Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclası keçirilmişdir
Prezident İlham Əliyevin yekun nitqi
- İlin sonuna qədər nəzərdə tutulmuş bütün proqramlar icra edilməlidir. Artıq ilin 9 ayı göstərir ki, bu il də bizim proqramların icrası ilə bağlı heç bir problemimiz yoxdur. Hər bir proqram uğurla icra edilir. Hər bir istiqamət üzrə görülən işlər haqqında vaxtaşırı məlumatlar verilir, təhlillər aparılır və əlavə göstərişlər verilir. Beləliklə, əminəm ki, ilin sonuna qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz artıq 2012-ci ildə görüləcək işlər haqqında da çox fikirləşməliyik.
Əminəm ki, ilin sonuna qədər makroiqtisadi vəziyyət də sabit olaraq qalacaqdır. Çünki ilin 9 ayında inflyasiya cəmi 8,4 faiz olmuşdur. Yəni, inflyasiya birrəqəmlidir. İlin əvvəlində də qarşıya belə vəzifə qoyulmuşdu ki, inflyasiya birrəqəmli olsun. Ümid edirəm ki, ilin sonuna qədər birrəqəmli inflyasiya qalacaqdır.
Nəzərə alsaq ki, bu il əhalinin pul gəlirləri 19 faiz artmışdır, görərik ki, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. Bu da son illər ərzində müşahidə olunan bir mənzərədir. Hər il əhalinin pul gəlirləri inflyasiyanı iki dəfə, bəlkə ondan da çox həcmdə üstələyir. Bütövlükdə il ərzində əhalinin pul gəlirlərinin 19 faizdən çox artması özlüyündə gözəl bir göstəricidir. Gələn ilin dövlət büdcəsi yaxın zamanlarda Milli Məclisdə müzakirə ediləcəkdir. Həmişə olduğu kimi, büdcə həm investisiyayönümlü, həm də sosialyönümlüdür, konkret sosial proqramların icrası nəzərə alınmalıdır.
İldən-ilə büdcə xərclərimiz də artır. Gələn il dövlət büdcəmizin xərcləri təqribən 22 milyard dollar həcmində olmalıdır. İcmal büdcə isə 25 milyard dollar səviyyəsində olacaqdır. Bu, çox böyük rəqəmdir, böyük məbləğdir. Əgər biz adambaşına düşən büdcə xərclərini hesablasaq, görərik ki, bu göstərici üzrə Azərbaycan dünya miqyasında ön sıralardadır. Növbəti aylarda, xüsusilə 2012-2013–cü illərdə biz çalışmalıyıq ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini icra edək. Bu layihələrin sayı kifayət qədər çoxdur. Bugünkü müşavirədə onların sadəcə olaraq bəziləri qeyd edildi. Hər bir istiqamət üzrə çox böyük, nəhəng infrastruktur layihələri icra edilir. Mən bu layihələrin icrası ilə bağlı vaxtaşırı məlumatlar alıram, yerlərdə tanış oluram. Çox böyük meliorasiya layihələri icra edilir. Şəmkirçay su anbarı və orada elektrik stansiyası tikilir. Mən Taxtakörpü su anbarının tikintisi ilə bu yaxınlarda tanış olmuşam, kanallar tikilir. Yəni, nadir infrastruktur layihəsidir ki, onilliklər bundan sonra Azərbaycanın inkişafını, xüsusilə kənd təsərrüfatının inkişafını təmin edəcəkdir. Suvarılan torpaqların həcmi artmaqdadır. Artıq yeni torpaqların dövriyyəyə daxil edilməsi ilə bağlı konkret işlər aparılır və biz ilk növbədə burada suvarma məsələlərinə diqqət verməliyik. Konkret proqramlar icra edilməkdədir.
Növbəti iki il ərzində elektroenergetika sahəsində görüləcək işlər demək olar ki, bu istiqamətdə bütün planlarımızın reallaşmasına imkan verəcəkdir. Son illər ərzində bu sahədə çox ciddi tədbirlər görülmüşdür. On bir yeni elektrik stansiyası tikilmişdir. Sadəcə olaraq, son 5 il ərzində Azərbaycanda 1500 meqavatt gücündə yeni elektrik stansiyaları tikilib və bərpa edilmişdir. Hazırda enerji gücümüz 6,5 min meqavatt səviyyəsindədir ki, bugünkü Azərbaycanın tələbatını və bir neçə il bundan sonrakı tələbatını tam şəkildə ödəyir. Ondan başqa, biz qonşu ölkələrə elektrik enerjisini ixrac edirik. Elektrik enerjisinin ixracının həcmini artırmaq fikrindəyik. Bu məqsədlə yüksək gərginlikli yeni elektrik xətləri tikilir. Əminəm ki, gələn il bu layihə də başa çatacaqdır. Beləliklə, neftlə, qazla bərabər, Azərbaycan böyük həcmdə elektrik enerjisi də ixrac edəcəkdir. Hazırda ixrac var, demək olar ki, bütün qonşu ölkələrə bizdən elektrik enerjisi ixrac edilir. Biz çalışmalıyıq ki, bu həcmi artıraq.
