Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclası
keçirilmişdir
Oktyabrın 24-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclası
keçirilmişdir.
Dövlətimizin başçısı
iclası giriş nitqi ilə açdı.
Prezident
İlham
Əliyevin
giriş
nitqi
- Nazirlər Kabinetinin bugünkü iclasında
biz ilin 9 ayının sosial və iqtisadi yekunlarını
müzakirə edəcəyik, ilin sonuna qədər
görüləcək işlər haqqında
danışacağıq.
İlin
sonuna iki ay qalır. Demək olar ki, 2011-ci il də ölkə
iqtisadiyyatının inkişafı üçün uğurlu
il olmuşdur. Bu il ərzində ölkə qarşısında
duran əsas sosial və iqtisadi məsələlər öz həllini
tapmışdır, bütün proqramlarımız uğurla
icra edilmişdir.
Statistik
göstəricilərə gəldikdə deyə bilərik ki,
dinamik inkişaf davam edibdir. Baxmayaraq ki, ümumi daxili məhsul
o qədər də böyük templərlə artmadı.
Bunun da müəyyən səbəbləri vardır.
Sevindirici hal ondan ibarətdir ki, əvvəlki dövrdə
gördüyümüz işlər və düzgün siyasət
nəticəsində ölkə iqtisadiyyatının
çoxşaxəli şəkildə inkişafına nail ola
bilmişik.
Ümumi
daxili məhsul cəmi 0,5 faiz artsa da, qeyri-neft
iqtisadiyyatımız 8,2 faiz artmışdır. Yenə də
deyirəm, bu artım əvvəlki dövrdə
görülmüş işlərin nəticəsidir. O ki
qaldı ümumi daxili məhsulun cəmi 0,5 faiz səviyyəsində
artmasına, bunun da səbəbi ondan ibarətdir ki, bu il neftin
hasilatında azalma olmuşdur. Bunun nəticəsində bu
azalma, demək olar, imkan vermədi ki, ümumi göstərici
də böyük olsun. Ancaq qarşıya belə məqsəd
də qoyulmur. Artıq iqtisadiyyatımız,
iqtisadiyyatımızın strukturu müsbətə doğru
böyük dərəcədə dəyişmişdir.
Əvvəlki dövrdə görülmüş və bundan
sonra görüləcək işlər nəticəsində
iqtisadiyyatımız tam şəkildə çoxşaxəli
iqtisadiyyat kimi özünü göstərəcəkdir.
Yəni, əvvəlki
dövrdə başlanmış və bu gün icra edilən
layihələr, sözün əsl mənasında, Azərbaycan
iqtisadiyyatına çox böyük töhfə vermişdir.
Sənaye
istehsalının inkişafına gəldikdə, yenə də
neftin hasilatının aşağı düşməsi nəticəsində
ümumi rəqəm mənfidir. Ancaq ölkə
iqtisadiyyatının qeyri-neft sənayesində 9,2 faiz artım
əldə edilmişdir. Bu artım iqtisadiyyatın real
sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın
inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən
kreditlərin, sahibkarlığın inkişafı
üçün qəbul edilmiş proqramların və
dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir.
Beləliklə,
bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə,
yəni, ölkədə güclü sənaye
potensialının yaradılması üçün tədbirlərin
görülməsi vəzifəsi uğurla icra edilir. Həm
böyük müəssisələr yaradılır,
böyük texnoparklar fəaliyyətə başlayır. Eyni
zamanda, orta və kiçik həcmli müəssisələr
də fəaliyyətini gücləndirir, onların sayı
artır və yenə də deyirəm, bu artımın səbəbi
ondan ibarətdir ki, dövlət tərəfindən özəl
sektora çox böyük dəstək göstərilir,
kreditlər verilir. Bu artımın səbəblərindən
biri də ondan ibarətdir ki, dövlət şirkətlərini
beynəlxalq şirkətlərə çevirmək
üçün konkret tədbirlər görülür.
İndi dövlət şirkətlərimiz həm peşəkarlıq,
həm maddi-texniki bazanın gücləndirilməsi, həm də
texnika təchizatı baxımından güclü şirkətlərə
çevrilmişdir.
Doqquz ayda kənd
təsərrüfatı da artmışdır. Bu da çox
müsbət haldır. Çünki kənd təsərrüfatının
inkişafı üçün konkret tədbirlər həyata
keçirilir, proqramlar icra edilir və xüsusilə gələn
il daha da böyük proqramlar icra ediləcəkdir. Bildiyiniz
kimi, dövlət bu sektorun inkişafı üçün
çox böyük vəsait ayırır, güzəştlər
verilibdir. Texnikanın gətirilməsi, güzəştli
şərtlərlə kreditlərin verilməsi, subsidiyalar -
bütün bunlar kənd təsərrüfatının
inkişafına xidmət göstərir. Təsadüfi
deyildir ki, bu ilin 9 ayında kənd təsərrüfatı
7,6 faiz artmışdır. Bu sahə, eyni zamanda, böyük
sosial məna daşıyır, çünki əhalinin təxminən
yarısı aqrar bölgələrdə yaşayır. Beləliklə,
kənd təsərrüfatının inkişafı nəticəsində
məhsuldarlıq artır, əkin sahələri
çoxalır. Meliorativ tədbirlərin görülməsi
nəticəsində biz növbəti illərdə daha da
böyük həcmdə yeni torpaqların dövriyyəyə
buraxılmasına nail olacağıq. Bundan sonra kənd təsərrüfatı
ilə bağlı tədbirlər ardıcıllıqla
aparılacaqdır. Bununla bərabər, biz gərək yeni
bazarlara çıxış üçün indidən
çox ciddi fikirləşək və işləyək. Bu
işlər aparılır. Xüsusilə nəzərə
alsaq ki, bizim üçün ənənəvi olmayan bazarlarda
kənd təsərrüfatı məhsullarımızı,
emal sənayemizin məhsullarını gözləyirlər,
biz sadəcə olaraq, siyasətimizi düzgün şəkildə
aparmalıyıq, daxili istehsalla daxili istehlakı və xarici
bazarlara çıxışımızı
uzlaşdırmalıyıq ki, Azərbaycanda gələcəkdə
daha da böyük həcmdə istehsal olunacaq kənd təsərrüfatı
məhsulları öz müştərilərini tapa bilsin.
Deyə bilərəm
ki, bu ilin 9 ayında maliyyə vəziyyətimiz də
bütövlükdə böyük dərəcədə
yaxşılaşıbdır. Bu il ərzində baxmayaraq ki,
böyük infrastruktur layihələrini icra edirik, bizim valyuta
ehtiyatlarımız azalmır, əksinə artır. Doqquz ayda
ehtiyatlarımız təxminən 11 milyard dollar həcmində
artmışdır. Hazırda Azərbaycanın valyuta
ehtiyatları 40 milyard dolları ötübdür. Bu, çox
böyük bir göstəricidir. İnkişaf etmiş
ölkələrin göstəricilərinə nəzər
salsaq görərik ki, Azərbaycan bu sahə üzrə
heç kimdən geri qalmır, bir çox ölkələri
qabaqlayır. Nəzərə alsaq ki, düzgün neft-qaz
siyasətimiz, strategiyamız vardır və investisiya
qoyuluşunu gözlənilən gəlirlərlə daim
uzlaşdırırıq, şübhə yoxdur ki, növbəti
illərdə də investisiya və sosial xərcləri
azaltmadan valyuta ehtiyatlarımızı daha da
artıracağıq. Bu, bizim böyük sərvətimizdir.
Bu, həm bizə iqtisadi güc verir, investisiya layihələrini
icra etməyə imkan yaradır, eyni zamanda, bizi istənilən
çətinliklərdən, böhranlardan qoruyur və
qoruyacaqdır. Bu həcmdə valyuta ehtiyatlarının
yığılmasının başlıca səbəbi vaxtilə
- 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun
yaradılması və fondun fəaliyyətinin şəffaflığı
ilə bağlıdır.
