Səma şairinin muzey həyatı

 

 Böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi qarşısında bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Görkəmli filosof, şairdramaturq kimi Azərbaycan ədəbiyyatı tarixinə  yazılmış Hüseyn Cavidin ev muzeyində 2012-ci il oktyabrın 24-də növbəti yubileyi münasibətilə  keçirilməsi nəzərdə tutulmuş  tədbirlər silsiləsində beynəlxalq elmi konfrans xüsusi əhəmiyyət daşıyır.

Minilliklər boyu formalaşan ədəbi irs özünün layiqli nümayəndələri vasitəsilə qorunub saxlanıb və gələcək nəsillərə ərməğan edilib. Belə tarixi, ədəbi simalar ötən əsrdə də az olmayıb. Xalqımızın mənəvi zənginliyini öz yaradıcılığı ilə təsdiqləyənlərdən biriHüseyn Cavid olmuşdur. Bu, həmin Hüseyn Cavid idi ki, Kazım Qara Bəkir Paşa öz qoşunları ilə 1918-ci ildə Naxçıvanı erməni daşnaqlarından təmizləmək üçün köməyə gedəndə orada onunla görüşərək deyib ki, mən səni  şeirlərindən tanıyıram: "Mustafa Kamal Atatürk sənin şeirlərini, İblisin monoloqunu Rza Təhmasibin ifasında çox sevir.  Atatürk deyirmiş ki, Cavid əfəndi "İblis" əsərindəki Elxan surətini elə bilirəm ki, mənim üçün yazıb".

Cavid irsinə hələ ötən əsrin 70-ci illərindən diqqət göstərən ulu öndər  Heydər Əliyev heç  təsadüfi yerə onu Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirən ədib adlandırmamışdır. Elə bu  dəyərdən irəli gəlirdi ki, iyirminci yüzilliyin  80-ci illərinin əvvəllərindən ümummilli lider Heydər Əliyev şair-filosova layiqli qiymətin verilməsinə diqqətini bir an belə, zəiflətməmişdir. 1993-cü ilin sentyabrında  Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə görüşündə ulu öndər Heydər Əliyev Şərqin parlaq günəşi, səmalar şairi Hüseyn Cavidlə bağlı fikirlərini bölüşərkən demişdir: "E Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi  öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında Kommunist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda on il ərzində həyata keçirmədilərE İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmamışdır".

Cavid ədəbi irsinə rəsmi və dövlət qayğısının ulu öndər Heydər Əliyev tərəfindən daha çox göstərilməsi təsadüfi  deyildi. Hüseyn Cavid məqbərəsinin təntənəli açılış mərasimində ümummilli lider Heydər Əliyevin bu söz dühasının ünvanına söylədiklərinə bir daha diqqət yetirək: "Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olmuşdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur".

Ulu öndər Heydər Əliyev tərəfindən istər hələ sovetlər birliyi dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illərdə Cavid irsinə mənəvi  dəstək özünü bariz şəkildə göstərmişdir:  Hüseyn Cavidin ev muzeyinin yaradılması haqqında ilk qərar Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Soveti tərəfindən 25 noyabr 1981-ci il tarixdə qəbul edilmişdir.  Mədəniyyət Nazirliyinin 16 aprel 1991-ci il tarixli 74 saylı qərarı ilə muzey üçün  Azərbaycan Dövlət Əlyazmalar İnstitununun yerləşdiyi binanın birinci mərtəbəsində beş otaqdan ibarət yer ayrılmışdır. Nəhayət, Nazirlər Kabinetinin qərarı ilə Hüseyn Cavidin ev müzeyi həmin binanın 3-cü mərtəbəsində yerləşən və şairin vaxtilə (1920-ci ildən 1937-ci ilədək) yaşadığı, əsərlərinin əksəriyyətini qələmə aldığı mənzilə köçürülmüşdür. Muzeyin rəsmi açılışı isə 2002-ci il oktyabrın 24-də, şairin anadan olmasının 120-ci ildönümünə təsadüf etmişdir.

"Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi ümummilli lider Heydər Əliyevin xidmətidir" - deyən Hüseyn Cavidin ev muzeyinin direktoru,  filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babaxanlı söyləyir: "Ulu öndər vətənin inkişafı naminə bəşəri  ideyalardan faydalanmış, ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz üçün müstəsna işlər görmüş, sənətkarların layiqli qiymətini verməkdən ötrü əlindən gələni əsirgəməmişdir. Bu cür sənətkarların ön  cərgəsində, yəqin ki, böyük Cavid dayanır...".