Bu il bu sahədə yeni çox əhəmiyyətli və əlamətdar addım atılmışdır. “Şimal-2” elektrik stansiyasının tikintisinə başlamışıq. Bu stansiya 409 meqavatt gücündə olacaqdır. Ümid edirəm ki, yaxın iki il ərzində tikilib istifadəyə veriləcəkdir. “Cənub” elektrik stansiyasının tikintisi uğurla davam edir. Ümid edirəm ki, gələn il biz bu böyük stansiyanı da açacağıq. Orada da 780 meqavatt elektrik enerjisinin istehsalı gözlənilir. Yəni, 2013-cü ilin sonuna qədər biz təxminən 1300, bəlkə də ondan da çox meqavatt gücündə yeni enerji alacağıq. Növbəti illərdə bu məsələyə diqqət göstərilməlidir. Baxmayaraq ki, hazırda tikilməkdə olan stansiyalar bizə tam şəkildə imkan verəcək ki, öz enerji təhlükəsizliyimizi bundan sonra 5-10 il ərzində təmin edək. Ancaq biz ölkəmizin ümumi inkişafını görürük. Bunu təmin edirik. Bilirik ki, 10 ildən sonra Azərbaycanda iqtisadi və sənaye potensialı çox böyük dərəcədə artacaq və enerji gücləri də ümumi inkişafımızı daim qabaqlamalıdır.
Bununla bərabər, bərpa olunan enerji güclərinin yaradılması ilə bağlı konkret tədbirlər görülməyə başlamışdır. Birinci pilot layihə icra edilmişdir. Qobustanda külək-günəş elektrik stansiyası artıq istismara verilmişdir. Mən açılışda iştirak etmişəm. Hesab edirəm ki, bu gözəl təcrübə Azərbaycanda geniş şəkildə yayılmalıdır. Çox şadam ki, artıq Azərbaycanda günəş panelləri də istehsal olunmağa başlayır. Bu yönümlü bir neçə müəssisə işə başlayacaqdır.
Bütövlükdə biz bərpa olunan enerji növlərinə indi çox böyük diqqət göstəririk. Günəş, külək enerjisi bizim üçün yenilikdir. Biz bu məsələyə çox ciddi yanaşırıq və artıq nəticələr vardır. Bununla bərabər, hidroenergetikanın inkişafı üçün konkret proqramlar icra edilir. Kiçik çaylarda bu il bir neçə elektrik stansiyasının təməli qoyuldu. Hər birinin 1-2, bəlkə 3-4 meqavatt və 20-25 meqavatt gücündə hidroelektrik stansiyalarının tikintisi də gələn il gözlənilir. Gələn il biz Füzuli elektrik stansiyasının açılışını etməliyik. Orada 25 meqavatt enerji istehsalı gözlənilir. Taxtakörpü, Şəmkirçay su anbarlarında da təxminən o həcmdə su elektrik stansiyalarının tikintisi gözlənilir. Beləliklə, biz bu proqramı da icra edirik. Əvvəlki müşavirələrdə qeyd olunduğu kimi, bütün su resurslarımızın xəritəsi tərtib edilibdir. Hər bir mənbədə su elektrik stansiyasının tikintisi nəzərdə tutulur.
Ölkəmizin sənaye inkişafı ilə
bağlı proqramlar icra edilir. Mən giriş sözümdə
qeyd etdim ki, qeyri-neft sənayesi Azərbaycanda 9,2 faiz
artmışdır. Çox gözəl göstəricidir.
Ümid edirəm ki, gələn il də artacaqdır. Bu
yaxınlarda ölkənin sənaye potensialını gücləndirən
yeni alüminium zavodu fəaliyyətə başlayacaqdır.
Biz alüminium sənayesinin inkişafı ilə bağlı
əvvəlki dövrdə çox konkret və ciddi
addımlar atmışıq. Kreditlər vermişik, ondan sonra
Gəncədə böyük yarımstansiya tikilmişdir ki,
bu yeni sənaye kompleksinin işini təmin etsin. Metallurgiya sənayesinin
inkişafı ilə bağlı konkret tədbirlər
görülür və yəqin ki, yaxın zamanlarda
böyük metallurgiya kompleksi də işə
başlayacaqdır. Bu, həm böyük sayda iş yerlərinin
açılmasına gətirib çıxaracaq,
ixracyönümlü sənaye potensialımız
artacaqdır. Beləliklə növbəti illərdə, təqribən
10-15 ildən sonra biz elə etməliyik ki, qeyri-neft
iqtisadiyyatımız, əlbəttə ki, qoyulan hədəflərə
uyğun olsun. Hədəfimiz də ondan ibarətdir ki, Azərbaycanda
adambaşına düşən ümumi daxili məhsul
inkişaf etmiş ölkələrin səviyyəsində
olmalıdır. Bu məsələ ilə bağlı ölkə
daxilində görülən işlər öz nəticəsini
verməkdədir. Hazırda Azərbaycanda adambaşına
düşən ümumi daxili məhsul təxminən 6 min dollar
səviyyəsindədir. Əvvəlki dövrlə müqayisədə
bu, çox böyük irəliləyişdir. MDB məkanında
da bu, ən yüksək göstəricilərdən biridir.