Əldə
olunan bütün gəlirlər şəffaf, etibarlı
şəkildə qorunur, saxlanılır, idarə olunur və
indiki mərhələdə ölkəmizin inkişafı ilə
bağlı olan layihələrə yönəldilir. Gələcək
mərhələdə, növbəti ildən başlayaraq maliyyə
resurslarımızı şaxələndirmək
üçün biz bu vəsaitdən müxtəlif ölkələrdə
müxtəlif layihələrə investisiya şəklində
də istifadə edəcəyik.
Bir sözlə,
iqtisadi inkişafla bağlı məsələlər ölkəmizdə
uğurla icra edilir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə
qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə
aparılan islahatları çox yüksək qiymətləndirir,
Azərbaycanın kredit reytinqləri artır. Böhranlı
illərdə inkişaf etmiş ölkələrin kredit
reytinqləri azaldığı bir vaxtda Azərbaycanın
kredit reytinqləri artmaqdadır. Dünyanın nüfuzlu təşkilatı
- Dünya İqtisadi Forumu ölkələrin rəqabət
qabiliyyətliliyi ilə bağlı növbəti hesablamalarda
Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirərək
55-ci yerə layiq görmüşdür. Bütün MDB məkanında
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə
Azərbaycan birinci yerdədir, liderdir. Bu liderliyi saxlayır və
əminəm ki, saxlayacaqdır. Çünki
uğurlarımızın təməlində
düşünülmüş islahatlar, düzgün siyasət,
müstəqil siyasət dayanır. Uğurlarımızın
təməlində enerji amili artıq əsas rol oynamır.
Bildiyiniz kimi, son illərdə enerji amilindən
asılılığımızı azaltmaq üçün
biz çox böyük işlər görmüşük.
Baxmayaraq ki, bu gün də, gələcəkdə də
neft-qaz potensialımız həm siyasi, həm iqtisadi
maraqlarımızı təmin edəcəkdir.
2011-ci ildə
sosial sahədə də çox yaddaqalan hadisələr
baş vermişdir. Bu hadisələr, bu addımlar bir də
onu göstərir ki, siyasətimiz
sosialyönümlüdür. Biz bazar iqtisadiyyatı prinsiplərinə
sadiqik və sadiq qalacağıq. Ancaq biz bununla bərabər,
aztəminatlı təbəqəni sosial cəhətdən
daha da yaxşı müdafiə etmək üçün
konkret addımlar atırıq.
Bu addımlar sadəcə olaraq, proqramların qəbulu,
hansısa bəyanatların verilməsi ilə məhdudlaşmır,
bu proqramlar konkret xarakter daşıyır.
Bu il 900 minə
yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır.
Bütövlükdə götürsək, 9 ayda Azərbaycanda
pensiyaların səviyyəsi 35 faiz artmışdır. Bu,
çox böyük göstəricidir, çox böyük
nailiyyətdir, çox ciddi addımdır və yaşlı
nəslin maddi cəhətdən daha da yaxşı təminatı
üçün vaxtında atılmış çox
düzgün və ədalətli bir addımdır.
Bununla bərabər,
orta maaşın həcmi də artmışdır. Hazırda
Azərbaycanda orta pensiyanın səviyyəsi 190, orta
maaşın səviyyəsi isə 450 dollar səviyyəsindədir.
Bu, yaxşı göstəricidir, ancaq bundan da çox
olmalıdır. Biz çalışacağıq növbəti
illərdə sosial məsələlərin həlli
üçün də əlavə tədbirlər görək
ki, bundan sonra da pensiyalar, maaşlar daim artsın.
İnsanların yaşayış səviyyəsi artsın və
beləliklə, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan
qaldırılsın. Sosial cəhətdən ən az,
müdafiə olunan vətəndaşlara dövlət
Ünvanlı Sosial Yardımı Proqramını təşkil
etmişdir. Hazırda bu proqram 113 min ailəni əhatə
edir. 500 mindən bir qədər artıq insan dövlətdən
hər ay vəsait alır. Orta hesabla hər bir ailə 102
manat, təqribən haradasa 130 dollar səviyyəsində
dövlətdən bu yardımı alır.
Bu da
çox düzgün addımdır. Bu, çox ədalətli
addımdır. Nə qədər ki, bu insanlar hələ də
yoxsulluq şəraitində yaşayırlar, Azərbaycan
dövləti öz yardımını onlardan əsirgəməyəcəkdir.
Nə vaxt ki, onlar yoxsulluqdan çıxıb öz maddi vəziyyətini
yaxşılaşdıracaqlar, təbii ki, o vaxt bu yardım da
dayandırılacaqdır. Çünki əsas məsələ
sosial ədalət prinsipidir. Biz 20 il ərzində bazar
iqtisadiyyatı şəraitində yaşayırıq və
iqtisadiyyatımız bu prinsiplər əsasında tənzimlənir.
Yəni, bazar tələbatı da, təklifi də tənzimləyir.
Ancaq elə hallar olur ki, insanların imkanı yoxdur, insanlar
işsizdir, yaxud da ki, az təminat alırlar. Biz onların vəziyyətinə
də gərək biganə qalmayaq. Ünvanlı Sosial
Yardımı Proqramının əsas vəzifəsi məhz
ondan ibarətdir ki, yoxsul təbəqənin maddi vəziyyətini
yaxşılaşdırmaq üçün tədbirlər
görülsün. İşsizliklə bağlı deyə
bilərəm ki, bütövlükdə bu sahədə də
Azərbaycanda çox böyük işlər
görülmüşdür, hazırda işsizliyin səviyyəsi
təqribən 5,5 faizdir. Əgər biz ətrafa, inkişaf
etmiş ölkələrə baxsaq görərik ki, bu da
çox gözəl göstəricidir. Bəzi inkişaf
etmiş ölkələrdə işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir,
10 faiz səviyyəsindədir, bizdə isə 5,5 faizdir.
Çox güman ki, bu da real vəziyyəti əks etdirmir.
Çünki yaxşı bilirik, əfsuslar olsun ki, hələ
də bizdə bu sahədə müfəssəl və dəqiq
mexanizm tam işə düşməyib. Bəzi hallarda
qeydiyyata almamaq halları da olur. Bəzi hallarda rəsmi yox, zərfdə
maaş alanlar da vardır. Biz dəfələrlə bu məsələni
qaldırmışıq. Deyə bilərəm ki, son illər
ərzində bu sahədə vəziyyəti
normallaşdırmaq üçün yaxşı tədbirlər
görülmüşdür və davam etdirilməlidir. Ancaq əgər
biz bu amili də nəzərə alsaq görərik ki, Azərbaycanda
işsizliyin sayı da 5,5 faizdən aşağıdır.
Çox güman ki, yoxsulluq şəraitində yaşayanların
da sayı 9,1 faiz deyil, ondan aşağıdır. Ancaq əlbəttə,
biz növbəti illərdə həm konkret inzibati
addımların və həm də institusional tədbirlərin
nəticəsində iqtisadi vəziyyətin tam real mənzərəsini
əldə edəcəyik.
Hazırda tətbiq
olunan yeniliklər, "elektron hökumət" prinsipləri
və digər mütərəqqi təşəbbüslər
imkan verəcək ki, real mənzərəni 100 faiz səviyyəsində
əks etdirən vəziyyət ictimaiyyətə təqdim
edilsin.
Bu il
regionlarda da həmişə olduğu kimi, uğurlu investisiya
layihələri icra edilmişdir və regionlarda iş yerlərinin
açılması ilə bağlı əlavə tədbirlər
görülmüşdür. İlin 9 ayında 74 min yeni
iş yeri açılmışdır ki, onlardan 50 mini daimi
iş yeridir. Beləliklə, son 8 il ərzində Azərbaycanda
950 minə yaxın yeni iş yeri
açılmışdır.
Regional
İnkişaf Proqramı uğurla icra edilir.
