyranlıq doğurur

 

Mədəniyyət sarayının geniş foyesinə daxil olanda elə ilk andan adamı heyrət bürüyür. Sərginin min bir eksponatında Gədəbəyin bütün əzəməti, var-dövləti aydın görünür. Şəfalı dağ otlarından, bu yerlərin hər yanda tanınan kartofundan, tərəvəzindən, balından, bəhməzindən tutmuş qızıl-gümüş mədəninin nümunələrinə kimi. Əzəmətli abidələrin təsvirləri, tarixin "canlı" səhifələri, iqtisadiyyatı, sosial həyatı tərənnüm edən diaqramlar, lövhələr, şəkillər də öz yerində.

 

Sərgi Turizm ili ilə əlaqədar təşkil olunub. Müntəzəm fəaliyyət göstərir. Milli mətbəximizin minbir neməti ilə malakanların açdıqları "rus süfrəsi" sanki çeşidin çoxluğuna, dadına-tamına görə yarışır. Ayrandan, yaxud sarıçiçək çayından içəndən sonra asta-asta sərgiyə baxırsan. Sanki qeybdən gələn sazın ecazkar səsi dönə-dönə yada salır ki, bura dağlar diyarı Gədəbəydir!

Ən baxımlı yerdə qala və qalaçaların, müdafiə istehkamlarının, məbəd və türbələrin təsvirləri diqqəti cəlb edir. Rayonda bir ədəd dünya, 81 ədəd ölkə və 24 ədəd yerli əhəmiyyətli abidə qeydə alınıb.

O başda şəkli görünən Koroğlu qalasıdır. Ona Cavanşir qalası da deyirlər. Bundan əlavə, Cənnət qala, Qız qalası, Zəngi qala... Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.

Dünya əhəmiyyətli Böyük Qalaça Söyüdlü kəndinin ərazisində yerləşir. Əslində, bu nəhəng daşlardan hörülmüş uca bir qala - dağdır. Mütəxəssislərin fikrincə, ilk Dəmir dövrünün yadigarıdır. Müdafiə məqsədi daşıyırmış. Söyüdlü kəndinin digər bir möcüzəsi Qız qalasıdır. O da yüksək bir qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş ədəd dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və dövrəsinə görə biri-birindən fərqlənir. Cəm halında bu kompleks qədim bir şəhəri xatırladır.

Gədəbəyin ən baxımlı yerlərindən biri də Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Bura əsl yerüstü etnik muzeydir.

Sərgidən yaranan ilk təəssürat belədir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə deyir ki, Gədəbəy abidələri Azərbaycanın ulu tarixinin canlı nümunələri, elmi ədəbiyyatda Gədəbəy-Xocalı mədəniyyəti kimi tanınan qədimi mərhələnin danılmaz təzahürüdür. Gədəbəy-Xocalı mədəniyyəti isə özlüyündə iki minillik bir tarixi dövrün - Tunc dövrünün arxeoloji təsdiqidir.

Dağlar diyarı Gədəbəy tədricən turizm mərkəzinə çevrilir. Yol-iz təmir edilir, körpülər salınır, səyahət cığırları açılır, yeni-yeni istirahət guşələri düzəldilir. Səfalı təbiət, sərin bulaqlar, yaşıl yamaclar, rahat yollar, müasir məişət bu yerlərə çox adamı cəlb edir. "Aşağı Narzan", "Şirxan", "Yuxarı Narzan" kimi müasir ailəvi istirahət mərkəzlərində hər il yüzlərlə turist dincəlir. Bu yaxınlarda isə Slavyanka kəndində hər şəraiti olan daha bir istirahət mərkəzi fəaliyyətə başlayıb.

Bu dağların bir özgə möcüzəsi də var. Sərginin geniş bir sahəsini müalicəvi dağ otları təşkil edir. Sanki yaşıl aptekdir. 20-dən çox gül-çiçək yığılıb. Hərəsinin də bir şəfaverici xassəsi var.

Məlumatlara baxırıq: üzərlik sinir sisteminə və bəzi xəstəliklərin müalicəsinə  kömək edir. Bağayarpağından mədə-bağırsaq ağrılarında və zəhərlənmədə istifadə olunur. Gülxətmi sinə yumşaldıcı, öskürəkkəsici xassəyə malikdir. Baldırğan toxumu ağciyəri və nəfəs yollarını təmizləyir. Sarıçiçək və zirnic qanı duruldur, təzyiqi salır. Şehdərən böyrəyin fəaliyyətini yaxşılaşdırır. Qəfli otu nəfəs yollarına, ürək və qaraciyər xəstəliklərinə kömək edir. Kəklikotu, qara çiyələk, daşdələn, yarpız və başqa bitkilər hərəsi mühüm bir xasiyyəti ilə fərqlənir.

Gədəbəydə bu nemətlərin qədrini yaxşı bilirlər. Fəridə adlı bir xanım dərman bitkilərini toplayır, satır, maraqlananlara məsləhətlər verir. Həmsöhbətim dedi ki, bu yaxınlarda rayonun mərkəzində şəfa çiçəyi aptekinin açılması gözlənilir.