Ancaq biz çalışmalıyıq ki, növbəti illərdə
bu rəqəmi ən azı iki dəfə artıraq.
Baxmayaraq ki, son 8 il ərzində Azərbaycanda ümumi daxili məhsul
üç dəfə artmışdır. Yəni, bu,
dünya praktikasında bəlkə də görünməmiş
bir hadisədir – 300 faiz artmışdır. Biz qarşıya hədəf
qoyuruq - növbəti 10 il ərzində ümumi daxili məhsul
ən azı iki dəfə artmalıdır. Biz bunu qeyri-neft
sektorunun inkişafı hesabına təmin etməliyik.
Çünki neft sənayesində hazırkı istehsal bizi
qane edir. Giriş sözümdə qeyd etdiyim kimi, sənaye
istehsalının bir qədər aşağı düşməsinin
səbəbi də neft hasilatının azalmasıdır. Bu,
bizi narahat etmir, əksinə mən hesab edirəm ki,
hazırda Azərbaycanda neftin hasilatı optimal səviyyədədir.
Biz bunu artırmamalıyıq, çünki ehtiyacımız
yoxdur.
Qeyd etdiyim kimi, il ərzində valyuta ehtiyatlarımız 11 milyard dollar artıbdır. Bir dənə də olsun sosial və infrastruktur layihəsində geriləmə yoxdur. Bütün layihələr icra edilir, büdcə artır. Əlavə neftin hasilatı, sadəcə olaraq, valyuta ehtiyatlarımızı kəskin şəkildə yenə də artıracaqdır. Mən hesab edirəm ki, buna da ehtiyac yoxdur. Biz maraqlıyıq ki, neft ehtiyatlarımız daha da uzun müddət ərzində Azərbaycan xalqına xidmət etsin, bundan sonra onilliklər ərzində Azərbaycanda neft hasilatı stabil olsun. O ki qaldı qaz hasilatına, bu sahədə, əlbəttə ki, gələn illərdə qoyulacaq investisiyalar hesabına qazın hasilatını kəskin şəkildə artırmalıyıq.
Beləliklə, sənaye sahəsində işlər yaxşı gedir, sənayeləşmə siyasətimiz icra edilir. Burada vəzifə həm böyük müəssisələrin yaradılması və eyni zamanda, bəlkə də daha vacibi kiçik və orta müəssisələrin yaradılması olmalıdır. Alüminium zavodunun işə düşməsi, Azərbaycanda neft-kimya sənayesində yenidənqurma işləri nəticəsində bəlkə yüzlərlə, minlərlə kiçik və orta səviyyəli müəssisə yaradılmalıdır ki, onlar artıq hazır məhsul istehsal edəcəkdir. Bu məqsədlə müvafiq tapşırıqlar verilibdir. İqtisadi İnkişaf Nazirliyi bu məsələ ilə bağlı çox ciddi işləyir, yaxşı təkliflər vardır. Həm konseptual təkliflər, həm də ki, kiçik, orta sahibkarlığın inkişafı üçün konkret kredit mexanizmləri də hazırlanır.
Bu gün qeyd edildi ki, kənd təsərrüfatı sahəsində böyük uğurlar vardır. İstehsal artır, daha da artacaqdır. Biz ərzaq təhlükəsizliyimizi təmin etmək üçün konkret addımlar atırıq. Demək olar ki, ərzaq təhlükəsizliyinin böyük dərəcədə təmin olunmasına nail olmuşuq. Bundan sonrakı dövrdə istehsalın artması nəticəsində daha da böyük uğurlar əldə ediləcəkdir.
Azərbaycanda yeni gübrə zavodunun tikintisi nəzərdə tutulur. Bu da bir yenilikdir. Bu da bizim təşəbbüsümüz idi ki, nə üçün biz gübrələri xaricdən alaq ?! Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük planlarımız var və biz subsidiyaları bundan sonra da verəcəyik. İndi gətirilən gübrə fermerlərə güzəştli şərtlərlə verilir, xaricdən alırıq, pul ödəyirik. Azərbaycanda yaradılacaq yeni gübrə zavodu tələbatımızı tam ödəyəcək və eyni zamanda ixrac potensialını da gücləndirəcəkdir. Bu da bizim üçün bir yenilikdir.
Texnikanın, damazlıq mal-qaranın alınması prosesi də davam etdiriləcəkdir. Bu barədə kənd təsərrüfatı naziri həm görülən işlər, həm də gələcək planlar haqqında məlumat vermişdir.
Yerli istehsalın inkişafı ilə bağlı yaxşı nəticələr vardır. İyirmi illik müstəqilliyimizə həsr edilmiş sərgidə Azərbaycanda son illər ərzində istehsal olunan mallar təqdim edilmişdir. Sözün əsl mənasında, indi Azərbaycanda böyük çeşiddə həm kənd təsərrüfatı, həm sənaye məhsulları istehsal edilir. Avtomobildən tutmuş yük maşınına qədər demək olar ki, bütün kənd təsərrüfatı yönümlü emal müəssisələri yaxşı məhsullar istehsal edir. Xüsusilə nəzərə alsaq ki, məhsullarımıza böyük tələbat vardır, biz yeni bazarlara çıxmalıyıq və çıxırıq. Çünki artıq Azərbaycanda istehsal olunan mallar, hansılar ki, ixrac edilir, öz keyfiyyəti ilə artıq o bazarlarda öz yerini tuta bilmişdir. Çox keyfiyyətli, bütün beynəlxalq standartlara uyğun şəkildə ixrac edilən kənd təsərrüfatı emalı mallarımız öz müştərilərini tapmışdır.