Vaxtaşırı o proqrama əlavələr, dəyişikliklər
edilir. Prezidentin Ehtiyat Fondundan bu il ərzində bölgələrə
kifayət qədər vəsait ayrılmışdır, bu məbləğlər
daha çox sosial-iqtisadi infrastruktur layihələrinin
icrasına yönəldilmişdir. Xüsusilə biz son
müddət ərzində kənd yollarının təmiri və
tikintisi ilə çox ciddi məşğuluq. Böyük
proqramlar artıq icra edilir. Növbəti illərdə bu sahəyə
daha da böyük diqqət göstərilməlidir. Bir
sözlə, Regional İnkişaf Proqramı icra edilir, burada
heç bir narahatlıq yoxdur.
Bu il
Bakının kənd və qəsəbələrinin
inkişafı ilə bağlı çox geniş və
konkret proqram qəbul edilmişdir. Deyə bilərəm ki,
proqram çox qısa müddət ərzində icra edilməyə
başlamışdır. Artıq biz o proqramın ilkin nəticələrini
də görürük. Bundan əvvəlki dövrdə də
- 2005-ci ildə Bakı qəsəbələrinin
inkişafına dair üçillik proqram qəbul
edilmişdi, o, başa çatdı. İndi yeni proqramın qəbuluna
ehtiyac var idi. Biz bunu etmişik və demək olar ki,
bütün qəsəbələrdə çox böyük
quruculuq, abadlıq, bərpa işləri aparılır.
Bütün infrastruktur yenilənir, yeni qaz, su, kanalizasiya xətləri
çəkilir, elektrik enerjisi ilə təminat
yaxşılaşdırılır, məktəblər, xəstəxanalar,
tibb ocaqları, poliklinikalar tikilməkdədir. Yəni, hər
bir qəsəbə üzrə konkret təklif var və bu, təkliflər
proqramda öz əksini tapıbdır.
Bu proqram mətbuatda
dərc edilibdir. Proqramın formalaşmasında əlbəttə
ki, biz əsas məlumat mənbəyini yerlərdən
almışıq, yəni qəsəbə sakinləri öz
təkliflərini vermişlər, sonra onlar ümumiləşdirilib
və nəticədə proqram qəbul edilmişdir. Orada, eyni
zamanda, qəsəbə sakinlərinin məşğulluğu
ilə də bağlı konkret təkliflər vardır. Qəsəbələrə
kreditlərin verilməsi də başlanmışdır və
artıq bir neçə istiqamət üzrə konkret proqram və
təkliflər vardır. Mən şadam ki, Bakı və ətraf
qəsəbələrin inkişafı proqramı çox
sürətlə icra edilməyə başlamışdır.
Bu sürət deməyə əsas verir ki, qəsəbələrdə
mövcud olan bütün sosial və iqtisadi məsələlər
2-3 il ərzində həllini tapacaqdır.
Bu ilin doqquz
ayında biz bütün sahələr üzrə işimizi sistemli
şəkildə qurmuşuq. Bu, artıq gözəl ənənədir.
Hər bir sahə üzrə konkret proqramlar vardır. Azərbaycanda
məqsədyönlü proqramların sayı təqribən
50-yə yaxındır və onların
hamısının konkret maliyyə
mənbəyi, icra mexanizmi, icra müddəti göstərilmişdir.
Bizim bütün işlərimiz konkret xarakter
daşıyır və uğurlarımızın da səbəbi
məhz bundan ibarətdir.
Bizim
üçün ən ağır olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində əfsuslar olsun ki, heç bir irəliləyiş
yoxdur. Mən bu məsələ ilə bağlı ictimaiyyətə
kifayət qədər geniş məlumatlar
çatdırmışam. Müstəqilliyimizin 20 illik yubiley
tədbirində də kifayət qədər geniş məlumat
vermişəm, bəlkə də təkrara ehtiyac yoxdur. Sadəcə
demək istəyirəm ki, Azərbaycanın prinsipial
mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm
beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu
mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın
ərazi bütövlüyü danışıqlar
mövzusu deyil, olmayıb və
olmayacaqdır. Çalışacağıq ki, bütün
imkanlardan istifadə edib ərazi
bütövlüyümüzü bərpa edək. Yenə də
deyirəm, nəticə olmasa da son aylar ərzində beynəlxalq
vasitəçilər tərəfindən səslənən
fikirlər müəyyən ümidlər verir, xüsusilə
status-kvonun qəbul edilməməsi ilə bağlı. Yəni,
status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir,
münaqişə dondurulmuş münaqişə deyil və
status-kvonun dəyişdirilməsi təbii ki, işğal
edilmiş torpaqlardan işğalçı qüvvələrin
çıxarılmasını tələb edir və
münaqişənin həlli yolları məhz bundan
keçir. İşğalçı qüvvələr
işğal edilmiş torpaqlardan
çıxarılmalıdır. Beynəlxalq hüquq
normaları hər bir məsələnin həlli
üçün əsas olmalıdır, xüsusilə
münaqişələrlə bağlı olan məsələlərdə.
Biz çalışacağıq ki, bütün imkanlardan
istifadə edib bu məsələni tezliklə, ədalətli,
öz xeyrimizə - yəni beynəlxalq hüquq normaları əsasında
həll edək. Bununla bərabər, təbii ki, bu gün
dediyim bütün bu rəqəmlər - iqtisadi inkişaf,
iqtisadi potensial, demoqrafik durum və əlbəttə, hərbi
potensial məsələnin tezliklə ədalətli həll
edilməsi üçün öz rolunu oynayır və
oynayacaqdır.
Bu istiqamətdə
də çox böyük tədbirlər
görülmüşdür, dəqiq siyasət
aparılır. Həm bu ilin, həm əvvəlki illərin
iqtisadi göstəriciləri, həm hərbi
imkanlarımız göstərir ki, Ermənistanla Azərbaycan
arasındakı fərq böyüyür. Bu iki ölkə
müqayisəedilməzdir, bizim aramızda yerlə-göy qədər
fərq vardır. Bunu hamı bilir - həm beynəlxalq
ictimaiyyət, həm bu məsələ ilə birbaşa məşğul
olan tərəflər və qurumlar. Çox güman ki,
status-kvo ilə bağlı, yəni status-kvonun dəyişdirilməsi
ilə bağlı son bəyanatların təməlində də
məhz bu reallıq dayanır. Çünki həm biz bilirik,
həm hər bir qərəzsiz müşahidəçi bilir
ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir, Azərbaycanın
əhalisi artır, Ermənistanın əhalisi azalır.
O ki qaldı
hərbi məsələlərə, iqtisadi sahədə
bütün statistik göstəricilər əyani şəkildə
kimin kim olduğunu göstərir. Sadəcə olaraq, şəhərlərə,
necə deyərlər, qərəzsiz baxışlar zamanı
reallığı hər kəs görə bilir ki, Azərbaycan
nə qədər böyük yol keçmişdir və
ölkəmiz gündən-günə güclənir. O ki
qaldı hərbi balansa, deyə bilərəm ki, bu sahədə
son vaxtlara qədər bəlkə də erməni təbliğatı
nəticəsində bu fərq, - yəni bizim xeyrimizə olan
fərq, - beynəlxalq qurumlar və müşahidəçilər
tərəfindən o qədər də dərk edilmirdi. Ancaq
son müddətdə həm Azərbaycanda, həm Ermənistanda
keçirilən hərbi paradlar kimin kim olduğunu əyani
şəkildə göstərdi. Mən hesab edirəm ki, Ermənistanda
hərbi paradın keçirilməsi onların böyük səhvi
idi. Çünki əgər o vaxta qədər onlar həmişə
olduğu kimi, mifologiya hesabına, yaxud da ki, fantaziyalar
hesabına kimi isə inandırmağa
çalışırdılar ki, ən döyüşkən
ordu Ermənistan ordusudur. Onların keçirdiyi
dırnaqarası "hərbi parad"dan sonra hamı bildi ki,
Ermənistan ordusu necə vəziyyətdədir, hansı
acınacaqlı vəziyyətdədir. Mən, yəqin ki, siz
də, bütün ictimaiyyət də ilk dəfə
görmüşük ki, hərbi texnika özü yeriyə
bilmir, onları qoşqular, yük maşınları üzərində
paraddan keçirib nümayiş etdirirdilər. Bunun bir
neçə səbəbi ola bilər. Ya o texnika işləmir,
nasaz vəziyyətdədir, ya orada yanacaq yoxdur, ya da ki, hər
ikisi. Çox güman ki, hər iki amil burada rol
oynamışdır. Bu parad bir daha onu göstərdi ki, Ermənistan
müstəqil ölkə deyil, forpostdur. Əgər bu barədə
əvvəlki dövrdə də kifayət qədər
yüksək rütbəli, vəzifəli şəxslər bəyanatlar
vermişdilərsə, bu paradda gördüyümüz mənzərə
bunu bir daha təsdiq edir ki, Ermənistan forpost olaraq qalır.