Gədəbəyin təkcə bitkiləri deyil, mineral suları da dərdlərin dərmanıdır. "Narzan", "Turşsu", "Mor-mor" və "Slavyanka" yaxın-uzaq ellərdə süfrələrin bəzəyidir. Sərginin  "Yüksəlişin 20 ili" bölməsində rayon iqtisadiyyatının, sosial həyatının uğurlarından konkret faktlarla xəbər ala bilirsən.

Gədəbəy həm də  kartof məskəni kimi tanınır. İl ərzində burada iki yüz min tona yaxın məhsul götürülür. Sərgidə üç növ  kartof nümayiş olunur; adi kartof, qırmızı kartof və bir də "ağçiçək". Bu yerlərin kartofu çox dadlıdır. Alıcısı çoxdur. Faydasını bilənlər gəlib birbaşa qapıdan aparırlar. Təzəlikcə isə burada kartof saxlama anbarı istifadəyə verilib.

Rayonda maldarlıq da sürətlə inkişaf edir. Hazırda Gədəbəydə səksən min  iribuynuzlu mal-qara, üç yüz əlli min qoyun-quzu bəslənilir. Ət, süd, yun istehsalı ilbəil artır. Sərgini müxtəlif ət və süd məmulatı bəzəyir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Gədəbəyi tanınmaz edib. "Tərəqqi" bölməsində tikinti, abadlıq-quruculuq sahəsində görülən işlərdən geniş məlumat verilir.

Yüksəliş hər sahədə duyulur. Xüsusən, məktəb binalarının inşası geniş vüsət alıb. Yaşıllıqlar qoynunda ucalan biri-birindən yaraşıqlı binaların şəkillərinə baxırıq. Son bir il ərzində Parakənd, Novo-İvanovka, Göyəlli və Slavyanka kəndlərində yeni məktəb binaları tikilib. Pirbulaq, Söyüdlü, Arıxdam, Maarif, Çaldaş, Düzyurd, Şəkərbəy, Səbətkeçməz, Zəhmət, Çayrəsullu, Qaravəllər, Qoşabulaq kənd orta məktəblərində və başqa yerlərdə əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ən fərəhli cəhət budur ki, sərhəd bölgəsində, yəni, rayon mərkəzindən uzaqda yerləşən dağ kəndlərində 23 məktəb binası inşa edilib. Başqa sözlə desək, rayondakı 86 ümumtəhsil məktəbinin 70-i üçün təzə bina tikilib, yaxud mövcud binalar əsaslı təmir olunub, yenidən qurulub.

Poçt, rabitə xidməti də onun kimi. Neçə il bundan əvvəl rayon mərkəzindən ən yaxın kəndlərin birinə zəng çalmaq nə qədər mürəkkəb idi! Amma indi elektronla işləyən avtomat telefon stansiyaları "adiləşib". Rayonun müxtəlif guşəsində 17 elektron ATS fəaliyyət göstərir. Elə bu günlərdə daha bir kənddə - Arıqdamda 352 yerlik elektron ATS istifadəyə verilib. Göyəlli, İsalı, Düzrəsullu, Qaraməmmədli, Kiçik Qaramurad, Gərgər kəndlərinin ATS-lərinə birləşdirici fiber 12 tipli optik kabelə qoşulub. Rayonun bütün ərazisinə Azərsel xidmət edir. Şəhərin mərkəzində isə əlavə olaraq Baksell, Narmobile operatorlar xidmət göstərir.

Adamların dünyagörüşü artdıqca əlaqə-ünsiyyət genişlənir. Rayonun müxtəlif guşələrində müasir avadanlıqlı otuz iki poçt şöbəsi işləyir. Cari ildə Rüstəm Əliyev, Novosaratovka, Slavyanka və Kiçik Qaramurad poçt şöbələri üçün yeni binalar tikilib.

Sərginin ən baxımlı bölməsi "Sərvətimiz, qüdrətimiz" adlanır. Gədəbəy torpağının  altı da qızıldır, üstü də. Bir zaman bu yerlərin sərvətini almanlar daşıyıb aparıblar.

Ölkəmiz müstəqillik əldə edən kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elin sərvəti xalqa qaytarıldı. Dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə Gədəbəy qızıl-gümüş zavodu istifadəyə verildi. İndi bu yerlərin məhsulları "Ayrum-brendi" adı ilə dünya bazarına çıxarılır.

Sərgidə qızıl-gümüş məhsullarının nümunələrinə baxdıqca adamın qəlbi iftixarla döyünür. Gədəbəy həm də uzun ömürlülər diyarı sayılır.

Sərginin ən baxımlı eksponatlarından birində yaşı yüzdən yuxarı olan ağbirçək və ağsaqqalların şəkilləri yan-yana düzülüb. Onların həyat yollarından bəhs edən kitabça isə "Hər kim yüz il yaşamasa..." adlanır. Səmimi-sədaqətli, mərd-mübariz insanlar, onların nəcib əməlləri bu yerlərin ən əsas sərvəti, qüdrəti sayılır.

Sərginin yaratdığı təəssürat bax, belədir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-23 oktyabr.- S.  3.