Biz mövcud bazarlara məhsullarımızı daha da böyük həcmdə ixrac etməliyik. Bayaq qeyd etdiyim kimi, yeni torpaqların dövriyyəyə verilməsi nəticəsində kənd təsərrüfatı istehsalımız böyük dərəcədə artmalıdır. Meliorativ tədbirləri əlavə etsək görəcəyik ki, suvarılan torpaqların sahəsi və təbii olaraq istehsal da artacaqdır. Ona görə yeni emal müəssisələrinin yaradılması üçün əlavə kreditlər verilməlidir. Bu mövsümdə bəzi hallarda kənd yerlərində fermerlər tərəfindən yığılmış məhsul bir müddət əllərdə qalmışdı, çünki emal müəssisələrimizin gücü çatmırdı. Ona görə çatmırdı ki, çünki gözləmirdilər ki, istehsal bu qədər artacaqdır. İstehsal da artır, bu da çox yaxşıdır. Ona görə biz növbəti illərdə yeni emal müəssisələrinin yaradılması üçün kreditlər ayırmalıyıq ki, istehsal olunan bütün kənd təsərrüfatı məhsulları bizim emal müəssisələrində emal olunsun və hazır məhsul kimi ixrac edilsin.
Yəni, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Beləliklə bu, sahibkarlığın inkişafına da böyük töhfə verəcəkdir. Yeni bazarlara çıxmaq üçün konkret təkliflər var və arzular da vardır. Bu yaxınlarda mən Qazaxıstanda rəsmi səfərdə olarkən bu məsələ də müzakirə edilirdi. Azərbaycanın emal müəssisələrinin istehsal etdiyi məhsullar orada istehlak oluna bilər. Biz Xəzərin o tayında özümüz üçün yeni bazarlar aşkar edə bilərik. Bu, maraqlarımıza və Qazaxıstanın marağına xidmət edir. Bu məsələ müştərək iqtisadi komissiyada müzakirə edilibdir. Sadəcə olaraq bizdə bu sektor tam özəl əllərdə olduğu üçün fermerləri, yaxud da ki, iş adamlarını məcbur edə bilmərik ki, sən öz məhsulunu bu və ya digər ölkəyə satmalısan. Ancaq elə şərait yaratmalıyıq ki, onlar yeni bazarlara çıxa bilsinlər. Çünki yenə də deyirəm, istehsal artacaqdır. Biz istehsalın artması üçün böyük investisiyalar qoyuruq və bilirik ki, bir neçə ildən sonra istehsal artacaqdır. Bizim meyvələrimiz, tərəvəz məhsulları həm keyfiyyətlidir, həm onların həcmi artır. Beləliklə, yeni bazarlara çıxmaq üçün hesab edirəm ki, gələn il biz konkret təklifləri eşidəcəyik.
Bizim sahibkarlıqla bağlı ölkə daxilində aparılan siyasət özünü doğruldub, 900 minə yaxın iş yerinin açılması, o cümlədən sahibkarlığa göstərilən maddi yardımdan və siyasi dəstəkdən qaynaqlanır. Yəni, hesab edirəm ki, bu sahədə vəziyyət artıq oturuşub, verilən kreditlərin həcmi artır. Bildiyiniz kimi, indi kreditlər daha çox əvvəlki dövrdə verilən və qaytarılan vəsait hesabına verilir. Bu da çox gözəl nəticədir. Mən bir neçə il bundan əvvəl demişəm ki, vaxt gələcək biz bu kreditləri daha çox qaytarılan vəsait hesabına verəcəyik və bu vaxt gəldi. Növbəti illərdə biz artıq yeni layihələr haqqında fikirləşməliyik. Bilirsiniz ki, biz bu yaxınlarda verilən kreditlərin, üst həddini də qaldırdıq ki, böyük müəssisələrə də bu kreditlər daha da çox çatsın.
Sahibkarlıqla bağlı digər məsələ
ondan ibarətdir ki, biz xarici bazarlara investisiyalarımızla
çıxırıq, çıxmalıyıq və o
investisiyaların coğrafiyası artmalıdır. Biz indi
qonşu dövlətlərə investisiyalar qoyuruq – Türkiyə,
Gürcüstan, Ukrayna. İndi Balkan ölkələrində
bizim investisiyaları gözləyirlər. Balkan
ölkələrinə nümayəndə heyəti göndərilmişdir,
investisiya imkanları araşdırılmışdır,
konkret təkliflər vardır. İndi həm özəl
sektor investisiyalara başlayacaq, həm dövlət tərəfindən
bu məsələ də müzakirə edilir.