Bir də Ermənistanda
keçirilmiş bu tədbir yəqin ki, tarixdə yeniliklə
yadda qalacaqdır. Orada din xadimlərinin iştirakı da sadəcə
olaraq, yumşaq desək, təəccüb doğurur.
Özü də əsgər kimi
addımlarla addımlayan keşişlər - buna söz
tapmaq çətindir. Biz başa düşürük ki, Ermənistan
işğalçı siyasəti nəticəsində
demoqrafik fəlakətlə üzləşib. Amma bu dərəcədə
təsəvvür etmirdik ki, artıq din xadimləri də
orada həqiqi hərbi xidmətə cəlb edilirlər.
Bu, nə qədər
gülməli səslənsə də, bir o qədər də
faciəvidir. Hesab edirəm onlar tezliklə dərk etməlidirlər
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli onların maraqlarına xidmət
edəcəkdir.
Nəhayət,
ölkəmizin imkanlarını, beynəlxalq müstəvidə
artan nüfuzunu bu yaxınlarda BMT-də keçirilən səsvermə
də əyani şəkildə təsdiqləyir.
Bildiyiniz
kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasına
üzv olmaq üçün müraciət etmişdir. Son
aylar ərzində bu məqsədə çatmaq
üçün diplomatiyamız böyük işlər
görmüşdür. Bu səsvermənin tarixçəsi də
maraqlıdır. Bəlkə Azərbaycan ictimaiyyəti bunu
bilmir. Deyə bilərəm ki, ilkin mərhələdə Ermənistan
da öz namizədliyini bizimlə bərabər vermişdi.
Ancaq bir neçə ay bundan əvvəl yəqin ki, orada
götür-qoy etdilər və anladılar ki, Azərbaycan ilə
diplomatik sahədə də onlar rəqabət aparmaq
iqtidarında deyillər və çox sakitcə, səs
salmadan öz namizədliyini geri götürdülər. Yəni,
bu, artıq özlüyündə göstərirdi ki, Azərbaycan
qarşısında onlar acizdirlər və bunu etiraf edirlər.
Bilirlər ki, onların işğalçı siyasəti, Azərbaycana
qarşı aparılan işğalçı siyasət,
onların çirkin əməlləri, məkrli planları
dünya ictimaiyyəti tərəfindən heç vaxt dəstəklənə
bilməz. Əksinə, dünya ictimaiyyəti bunu pisləyir
və pisləyəcəkdir. Bunun nəticəsidir ki, Ermənistan
öz namizədliyini geri götürmüşdür və
yenə də demək istəyirəm çox sakit şəkildə
ki, bu rüsvayçılığı çox adam, çox
ölkə bilməsin.
Ümid edirəm
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində də onlar eyni
yanaşmanı göstərəcəklər, yenə də
götür-qoy edəcəklər. Nəhayət, anlayacaqlar
ki, Azərbaycanla heç bir sahədə onlar rəqabət
apara bilmirlər və bilməyəcəklər. Nə qədər
tez bunu anlasalar, onlar üçün bir o qədər
yaxşı olacaqdır. Çünki onların BMT Təhlükəsizlik
Şurasına seçkilərdə siyasi və diplomatik
iflası, uğursuzluğu istisna edilmir ki, təkcə
diplomatik meydanla məhdudlaşmayacaqdır. Azərbaycan
güclü dövlətdir və güclü dövlətlərlə
qonşular adətən dost olmaq istəyirlər.
O ki qaldı
seçkilərə, seçkilər hələ davam edir. Bir
neçə tur artıq olmuşdur. Birinci turda Azərbaycan
birinci yerdə idi. İkinci və ondan sonrakı turlarda da Azərbaycan
böyük üstünlüklə irəlidədir. Bu
gün, ayın 24-də növbəti turlar keçiriləcəkdir,
ancaq indi də demək olar ki, bu, bizim böyük qələbəmizdir.
Son nəticədən asılı olmayaraq tam qətiyyətlə
deyə bilərəm və tam əminəm ki, bu nəticə
tarixi nəticədir. 113 ölkə Azərbaycanı dəstəkləyir.
Bu, tarixi nailiyyətdir. Bu, dünya ictimaiyyətinin Azərbaycana
olan münasibətinin əlamətidir, ölkənin
inkişafının təzahürüdür. Amma mən
çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycan etibarlı tərəfdaşdır.
Bu cümlədə çox böyük məna vardır. Bəlkə
indi bunu eşidən o qədər də, necə deyərlər,
tam həcmdə təsəvvür edə bilmir ki, bu fikirdə
nə qədər böyük məna vardır. Etibarlı tərəfdaş
olmaq çox böyük məsuliyyətdir və böyük
nailiyyətdir. Biz doğrudan da, etibarlı tərəfdaşıq.
Siyasətimiz kiminsə xoşuna gələ də, gəlməyə
də bilər. Biz çalışmırıq ki,
hamının xoşuna gələk. Biz siyasətimizi
aparırıq. Azərbaycan etibarlı tərəfdaşdır.
Bizim sözümüzlə əməlimiz arasında heç
bir fərq yoxdur. Bizim sözümüzlə imzamız
arasında heç bir fərq yoxdur. Bu etibarı qazanmaq asan məsələ
deyildir, xüsusilə gənc müstəqil dövlət
üçün. Biz müstəqilliyimizin 20 illik yubileyini bu
yaxınlarda qeyd etmişik, böyük uğurlar, gələcək
planlar haqqında danışmışıq. Deyə bilərəm
ki, 113 ölkənin Azərbaycana dəstək verməsi bu 20
ilin məntiqi nəticəsidir.
Bir sözlə,
həm ölkə daxilindəki vəziyyətlə, daxildə
aparılan islahatlarla, eyni zamanda, xarici siyasətimizin
aparılması ilə bağlı, yenə də deyirəm,
konkret proqramlarımız, planlarımız, siyasətimiz
vardır. Bu siyasət imkan verir ki, ölkəmiz sürətlə,
uğurla inkişaf etsin.
* * *
Sonra məruzə
ilə çıxış edən maliyyə naziri Samir
ŞƏRİFOV bildirdi ki, dünya iqtisadiyyatında
qeyri-müəyyənlik və güclənən inflyasiya meyillərinə
baxmayaraq, bu ilin 9 ayında ölkədə makroiqtisadi dinamika
müşahidə edilmiş, iqtisadiyyatın qeyri-neft sektorunda
yüksək artım qeydə alınmış, dövlətin
maliyyə mövqeyi güclənmiş, əhalinin pul gəlirləri
artmışdır. Ölkəmizin inkişafı beynəlxalq
kredit reytinq agentlikləri tərəfindən də təsdiq
olunmuşdur. Samir Şərifov vurğuladı ki, son 9 ayda
büdcə vəsaiti hesabına dövlətə məxsus əsas
sosial vəzifələrin sabit maliyyələşdirilməsi
təmin edilmiş, əmək haqları, müavinət,
pensiya, dövlət borcu və xidmətləri üzrə
bütün öhdəliklər yerinə yetirilmişdir.
