Bakıda süd
vəzisi xərçəngi ilə mübarizəyə həsr
edilmiş «Qadın sağlamlığını qoruyaq»
aksiyası keçirilmişdir
Oktyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) "Qadın dünyası" şöbəsi Heydər Əliyev Fondunun dəstəyi ilə süd vəzisi xərçəngi ilə mübarizəyə həsr edilmiş "Qadın sağlamlığını qoruyaq" aksiyası keçirmişdir.
AzərTAc xəbər verir ki, Beynəlxalq süd vəzi xərçəngi haqqında maarifləndirmə ayı çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən aksiya paytaxtın Nizami və Səməd Vurğun küçələrinin kəsişməsi, Dəniz Limanının binasının qarşısından və Azneft meydanından başlamışdır. Aksiya iştirakçıları ictimaiyyətin diqqətini süd vəzisi xərçəngi probleminə cəlb etmiş və bu xəstəliklə mübarizə aparan insanlara dəstək olmuşlar.
Aksiyanın məqsədi respublikada süd vəzisi xərçəngi xəstəliyinin vaxtında diaqnostikasını təkmilləşdirmək və ölüm hallarının sayını azaltmaq məqsədilə xəstəlik, risk amilləri və özünümüayinə üsulları haqqında bilik səviyyəsini artırmaqdan ibarətdir.
Çəhrayı libas geyinən yürüş iştirakçıları və MOM-un əməkdaşları xəstəlik və ən sadə profilaktika üsulları haqqında məlumatları özündə əks etdirən broşürləri paytaxt sakinlərinə paylamışlar.
Bakı sakinləri aksiyanın əhəmiyyətini profilaktik tədbirlər baxımından yüksək qiymətləndirmişlər.
Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda xəstəliyin müalicəsi və diaqnostikası sahəsində mövcud olan müasir imkanlar haqqında məlumat verən videoçarx nümayiş etdirilmişdir.
Sonda Dənizkənarı Milli Parkda aksiyaya həsr olunmuş konsert proqramı təşkil edilmişdir.
Dünya Səhiyyə Təşkilatı
1993-cü ildən etibarən oktyabr ayını süd vəzisi
xərçəngi ilə mübarizə ayı elan
etmişdir. Bir çox ölkələrin ictimai təşkilatları
və hakimiyyət strukturları ilin bu dövründə
süd vəzisi xərçənginin profilaktikası və
müalicəsi məsələlərinə diqqəti
artırırlar.
Azərbaycan.- 2011.- 23 oktyabr.-
S. 3.