Avropa İttifaqı məkanında investisiya imkanları araşdırılır və artıq ilkin addımlar atılır. Biz maliyyə resurslarımızın şaxələndirilməsi üçün gərək valyuta ehtiyatlarımızın bir hissəsini daşınmaz əmlaka yönəldək. Dünya miqyasında indi belə araşdırmalar aparılır, ilkin addımlar atılmışdır.
2012-ci ildə bu səpkidə daha da böyük həcmdə investisiyalar qoyulmalıdır. Rusiyanın Şimali Qafqaz respublikalarının iqtisadiyyatına investisiyalar qoyula bilər. Xüsusilə nəzərə alsaq ki, bu yaxınlarda Şimali Qafqaz respublikalarının rəhbərləri bizim qonaqlarımız idi və hər iki tərəf maraqlıdır ki, Azərbaycan investisiyaları Şimali Qafqaz respublikalarına gəlsin. Bu məqsədlə yaxın zamanlarda iqtisadi inkişaf naziri böyük heyətlə oraya ezam ediləcək, orada imkanlar araşdırılacaq və biz bu məsələyə də çox müsbət baxırıq. Bu da ikitərəfli Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün vacib olan məsələdir və münasibətlərdə bir yenilikdir. Bu, iqtisadi maraqlarımıza xidmət edir və təbii ki, Şimali Qafqazın iqtisadi inkişafına öz töhfəsini vermiş olacaqdır.
Bu il korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə çox ciddi addımlar atılmışdır, ciddi tədbirlər görülmüşdür. Bu mövzu daim diqqət mərkəzindədir. Sadəcə olaraq, ölkənin iqtisadi inkişafı ilə bağlı bu məsələyə daha da ciddi diqqət göstərilməlidir. Çünki iqtisadiyyat, dövlət xərcləri artır. Biz şəffaflığı tam şəkildə təmin etməliyik. Bizim bütün sistemimiz, maliyyə sistemimiz şəffaf olmalıdır. İnfrastruktur layihələri ilə bağlı bütün sistemimiz şəffaf olmalıdır. Elə etməliyik ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da təsirli olsun. Deyə bilərəm ki, bu il ərzində çox ciddi nailiyyətlər əldə edilmişdir. Bu sahədə çox ciddi irəliləyiş vardır. Ancaq yenə də bu irəliləyiş bizi tam qane edə bilməz, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Mən ilin əvvəlində bu məsələ ilə bağlı fikirlərimi bildirəndə demişəm ki, bu, kampaniya deyil, bu, şüurlu seçimimizdir. Bütün qurumlar bu məsələ ilə bağlı öz fəaliyyətində daim islahatlar aparmalıdırlar. Biz burada siyasətimizi bir neçə istiqamət üzrə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər görülür və görüləcəkdir. Cəza tədbirləri görülür və görüləcəkdir. Əfsuslar olsun ki, cəza tədbirləri olmadan bu bəla ilə bağlı mübarizə yarımçıq qala bilər. Eyni zamanda, institusional tədbirlər də görülməlidir. Sistem xarakterli tədbirlər görülməlidir və görülür. Bax, elektron hökumətə keçidimizin səbəblərindən biri də məhz rüşvətxorluq, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir.
Bu məsələ ilə bağlı kompleks tədbirlərin görülməsi davam etdiriləcək və yenə də deyirəm ki, biz burada bütün alətlərdən istifadə etməliyik.
Elektron hökumətin yaradılması ilə bağlı konkret təkliflər vardır. Azərbaycanda bütünlükdə informasiya-kommunikasiya sektoru çox uğurla inkişaf edir. Beynəlxalq maliyyə qurumları da bu sahədə uğurlarımızı qeyd edirlər. Azərbaycanda indi genişzolaqlı internet geniş şəkildə tətbiq edilir. İnternet istifadəçilərinin sayı 50 faizdən yuxarıdır. Bu, çox sevindirici haldır, nə qədər çox olsa, o qədər yaxşıdır. İKT ilə bağlı bütün başqa məsələlər həllini tapmaqdadır. Gələn il süni telekommunikasiya peykimiz orbitə çıxarılacaqdır. Bu, sadəcə birinci addım olacaqdır. Ondan sonra ikinci, bəlkə də üçüncü peykin buraxılması da olmalıdır. Yəni, bu sahə inkişaf edir və ölkəmizin müasirləşməsinə xidmət göstərir. Sirr deyil ki, bundan sonrakı dövrdə dünyada elmi-texniki tərəqqi daha çox İKT sektoru ilə bağlı olacaqdır. Biz həm qabaqcıl texnologiyaları tətbiq etməliyik, həm də peşəkar kadrları hazırlamalıyıq.
Ölkə iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektorunda da işlər yaxşı gedir. Bütün proqramlar icra edilir, genişmiqyaslı qazlaşdırma tədbirləri aparılır. 2013-cü ilin sonuna qədər qazlaşdırmanın səviyyəsi Azərbaycanda 95 faizə çatmalıdır, qarşıya bu vəzifə qoyulubdur. Əminəm ki, biz bu vəzifəni icra edəcəyik. İndi demək olar ki, hər həftə, hər ay yeni yaşayış məntəqələrində yeni qaz xətlərinin açılışı baş verir. Bu da çox sevindirici haldır.