Nazir
demişdir:
- Cari ilin
doqquz ayında dövlət büdcəsinin mədaxili 8
milyard 979 milyon manat və ya 105,6 faiz yerinə yetirilməklə
ötən ilin eyni dövrü ilə müqayisədə
19,6 faiz və yaxud 1 milyard 474 milyon manat çox olmuşdur.
Təsdiq
olunmuş proqnoza Vergilər Nazirliyi tərəfindən 112,4
faiz, yəni büdcəyə 4 milyard 63 milyon manat, ötən
ilin eyni dövrünə nisbətən isə 936 milyon manat və
ya 29,9 faiz çox vəsait təmin olunmuşdur.
Dövlət
Gömrük Komitəsi tərəfindən büdcəyə
843 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən
0,2 faiz (1,5 milyon manat), ötən ilin müvafiq dövrünə
nisbətən isə 15,4 faiz
(113,0 milyon manat) çox deməkdir.
Dövlət
Neft Fondu tərəfindən büdcəyə 4 milyard 21 milyon
manat vəsait transfer edilmişdir.
Sair gəlirlər
üzrə büdcəyə 48,8 milyon manat vəsait daxil
olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 31 milyon manat (3,7 dəfə) çoxdur.
Dövlət
büdcəsinin gəlirlərinin tərkibində
qeyri-dövlət sektoru üzrə büdcə daxilolmalarının
həcmi xüsusilə qeyd olunmalıdır. 2010-cu ilin
müvafiq dövrünə nisbətən onlar 27,7 faiz və
ya 684 milyon manat artmış, xüsusi çəkisi isə
2,2 faiz artaraq 34,1 faizə çatmışdır.
2011-ci ilin
doqquz ayında dövlət büdcəsinin xərcləri
proqnoza nisbətən 87,7 faiz və ya 8 milyard 735 milyon manat,
ötən ilin eyni dövrü ilə müqayisədə isə
1 milyard 898 milyon manat və ya 27,8 faiz çox icra
olunmuşdur.
Dövlət
büdcəsinə daxil olan vəsaitin 33,9 faizi və ya 2
milyard 962 milyon manatı sosial təyinatlı xərclərin
maliyyələşdirilməsinə yönəldilməklə
2010-cu ilin eyni dövrü ilə müqayisədə 420 milyon
manat və ya 16,5 faiz çox olmuşdur.
Sosial təyinatlı
xərclərə aid olan təqaüdlərin və sosial
müavinətlərin ödənişinə 1 milyard 63 milyon
manat və yaxud ötən ilin eyni dövrünə nisbətən
20,2 faiz (178,3 milyon manat), əməyin ödənişi fonduna
1 milyard 770 milyon manat və yaxud ötən ilin eyni
dövrünə nisbətən 14,5 faiz (224 milyon manat), ərzaq
və dərman xərclərinə 129 milyon manat və yaxud
ötən ilin eyni dövrünə nisbətən 15,9 faiz
(18,0 milyon manat) çox vəsait sərf edilmişdir.
Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin,
ilk növbədə, pensiya təminatı sistemində
islahatların həyata keçirilməsi və 2010-cu ilin
yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin
pensiyalarına əmək stajlarına uyğun olaraq
artımın tətbiqi üçün tarixi qərarınıza
uyğun olaraq, cənab Prezident, dövlət qanunlarında
müvafiq dəyişikliklər edilməklə dövlət
büdcəsindən 195 milyon manat vəsait
ayrılmışdır.
Cənab
Prezident, ölkə iqtisadiyyatına investisiya qoyuluşu xərclərinin
ilbəil ənənəvi artım dinamikası cari ilin doqquz
ayında da davam etmiş, geniş spektrli sosial və fiziki
infrastruktur layihələrinin həyata keçirilməsi
maliyyələşdirilmişdir.
2011-ci ilin
doqquz ayı ərzində icmal büdcənin investisiya xərcləri
3 milyard 985 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu
ilin eyni dövrü ilə müqayisədə 1 milyard 116
milyon manat və ya 38,9 faiz çox deməkdir. Bu xərclərin
3 milyard 281 milyon manatı və ya 54,2 faizi dövlət
büdcəsi xətti ilə, Naxçıvan Muxtar
Respublikasının büdcəsi xətti ilə 32,2 milyon
manat, Dövlət Neft Fondunun xətti ilə 335,6 milyon manat,
xarici kreditlər hesabına isə 336,2 milyon manat xərclər
həyata keçirilmişdir.
Həmin vəsaitdən
təhsil, səhiyyə, mədəniyyət, idman və digər
sosial-mədəni və məişət təyinatlı
obyektlərin tikintisinə və yenidən qurulmasına 394
milyon manat vəsait istifadə olunmuşdur. Müharibə əlilləri,
şəhid ailələri və bu kateqoriyadan olan digər
insanlar üçün yaşayış evlərinin və
sosial obyektlərin tikintisinə 37 milyon manat, regionlarda idman
komplekslərinin tikintisi və yenidənqurulmasına 31 milyon
manat vəsait yönəldilmişdir.
Ölkənin
əsas enerji, su təchizatı, qaz, kommunal, meliorasiya
infrastrukturlarının tikintisi və yenidənqurulmasına
761 milyon manat, o cümlədən regionların içməli
su və suvarma-drenaj infrastrukturlarının yaradılması
və yenidənqurulmasına 119 milyon manat, Bakı şəhərində
və regionlarda elektrik paylayıcı şəbəkəsinin
yenidənqurulmasına 102 milyon manat, qazlaşdırma tədbirlərinə
isə 150 milyon manat vəsait ayrılmışdır.
"Azərbaycan
Respublikasında kosmik sənayesinin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı"nın
həyata keçirilməsi üçün dövlət
büdcəsindən 20 milyon manat vəsait yönəldilmişdir.
Ölkənin
bir çox magistral, şəhər, rayon, qəsəbədaxili
yolları yenidən çəkilir, bəzilərində
artıq işlər başa çatmışdır. Paytaxt
Bakı şəhəri yaxınlığında
böyük yeni müasir dəniz və hava limanlarının
təməli qoyulmuş, gəmiqayırma zavodunun tikintisinə
başlanılmışdır.
Bütövlükdə
ölkənin nəqliyyat sektoruna cari ilin doqquz ayında 1
milyard 176 milyon manat vəsait yönəldilmişdir. Bu vəsaitin
768 milyon manatı avtomobil nəqliyyatına və yollarına
aid olan infrastruktur layihələrin maliyyələşdirilməsinə,
136 milyon manat Bakı Metropoliteninin inkişafına və
genişlənməsinə, 216 milyon manat "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyətinə, 46,6
milyon manat Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinə
gəmi bərələrinin alınmasına sərf
edilmişdir.
2011-ci ilin
doqquz ayında Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan həlli vacib hesab edilən bir sıra sosial və
infrastruktur layihələrinin həyata keçirilməsinə
147 milyon manat, o cümlədən regionların sosial iqtisadi
inkişafının sürətləndirilməsi, yenidənqurulması
və abadlaşdırılması işlərinin davam etdirilməsinə
30 milyon manat vəsaitin ayrılmasına dair ölkə
Prezidenti tərəfindən müvafiq sərəncamlar
imzalanmışdır.
Cənab
Prezident, sahibkarlığa hərtərəfli dəstəyin
göstərilməsi 2011-ci ildə də hökumətin
qarşısında qoyduğunuz əsas vəzifələrdən
biri kimi qalmaqdadır.
Cari ilin
doqquz ayında 1287 sahibkarlıq subyektinə iqtisadiyyatın
müxtəlif sahələri üzrə Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitləri hesabına 106 milyon
manat güzəştli kredit verilmişdir ki, bunun da 34 milyon
manatını dövlət büdcəsindən ayrılan vəsait
təşkil edir.
Güzəştli
kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi
isə Bakı qəsəbələrinin payına
düşmüş, bu kreditlər hesabına 5110 yeni iş
yerinin açılacağı nəzərdə
tutulmuşdur.