Dahi şairin əsərlərinin nəşri üçün ulu öndərin keçirdiyi narahatlıq da cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla aradan qaldırıldı. Belə ki, Cavid irsinin yadigarı Turan xanım tərəfindən hazırlanmış şairin əsərləri beşcildlik latın qrafikası ilə nəşr edilərək cavidsevərlərin ixtiyarına verildi.

Muzeyin direktoru daha maraqlı bir məqama toxunaraq deyir ki, əslində, Heydər Əliyevin Cavidlər ailəsi ilə tanışlığı 1981-ci ildən (söhbət böyük şairin 100 illik yubileyinin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən gedir) çox-çox əvvəllər baş  vermişdir: "Ümummilli lider fenomenal yaddaşına söykənərək bildirirdi ki, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Naxçıvanda onun ilk ana dili müəllimi olmuşdur. 1943-cü ildə ordudan tərxis edilərək Naxçıvana gəlmiş Ərtoğrol Cavidi, sonralar isə Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımı yaxşı xatırlayan ulu öndər Heydər Əliyev ürəyində Cavid sevgisinin daha da qüvvətlənməsində, şübhəsiz ki, bu ünsiyyətlərin də böyük rolu olmuşdur".

Hüseyn Cavidin ev müzeyi qarşıdan gələn ildə ölməz  mütəfəkkirin anadan olmasının 130 illiyinə ciddi hazırlaşır. Hazırda təmir işləri aparılan ev muzeyi 245 kvadratmetr sahəni əhatə edir. Fondunda 15 min ədəd eksponat saxlanır ki,  onlardan 600-dən çoxu ekspozisiyada nümayiş  olunur. Onların arasında Cavidlərə məxsus məişət və geyim əşyaları, şairin müxtəlif illərdə çap olunmuş əsərləri, kitabları, ailəvi fotolar, dramları əsasında hazırlanmış tamaşalarının proqramları, afişalar, Ərtoğrol Cavidin istifadə etdiyi nəşrlər, bəstələdiyi musiqi əsərlərinin notları, vallar, məktublar və digər  sənədlər vardır.

Hüseyn Cavidin yazı masası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici və bir çox digər əşyalar ekspozisiyada əsas yer tutur.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə muzey elmi-tədqiqat idarəsi də hesab edilir. Altı şöbə və bir yardımçı qurumdan ibarət ev-muzeyin son illər bir sıra nəşrləri işıq üzü görüb: "Cavidşünaslıq" (araşdırmalar, I, II, III cildlər), "Hüseyn Cavid: həyat və sənət yolu" (biblioqrafik göstərici), Hüseyn Cavid, "Məhəbbətdir ən böyük din" (fransız dilində), "Hüseyn Cavid: əsərləri" (beş cilddə), şairin 125 illiyi ilə əlaqədar keçirilmiş beynəlxalq elmi konfransın materialları - "Hüseyn Cavid irsimüasir dövr", "Cavid hikməti" (seçmə aforizmlər).

Hüseyn Cavidin külliyyatına əsərləri ilə yanaşı, məqalələri, məktubları da daxil edilib.

Azərbaycanda ilk virtual muzey də Cavidlə bağlıdır. Virtual ev muzeyi kompakt disklərdə yerləşdirilmişdir. Burada  məbədin strukturu, ekspoziyası, Hüseyn Cavidin əsərlərinin elektron versiyası, muzeyin nəşrləri, fotoqalereyası  s. bölmələr özünə yer alıb. Virtual ev muzeyindən əyani vəsait kimi istifadə edilir ki, bu da şairin dünya arenasında təbliği  deməkdir. 2006-cı ildə Hüseyn Cavidin ev muzeyinin rəsmi saytının yaradılması da məhz böyük ədibin irsinin  daha geniş məkanda təbliği məsələsində mühüm əhəmiyyət daşıyır.

Muzeyin yaradılmasına fəaliyyətinə həsr olunmuş nəşrlər arasında  "Hüseyn Cavidin ev muzeyi" toplusu daha çox diqqətçəkəndir. Burada  şairin ev muzeyinə açılan pəncərədən dahi ədibin irsinin qorunmasına xüsusi diqqət ayırmış ulu öndərlə Cavid Əfəndinin birgə portret rəsmləri, Turan Cavidin, Ərtoğrol Cavidin portretləri, Ömər Eldarov tərəfindən yaradılmış Turan Cavidin mərmərdən büstü, Ərtoğrol xalçası, ümumiyyətlə, nadir incilər məbədi olduğu kimi görünür.

Bir sözlə, Hüseyn Cavidin ev muzeyi qarşıdan gələn  130 illik yubileyə ciddi hazırlaşır. Bu da təbii ki, Cavid yaradıcılığına dövlət səviyyəsində göstərilən diqqət qayğının təcəssümüdür.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-23 oktyabr.- S.  6.