Azərbaycanda yeni neft-kimya kompleksinin yaradılması ilə bağlı konkret təkliflər vardır. Hökumətdə bu təkliflərə baxılıbdır. Bu da uzunmüddətli inkişafımız üçün çox lazımdır. İndi fəaliyyətdə olan neftayırma zavodlarımız əvvəlki dövrdə tikilmişdir. Düzdür, onlar təmir edilmişdir, müasirləşdirilmişdir. Ancaq biz yeni, ən son texnologiyalarla işləyən neft-kimya kompleksinin yaradılmasına başlamalıyıq.
Keçən rübdə Azərbaycanda çox əlamətdar hadisə baş vermişdir. “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkarlanmışdır. Təqribən 300-350 milyard kubmetr səviyyəsində yeni qaz ehtiyatları yaradılmışdır. Keçən ilin sonunda Dövlət Neft Şirkəti tərəfindən “Ümid” yatağı kəşf edilmişdir. Beləliklə, bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu, dünya miqyasında çox böyük rəqəmdir. Coğrafi vəziyyətimizi nəzərə alaraq, deyə bilərəm ki, bu, nəinki bizim üçün, tərəfdaşlarımız üçün, Avropa üçün yeni imkanlar açır.
Bildiyiniz kimi, Avropanın bəzi ölkələrində atom elektrik stansiyalarından imtina edirlər. Xüsusilə böyük həcmdə elektrik enerjisini istehlak edən ölkələr artıq bu siyasəti aparırlar. Bu, o deməkdir ki, gələcəkdə qaza olan tələbat daha da çox olacaqdır. Onsuz da biz indi dinamikanı, tələbatı bilirik. Bilirik ki, 5 ildən, 10 ildən sonra indiki təchizat kifayət etməyəcəkdir. Nəzərə alsaq ki, indi bəzi böyük Avropa ölkələrində atom stansiyalarının tikintisinə qadağa qoyulur, təbii ki, o enerjini əvəz edə biləcək ancaq qazdır. Beləliklə, biz də işimizi ümumi meyillərə uyğunlaşdırmalıyıq. Nəzərə almalıyıq ki, zəngin qaz ehtiyatlarımız dünya bazarlarına çıxmalıdır və müxtəlif yollarla çıxır. Bizim 4 qaz kəmərimiz var, 4-ü də işlək vəziyyətdədir, 4 istiqamətə də qazı ixrac edirik. Hər istiqamət üzrə qazın həcmini artırmaq üçün imkanlar vardır və biz bu məsələlərlə məşğul olacağıq.
2011-ci ildə sosial infrastrukturun yaradılması ilə bağlı Bakıda və bölgələrdə məktəb tikintisi ilə əlaqədar çox vacib hadisələr baş vermişdir. Ancaq xüsusilə Bakı şəhərində 3 ay ərzində 54 məktəb əsaslı şəkildə təmir edilibdir. Özü də mən onların demək olar ki, əksəriyyətində olmuşam və özüm baxmışam, müəllimlərdən, məktəb direktorlarından soruşmuşam, özüm yoxlamışam və görmüşəm ki, Bakıda bu aylar ərzində təmir edilən məktəblər ən yüksək səviyyədədir. Elə etməliyik ki, bu səviyyə hər bir yerdə özünü göstərsin. Həm Bakıda, həm bölgələrdə. Gələn il və ondan sonrakı illərdə məktəblərin tikintisi və təmiri ilə bağlı işimizi yekunlaşdırmalıyıq.
Bu il bildiyiniz kimi, Azərbaycanda “Turizm ili” elan
edilmişdir. Bu sahədə inkişaf daha da
sürətlə gedir və Azərbaycana gələn turistlərin
sayı artır. Bu, gözəl göstəricidir.
Mən hesab edirəm ki, bu gün Azərbaycan və
Bakı artıq dünyada sürətli inkişaf edən
ölkə və şəhər kimi tanınır. Yüksək
səviyyəli infrastrukturun mövcudluğu imkan verir ki, biz
daha çox yüksək səviyyəli turizm
imkanlarımızı təqdim edək və edirik. Təsadüfi
deyil ki, Bakıda və bölgələrdə bu il və yəqin ki, gələn il daha çox
beşulduzlu otellər tikilir və tikiləcəkdir. Bəlkə də beşulduzlu otellərin sayına görə
biz bölgədə indi birinci yerdə olacağıq.
Çünki təkcə Bakı şəhərində 6
beşulduzlu otel bu il və gələn il
istifadəyə veriləcəkdir. Onlardan ikisi
istifadəyə verilibdir.
Dağ xizək kurortunda da beşulduzlu otellər tikilir,
digər bölgələrdə də. Yəni, hesab
edirəm ki, dünya turizm xəritəsində biz daha
çox yüksək səviyyəli turizm ilə fərqlənə
bilərik. Bu, o demək deyil ki,
aşağı səviyyəli otellər tikilməsin, onlar da
tikilməlidir və tikilir.
Ancaq həm coğrafi vəziyyətimizi, şəhərin
gözəlliyini və təbii imkanlarımızı nəzərə
alaraq mən çox istərdim ki, elitar turizmin mərkəzlərindən
biri də Bakı və Azərbaycan olsun. Mən bu məsələ
ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə
tövsiyələrimi vermişəm. Əlbəttə
ki, bunu bazar, özəl sektor tənzimləyəcəkdir.