2011-ci ilin
doqquz ayı ərzində ötən ilin müvafiq dövrü
ilə müqayisədə investisiya layihələrinin
sayı 27 faiz, verilmiş güzəştli kreditlərin məbləği
31 faiz, yeni açılmış iş yerlərinin sayı
isə 37 faiz artmışdır.
Aqrar sektora
dövlət qayğısının daha da
artırılması məqsədilə fermer təsərrüfatlarına
kreditlərin verilməsi, lizinq xidmətinin
yaxşılaşdırılması, kənd təsərrüfatı
texnikasının və aqrokimyəvi maddələrin
alınması üçün "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinə 35 milyon manat, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına kreditlərin verilməsi
üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait
yönəldilmişdir.
Fəaliyyətə
başladıqları dövrdən dövlət büdcəsindən
və digər mənbələrdən üst-üstə
Sahibkarlığa Kömək Milli Fonduna 453 milyon manat,
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə
318 milyon manat (kənd təsərrüfatı
texnikasının lizinq yolu ilə satışı), Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyinə 40 milyon manat (kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan
fermerlərə kreditlərin verilməsi) vəsait
ayrılmışdır.
Cari ilin
ötən doqquz ayı ərzində regionların
inkişafı istiqamətində də müsbət nəticələr
əldə edilmişdir. Belə ki, ölkə
başçısının regionlara mütəmadi səfərləri,
200-dən çox müxtəlif təyinatlı obyektlərlə
tanışlığı, o cümlədən yeni müəssisələrin
açılış və təməlqoyma mərasimlərində
iştirakı regionların tarazlı inkişafının təmin
edilməsi və əhalinin həyat səviyyəsinin daha da
yüksəlməsində müstəsna rol
oynamışdır.
Bu dövrdə
regionlarda 80-dən çox müəssisə, o cümlədən
30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə
verilmiş, 200-ə yaxın müəssisə, o cümlədən
80-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir.
İcazə
verin, möhtərəm Prezident, Sizi əmin edim ki,
bugünkü müşavirədə verəcəyiniz
tapşırıqlar da nəzərə alınmaqla, 2011-ci
büdcə ilinin uğurla başa çatdırılması
və müəyyən etdiyiniz inkişaf xəttinin həyata
keçirilməsi üçün Maliyyə Nazirliyinin
kollektivi səylərini əsirgəməyəcək, bundan
sonra da əzmlə çalışacaqdır.
Diqqətinizə
görə təşəkkür edirəm.
* * *
Kənd təsərrüfatı
naziri İsmət ABASOV bu sahədə son 20 ildə əldə
edilən uğurlardan danışdı. Qeyd etdi ki,
ümummilli lider Heydər Əliyev 1995-2003-cü illərdə
kənd təsərrüfatı sektorunun hüquqi-normativ
bazasının yaradılması istiqamətində
mühüm işlər görmüş, bununla da ölkədə
aqrar islahatlar uğurla icra olunmuşdur.
Azərbaycan
Prezidenti İlham Əliyevin diqqət və qayğısı
sayəsində kənd təsərrüfatı sahəsində
uğurların davamlı xarakter aldığını deyən
İsmət Abasov son illərdə məhsul istehsalında
yüksək artımın müşahidə olunduğunu,
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin
yaradıldığını və kənd təsərrüfatı
sektorunun texnika ilə tam təmin edildiyini bildirdi:
- Dövlət
büdcəsinin vəsaiti hesabına 2005-2010-cu və 2011-ci
ilin doqquz ayı ərzində 12 min 357 ədəd kənd təsərrüfatı
texnikaları, o cümlədən 990 ədəd
taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 dəst
texnoloji avadanlıq, o cümlədən soyuducu kamera, süd
zavodu, yem istehsalı zavodu, istixana və digər avadanlıq,
300 min ton mineral gübrə, 300 ton pestisid alınmış, təsdiq
edilmiş qaydalara müvafiq olaraq satılmış və ya
lizinqə verilmişdir.
Hazırda
respublikanın əksər rayonlarında "Aqrolizinq"
ASC-nin aqroservis filialları fəaliyyət göstərir.
Kənd təsərrüfatı
məhsulları istehsalçılarını
stimullaşdırmaq məqsədilə hazırda dövlət
büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə
subsidiyalar verilir. Belə ki, Azərbaycan Respublikası
Prezidentinin "Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi haqqında"
23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə
bağlı istehsalçılara hər hektar əkin sahəsinin
və çoxillik əkmələrin becərilməsində
sərf olunan yanacaq və motor yağlarına, habelə hər
hektar buğda və çəltik səpininə görə
2007-ci ildən indiyədək 360 milyon 300 min manat pul,
toxumçuluq və tinglik təsərrüfatlarından
satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə
görə 2007-2010-cu illər ərzində dövlət
büdcəsinin vəsaiti hesabına təsərrüfatlara
ümumilikdə 15 milyon 100 min manatdan çox subsidiya
verilmişdir.
Bununla
yanaşı, 2007-ci ildən hüquqi və fiziki şəxslər
tərəfindən idxal olunan kənd təsərrüfatı
məhsulları istehsalında istifadə olunan 294 min 700 ton
gübrənin dəyərinin orta hesabla 50 və ya 70 faizinin
güzəştlə satılmasına görə həmin təşkilatlara
49 milyon manatdan çox vəsait ödənilmişdir.
Bu tədbirlərin
nəticəsi olaraq kənd təsərrüfatında 2008-ci
ildə 1 milyon 77 min 100 ton kartof, 1 milyon 228 min 300 ton tərəvəz
toplanmış, 2009-cu ildə taxıl istehsalı 2 milyon 988
min 300 tona, o cümlədən buğda istehsalı 2 milyon 140
min 800 tona çatdırılmış, 2010-cu ildə 433 min
600 ton bostan məhsulları, 729 min 500 ton meyvə və 129 min
500 ton üzüm istehsal olunmuşdur.
2000-ci ilə
nisbətən 2010-cu ildə taxıl istehsalı 1,3 dəfə,
kartof 2 dəfə, tərəvəz 1,5 dəfə, bostan məhsulları
1,7 dəfə, meyvə 1,5 dəfə, üzüm 1,7 dəfə,
şəkər çuğunduru 5,4 dəfə, ət 2,3 dəfə,
süd 1,5 dəfə, qaramalın baş sayı 1,3 dəfə,
davarların baş sayı isə 1,4 dəfə
artmışdır.
Dünyanın
əsas problemlərindən olan ərzaq
çatışmazlığının hökm
sürdüyü dövrdə respublika əhalisinin ərzaq təminatını
özlərinin ümdə vəzifəsi hesab edən və
bu vəzifəni uğurla həyata keçirən fermer və
sahibkarlar həmişə olduğu kimi əzmlə
çalışır, vətəninə, xalqına və cənab
Prezident, şəxsən Sizə xidmət etməkdən
şərəf hissi duyaraq, göstərdiyiniz hərtərəfli
qayğı və dəstəyə görə öz dərin
minnətdarlıqlarını bildirirlər.
Möhtərəm
cənab Prezident!
Aqrar sahəyə
göstərilən çoxşaxəli dəstəyin nəticəsi
olaraq 2011-ci ilin 9 ayında ölkədə kənd təsərrüfatı
məhsullarının istehsalı əvvəlki illərdə
olduğu kimi, öz dinamik inkişafını davam etdirmiş
və kənd təsərrüfatında ümumi məhsul
istehsalı 3 milyard 876 milyon 700 min manat olmaqla keçən
ilin müvafiq dövrünə nisbətən 7,6 faiz
artmış, o cümlədən bitkiçilikdə 10,6 faiz
və heyvandarlıqda 3,7 faiz təşkil etmişdir.
2011-ci ilin məhsulu
üçün 967 min 300 hektar sahədə payızlıq və
yazlıq dənli və dənli paxlalılar əkilmişdir
ki, onun da 654 min 200 hektarını buğda təşkil
etmişdir.