Ancaq beşulduzlu 6 otelin Bakıda 1-2 ilə
tikilməsi də onu göstərir ki, investorlar və
dünya brendləri məhz Bakını elitar turizm mərkəzi
kimi görürlər. Bu, bizi çox
sevindirir. Hesab edirəm ki, biz bu sahədə
artıq dünya miqyasında özümüzə layiq yeri
tutmağa başlamışıq. Sadəcə bu il və gələn il Bakıda açılan
və açılacaq otellərin adlarını sadalamaq kifayətdir
ki, hamı görsün, doğrudan da Bakı, Azərbaycan
elitar turizm mərkəzinə çevrilir. Bu il
Bakıda “Kempinski” və “Hilton” otelləri
açılmışdır. Yaxın aylarda təkcə
Bakıda “Marriot”, “For season”, “Feermond” və “Cümeyra” otelləri
açılacaqdır. Yəni, bu,
özlüyündə nadir bir göstəricidir. Bir
şəhərdə bir il ərzində
beşulduzlu 6 otelin açılışı eşitməmişəm
ki, kimsə haradasa, bu ətrafda, bu bölgədə belə
bir vəziyyətlə üzləşmiş olsun.
Bununla bərabər, bölgələrdə də
müasir otellərin tikintisi prosesi gedir. Mən bu vəziyyətlə
tanış oluram. Bu il
Naftalanda ən yüksək səviyyədə iki gözəl
otel tikilmişdir, Qəbələdə otellər tikilir. Bu yaxınlarda Qubada olarkən gördüm ki, orada
beşulduzlu otelin tikintisi uğurla gedir. Şamaxıda,
Lənkəranda, digər bölgələrdə, yəni hər
bir bölgədə. Çünki
xoşbəxtliyimiz ondan ibarətdir ki, biz çox gözəl
ölkədə yaşayırıq. Təbiəti
zəngin, bütün iqlimlərin olduğu ölkədə
yaşayırıq, bütün təbii şəraitimiz vardır.
Çox şadam ki, biz son illər ərzində
bu təbii vəziyyətdən çox səmərəli
şəkildə istifadə edirik.
Tarixi şəhərlərimizin inkişafı ilə
bağlı bir neçə sərəncam verilmişdir və
veriləcəkdir. Bütövlükdə hər bir rayonun
inkişafı ilə bağlı bizim konkret təkliflərimiz,
planlarımız, proqramlarımız vardır. Eyni zamanda, hər bir rayona dövlət büdcəsindən
abadlıq üçün vəsait ayrılır. Mən bölgələrdə olarkən Prezidentin
Ehtiyat Fondundan hər bir rayona vəsait ayırıram ki, orada
abadlıq işləri uğurla aparılsın. Çünki biz əsas infrastruktur layihələrini
mərkəzləşdirilmiş qaydada icra edirik.
Qazlaşdırma, kanalizasiya xətləri, içməli
su, elektrik enerjisi – bütün bu işləri mərkəzi
idarələr dövlət büdcəsi hesabına icra edirlər. Yerlərdə
isə indi kənd yollarının tikintisi, şəhərlərin,
rayonların abadlığı ilə yerli icra orqanları məşğuldurlar.
Ona görə vəsait ayrılır. Bununla bərabər, Azərbaycanın tarixi şəhərlərinin
yüksək səviyyədə abadlaşdırılması
üçün mənim tərəfimdən bu yaxınlarda sərəncamlar
verilmişdir. Şəki və Şamaxı
şəhərlərinin abadlaşdırılması ilə
bağlı hər birinə 5 milyon manat vəsait
ayrılmışdır. Bu, ilkin ödəmələrdir,
bundan sonra da olacaqdır. Gələcəkdə
başqa tarixi şəhərlərin inkişafı ilə əlaqədar
vəsait ayrılacaq və xüsusi sərəncamlar
imzalanacaqdır. Hər bir rayon, hər bir
kənd mənim üçün əzizdir, doğmadır.
Ancaq ölkəmizdə elə şəhərlər
var ki, onların adları qədim xəritələrdə də
göstərilir. Bu şəhərlərə
və orada olan tarixi abidələrə əlbəttə ki,
xüsusi diqqət göstərilməlidir. Yəni, bu
proses də gedəcək və gedir. Mən
hesab edirəm ki, bu çox ədalətli yanaşmadır və
tarixi şəhərlərimizi biz elə bərpa etməliyik
ki, qədimliyini də, simasını da saxlasın, eyni
zamanda, müasirləşsin və gəncləşsin.
İnfrastruktur layihələri ilə bağlı mən
artıq bildirdim ki, su, kanalizasiya, qazlaşdırma, kənd
yolları – bütün bu proseslər gedir. Əminəm
ki, növbəti illərdə də dövlət büdcəsində
vəsait nəzərdə tutulacaq və əlbəttə
paytaxtımızla, Bakı şəhərinin inkişafı
ilə bağlı abadlıq-quruculuq işləri
aparılır. Həm infrastruktur, - burada nəqliyyat
naziri bildirmişdir, - Bakıda nəqliyyatla bağlı nə
qədər infrastruktur layihələri icra edilir. Bu, doğrudan da inanılmaz bir nailiyyətdir. Hər bir yerdə yollar, qovşaqlar, tunellər,
yolötürücüləri tikilir, yollar genişləndirilir.