Yazlıq dənli
və dənli paxlalılar da daxil olmaqla cəmi 400 min 300
hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu
da keçənildəkindən 5,1 faiz çoxdur. Bir oktyabr vəziyyətinə
960 min 700 hektarda və ya ümumi sahənin 99,3 faizində
biçin aparılmış və 2 milyon 431 min ton dənli və
dənli paxlalılar istehsal edilmişdir. İstehsal olunmuş
ümumi məhsulun 1 milyon 640 min tonunu və ya 67,5 faizini
buğda təşkil etmişdir. Bu il ötən ildəkindən
331 min 100 ton artıq buğda istehsal edilmiş, məhsuldarlıq
5,2 sentner artmışdır. Mövsümün sonuna 2 milyon
450 min tondan çox dənli və dənli paxlalıların
istehsalı gözlənilir ki, bu da keçən ildəkindən
təxminən 450 min ton və ya 22,5 faiz çoxdur.
Pambıq
yığımı dövründə hava şəraitinin əlverişsiz
keçməsinə baxmayaraq, oktyabrın 17-i vəziyyətinə
33 min 348 ton məhsul toplanmışdır ki, bu da keçən
ilin eyni dövrü ilə müqayisədə 11 min 800 ton və
ya 54,9 faiz çoxdur. Pambıq yığımı davam edir.
Bitkilərin,
əsasən taxılın zərərli və xüsusi təhlükəli
zərərverici orqanizmlərdən mühafizə edilməsi,
respublikanın fitosanitar sabitliyinin qorunması məqsədilə
səmərəli mübarizə tədbirləri həyata
keçirilmiş, məhsul itkisinin qarşısı
alınmış, zərərvericilərin yayılma
arealı xeyli azalmışdır.
Kənd təsərrüfatının
mühüm sahəsi olan heyvandarlıq da öz
inkişafını davam etdirmiş, son illər naxırın
cins tərkibinin yaxşılaşdırılması istiqamətində
görülmüş işlər məhsul istehsalına
müsbət təsirini göstərmişdir.
Mal-qaranın
cins tərkibinin yaxşılaşdırılması
üçün xüsusi proqram həyata keçirilir. Az məhsuldar
heyvanların yüksək məhsuldar heyvanlarla əvəz
edilməsi işi uğurla davam etdirilir.
Cari ilin 9
ayında keçən ilin müvafiq dövrünə nisbətən
mal-qaranın baş sayı 47 min 100 baş artaraq 2 milyon 664
min başa, davarların baş sayı isə 116 min 350 baş
artaraq 8 milyon 574 min 800 başa çatmışdır.
Uyğun olaraq 333 min 613 ton (diri çəkidə) ət və
1 milyon 230 min 353 ton süd istehsal edilmişdir.
Ölkə ərazisinin
təhlükəli epizootik xəstəliklərdən
qorunması, heyvanlar arasında yoluxucu xəstəliklərin
baş verməsinin qarşısının alınması,
ölkəyə gətirilən heyvan və heyvan mənşəli
məhsulların sanitar keyfiyyətinin yoxlanılması istiqamətində
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Xidməti tərəfindən geniş profilaktik tədbirlər
həyata keçirilir.
Azərbaycan
hökuməti ilə beynəlxalq maliyyə qurumları
arasında imzalanmış müqavilələrə uyğun
olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
həyata keçirilən layihələr aqrar sahədə
öz müsbət nəticəsini vermiş və bu layihələrin
daha da genişləndirilməsi kənd təsərrüfatı
məhsulları istehsalının artırılmasına və
kənd əhalisinin rifahının daha da
yaxşılaşmasına öz müsbət təsirini verəcəkdir.
Respublikada
uğurla davam etdirilən aqrar islahatlar nəticəsində
getdikcə artan kənd təsərrüfatı məhsullarının
saxlanması, tədarükü və satışında ciddi
struktur dəyişiklikləri baş vermiş, ölkənin
müxtəlif bölgələrində müasir tipli
taxıl və soyuducu anbar kompleksləri tikilmiş və bu
işlər hazırda daha da genişləndirilir.
Möhtərəm
cənab Prezident!
Respublika əhalisinin
kənd təsərrüfatı məhsulları ilə daxili
istehsal hesabına təmin edilməsi məqsədilə iqtisadiyyatın
bu vacib sahəsinin inkişafına yönəldilmiş diqqət
və qayğınıza görə fermer və sahibkarlar
adından Sizə öz dərin minnətdarlığımı
bildirir və əmin edirəm ki, üzərimizə
düşən vəzifələri layiqincə yerinə yetirəcək
və əhalini keyfiyyətli kənd təsərrüfatı
məhsulları ilə təmin edəcəyik.
Diqqətinizə
görə təşəkkür edirəm.
* * *
"Prezident
İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə
bağlı gördüyü işlərin nəticəsidir
ki, ölkədə möhtəşəm, bir çox hallarda
isə regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara
əsaslanan nəhəng layihələr reallaşır və
bu istiqamətdə işlər uğurla davam edir". Bu
sözləri isə nəqliyyat naziri Ziya MƏMMƏDOV dedi.
Nazir bildirdi ki, bu ilin doqquz ayında da nəqliyyat sektorunda
uğurlar əldə olunmuşdur. Ziya Məmmədov hesabat
dövründə nəqliyyatın işinin səmərəli
təşkili üçün zəruri tədbirlər
görüldüyünü, bütün infrastruktur layihələrinin
vaxtında icra edildiyini bildirərək demişdir:
- 2011-ci ilin
9 ayı ərzində nəqliyyat sektoru üzrə əsas
iqtisadi göstəricilər yerinə yetirilmiş, 152,6 milyon
ton yük, 938,6 milyon nəfər sərnişin
daşınmışdır. Yüklərin 16,4 milyon tonu dəmir
yolu, 9,3 milyon tonu su, 36 min tonu hava, 81,6 milyon tonu avtomobil nəqliyyatı
ilə daşınmış, 45,3 milyon tonu isə boru kəmərləri
vasitəsilə nəql edilmişdir. Bakı Beynəlxalq Dəniz
Ticarət Limanında 9 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə
yetirilmişdir.
Möhtərəm
cənab Prezident!
Müstəqilliyimizin
ilk 10 ili quruculuq, mövcud iqtisadiyyatın qorunub
saxlanılması, möhkəmləndirilməsi kimi işlərlə
xarakterizə olunurdusa, 2003-cü ildən başlayan növbəti
mərhələ köklü islahatlar, sürətli
inkişaf və yüksəliş dövrü kimi qiymətləndirilir.
2003-2011-ci illər ərzində 1,4 milyard ton yük, 10,1
milyard sərnişin daşınmışdır. Bu dövr ərzində
Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin Azərbaycan
hissəsində daşınmış yüklərin həcmi
415,1 milyon tona, o cümlədən tranzit yüklərin həcmi
125,5 milyon tona bərabər olmuşdur.
Hesabat
dövründə dəmir yollarının inkişafına
124 milyon manat vəsait sərf olunmuşdur. Dəmir yolunda 27,4 kilometr yol əsaslı və
orta təmir edilmiş, 11 ədəd elektrik və dizel
lokomotivləri, 212 ədəd sərnişin vaqonu, 2886 ədəd
isə müxtəlif çeşidli yük vaqonları təmirdən
keçirilərək istismara verilmişdir.
"Bakı-Tbilisi-Qars
dəmir yolu layihəsi" üzrə işlər davam
etdirilmiş, hazırda yolun Axalkalaki-Kartsaxi hissəsində
yer yatağının hazırlanması və süni
qurğuların inşası və Kartsaxidə stansiya
binasının tikintisi həyata keçirilir. Həmçinin
Axalkalaki stansiyasının və Türkiyə-Gürcüstan
sərhədində tikiləcək 4,2 kilometr uzunluğunda
tunelin layihələndirilməsi işləri aparılır.