İntellektual İdarəetmə Mərkəzi
yaradılır. Mən tikinti zamanı o mərkəzlə
tanış olmuşam, bəlkə də
dünya miqyasında birincidir. Çünki mən
başqa ölkələrdə olmuşam. Ən qabaqcıl texnologiyalar orada tətbiq olunub.
Bəlkə şəhər əhalisi hələ
tam bilmir ki, bu mərkəzin xidməti və fəaliyyəti
nədən ibarət olacaqdır?! Ancaq mərkəz
işə düşəndən sonra əminəm ki, hər
bir vətəndaş, hər bir Bakı sakini görəcək
ki, bu mərkəzin fəaliyyəti nə qədər bizim
hamımıza rahatlıq və komfort gətirəcəkdir.
Bakının inkişafı ilə bağlı onu demək istəyirəm ki, bu gün paytaxtımıza gələn hər bir qərəzsiz və obyektiv qonaq şəhərimizə heyran qalır. Bakı elə gözəl şəhər olub ki, bu şəhərə vurulmamaq mümkün deyildir. Bu, çox qürurvericidir, çox sevindiricidir. Bakı öz nadirliyini saxlayır.
Bakı kimi ikinci şəhər yoxdur. Burada həm tarix, həm mədəniyyət, həm müasirlik, həm infrastruktur, həm zövq, həm yüksək stil, yəni bütün bu amillər cəmləşir. Ona görə, biz bu gözəl, doğma şəhərimizə çox böyük diqqətlə yanaşmalıyıq. Tarixi keçmişimizi, yaxud da ki, müasir meyilləri əks etdirməyən heç bir addım atılmamalıdır, zövqsüz bir dənə də iş görülməməlidir. Mən vaxtımın müəyyən hissəsini Bakının inkişafına həsr etmişəm və bundan zövq alıram. Ona görə Bakının inkişafı ilə məşğul olan hər bir vəzifəli şəxsdən tələb edirəm ki, biz bu məsələyə maksimum ehtiyatla yanaşmalıyıq.
Müasir infrastruktur yaradılır, yaradılmalıdır. Bu, keyfiyyətli və gözəl olmalıdır. Tarixi binalar bərpa edilir, onlara heç bir dəyişiklik edilməməlidir. Hansısa zövqsüz təşəbbüslər irəli sürülməməlidir. Mən harada ki, belə halları görürəm, dərhal dayandırıram, qoymuram. Amma mənim də imkanım yoxdur ki, hər gün gedib hər yerdə nəzarət edim. Bakı Şəhər İcra Hakimiyyəti bu sahədə yaxşı işləyir. Biz elə etməliyik ki, Bakı həmişə qədim və həmişə cavan şəhər kimi bütün qonaqları heyran etsin. Şəhərdə həm infrastruktur, həm abadlıq işləri bundan sonra da davam etdiriləcəkdir. Bakıda reallaşan layihələr o qədər çoxdur ki, onları sadalamaq üçün yəqin ki, saatlarla vaxt lazım olacaqdır. Xüsusilə bir layihə - Bayraq Meydanı ilə bağlı istəyirəm fikrimi bildirim. Bayraq Meydanı keçən il açıldı. Milli bayrağımız ucaldıldı. Artıq bir ildən bir qədər çox vaxt keçir. Bayraq Meydanında indi çox böyük quruculuq işləri aparılır. Bakı sakinləri bəlkə də bunu kənardan müşahidə edə bilirlər. Bunun da səbəbi ondan ibarətdir ki, biz Bayraq Meydanını tam hazır olandan sonra vətəndaşların üzünə açacağıq. Hazırda Bayraq Meydanını dənizkənarı bulvar ilə birləşdirən yeni bulvar tikilir. Bu da nadir layihədir. Beləliklə bizim bulvarımızın uzunluğu əgər indi 4 kilometrdisə, Bayraq Meydanı ilə birlikdə və onu birləşdirən sahə açılandan sonra yeddi kilometr uzunluğunda bir gəzinti zolağı yaradılacaqdır. Ancaq ondan sonra da biz o zolağı, o bulvarı uzadacağıq. Yəni, bizim çox böyük planlarımız vardır, bu, şəhəri daha da gözəlləşdirəcəkdir. Milli dövlətçilik simvollarımızı daha da gözəl təqdim etmək üçün imkan verəcəkdir. Şəhər sakinləri və qonaqlar üçün yeni gözəl şəraitin yaradılmasına gətirib çıxaracaqdır.
Bir sözlə, planlarımız çoxdur. Hər bir sahə üzrə konkret işlər aparılır. Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr icra ediləcək və artıq gələn il bizi gözləyən işlərlə indidən məşğul olmağa başlamalıyıq.
Sağ olun.
Azərbaycan.- 2011.-25 oktyabr.- S. 3, 4.