Eyni zamanda yolun 153 kilometrlik Marabda-Axalkalaki sahəsinin 3 mərhələdən
ibarət reabilitasiya və rekonstruksiyasının I mərhələsində
işlər davam etdirilmişdir.
Bununla yanaşı,
dəmir yolunun bu marşrut üzərində yerləşən
infrastrukturunun yeniləşdirilməsi tədbirləri müəyyən
edilmiş və "Azərbaycan Respublikasında dəmir yolu
nəqliyyatı sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı"nın
icrasına başlanılmışdır.
Su nəqliyyatının
inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə
dövlət büdcəsindən ayrılmış vəsait
hesabına 2 ədəd bərə alınaraq istismara
verilmiş, 2 ədədinin isə Xorvatiya
Respublikasının Pula şəhərində tikintisinə
başlanılmış, bir ədəd üzən dokun
hazırlanması üçün sifariş verilmişdir.
Bundan əlavə, Gəmi Təmiri Zavodunun
köçürülməsi və ərazinin təmizlənməsi
işləri həyata keçirilmiş və Xəzər Dəniz
Gəmiçiliyinin daxili imkanları hesabına müasir gəmi
təmiri zavodunun tikintisinə başlanılmışdır.
Yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi
çərçivəsində ərazinin tikintiyə
hazırlanması və Bakı-Ələt avtomobil yolu ilə
liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi
və tikintisi işlərinə
başlanılmışdır. Hazırda liman akvatoriyasında
Hollandiyanın "Van Oord" şirkəti tərəfindən
dibdərinləşdirmə işləri aparılır.
Yaxın günlərdə liman ərazisinin quru hissəsində
tikinti və avadanlıqların təchizatı işlərini
aparacaq podratçının müəyyən edilməsi məqsədilə
tender keçiriləcəkdir.
Hava nəqliyyatı
infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri
parkının yeniləşdirilməsi məqsədilə
2011-ci ildə "Azərbaycan Hava Yolları" QSC tərəfindən
6 ədəd "Airbus-320"
və 1 ədəd "Boeing 767-300 ER" tipli sərnişin
təyyarələri alınaraq istismara verilmiş və
"Boeing" şirkəti ilə yeni sifarişlərlə
bağlı sazişlər imzalanmışdır.
2011-ci ildə
İzmir, Aberdin (Şotlandiya) və Simferopol şəhərlərinə
yeni reyslər açılmış, Bakı-Kiyev-Bakı,
Bakı-Trabzon-Bakı reysləri bərpa olunmuş və
mövcud uçuş reyslərinin sayı artırılmışdır. Naxçıvan Muxtar
Respublikasına "Airbus-320" tipli təyyarələrlə
reyslərin yerinə yetirilməsinə
başlanılmışdır.
Cari ildə
dövlət büdcəsindən ayrılmış vəsait
hesabına Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni
aerovağzal kompleksinin, uçuş-enmə
zolağının, hava gəmiləri üçün 4
anqarın və Qəbələdə hava limanının
tikintisi üzrə işlər davam etdirilmişdir.
Beynəlxalq
maliyyə qurumlarının kreditləri hesabına
Naxçıvan və Gəncə Beynəlxalq hava
limanlarında radiotexniki vasitələrin
quraşdırılması üzrə dövlətlərarası
layihə başa çatdırılmışdır. Milli
Aviasiya Akademiyasının ərazisində Təlim-məşq
mərkəzinin tikintisi başa
çatdırılmış, "Airbus", "Boeing",
"ATR" tipli hava gəmiləri
üçün trenajorların tətbiqinə
başlanılmışdır.
Hesabat
dövründə "London-Taksi" şirkətinə məxsus
300 yeni taksi avtomobili gətirilərək istismara verilmiş və
bu ilin sonunadək daha 700 taksi avtomobili gətiriləcəkdir.
Cari ildə Quba, Xaçmaz və Tərtər şəhərlərində
yeni avtovağzallar istismara verilmişdir.
Bakı
şəhərində Nəqliyyatın İntellektual İdarə
Edilməsi Sisteminin inzibati binasının tikintisi başa
çatdırılmış, sistemin əhatə dairəsində
sahə avadanlıqlarının və intellektual idarəetmə
mərkəzində informasiya texnologiyaları
avadanlıqlarının quraşdırılması
yekunlaşmışdır. Hazırda mərkəzdə
proqram təminatının yüklənməsi üzrə
işlər aparılır. Sizin, cənab Prezident, mərkəzə
baxış keçirdiyiniz zaman verdiyiniz tövsiyə və
tapşırıqlarınız nəzərə
alınmış və sistemin cari ilin dekabr ayında istismara
verilməsi planlaşdırılır.
2011-ci ilin 9
ayı ərzində avtomobil yollarının saxlanmasına
ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə
959,2 milyon manatlıq iş yerinə yetirilmişdir.
Hesabat
dövründə 467,6 kilometr, o cümlədən 160,4
kilometr respublika əhəmiyyətli, 307,2 kilometr yerli əhəmiyyətli
və Bakı şəhərində 46,3 kilometr yol təmir
olunmuşdur.
Möhtərəm
cənab Prezident!
"Bakı
şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə 2008-2013-cü illər üçün əlavə
Tədbirlər Planı"nda 17 yeni yol
qovşağının, 75 piyada keçidinin, yeni avtomobil
yollarının, avtomobillər üçün parklanma yerlərinin
tikilməsi və mövcud yol qovşaqlarının təmiri
nəzərdə tutulmuşdur. Tədbirlər planına
uyğun olaraq, hesabat dövründə Heydər Əliyev Hava
Limanı-Mərdəkan-Bilgəh-Novxanı-M1-M2 magistralına
çıxış avtomobil yolunun 8 cərgəli hərəkət
üçün yenidən qurulma layihəsinin icrası davam
etdirilmişdir.
Heydər
Əliyev Beynəlxalq Aeroportu-Bilgəh avtomobil yolu üzərində
Aeroport və Binə yol qovşaqlarının, bu yolun 1,6
kilometrində yeraltı və 4-cü kilometrində
yerüstü piyada keçidlərinin, üç səviyyəli
Mərdəkan qovşağının, yolun 11 və 12-ci
kilometrlərində isə piyada keçidlərinin tikintisi
başa çatdırılaraq istismara verilmişdir. Buzovna-Mərdəkan-Qala,
Bakı-Ələt yolunun 2-4 kilometr sahəsi (Bayıl qəsəbəsindən
Bayraq Meydanına gedən yol), Zığ qəsəbəsi-Aeroport
avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən
avtomobil yollarının tikintisi davam etdirilir.
Hesabat ilində
Bakı şəhərində qəsəbələr də
daxil olmaqla avtomobil yolları, küçə və prospektlərin
təmiri və saxlanmasında 25,2 milyon manatlıq iş
görülüb, 46,3 kilometr yol təmir olunmuşdur.
Cari ildə
yol-istismar idarələri üçün 131 müxtəlif təyinatlı
maşın və mexanizm, bir ədəd beton zavod
alınmışdır.
Bütövlükdə
hesabat dövründə nəqliyyatın cari fəaliyyətinin
təşkilinə yönəldilmiş texniki və təşkilati
tədbirlərlə yanaşı, beynəlxalq əməkdaşlıq
və normativ hüquqi bazanın təkmilləşdirilməsi
istiqamətində də müvafiq işlər
görülmüşdür. Regional əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə beynəlxalq nəqliyyat
təşkilatlarının bütün tədbirlərində
nazirlik lazımi səviyyədə təmsil olunmuşdur.
Möhtərəm cənab Prezident!
İcazə
verin, nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi
diqqət və qayğıya
görə Sizə dərin minnətdarlığımızı
ifadə edim və əmin edim ki, nəqliyyatçılar
bundan sonra da Zati-alilərinizin tapşırıq və
tövsiyələrini böyük məsuliyyət hissilə
yerinə yetirəcəklər.
Diqqətinizə
görə minnətdaram!
Azərbaycan.- 2011.- 25 oktyabr.- S. 1, 2, 3.