Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın zəlzələ bölgəsinə yardımını xüsusi qeyd etmişdir

 

 Azərbaycan qardaş ölkədə təbii fəlakətdən zərər çəkənlərə yardım göstərən ilk ölkə olmuşdur

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Van şəhərindəki valiliyin binasında keçirdiyi mətbuat konfransında Azərbaycanın qardaş ölkəyə yardımını xüsusi qeyd etmişdir.

Türkiyə hökumətinin başçısı Azərbaycan dövlətinə təşəkkürünü bildirərək demişdir ki, ölkəmizdən bütün zəruri avadanlıqla təchiz olunmuş böyük bir xilasetmə qrupunu gətirən təyyarə Van hava limanına enmişdir. Azərbaycanlı xilasedicilər Erciş rayonuna göndərilmiş və orada dağıntılar altında qalmış insanların xilas edilməsi əməliyyatlarında iştirak edirlər.

Rəcəb Tayyib Ərdoğan demişdir ki, zəlzələ bölgəsinə ilk xarici yardımı Azərbaycan çatdırmışdır.

Azərbaycanın qardaşlıq yardımı barədə Türkiyə mətbuatında da operativ məlumatlar yayılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zəlzələdən dərhal sonra Azərbaycan xilasedicilərini və zəruri yardımı gətirən ilk təyyarə Van hava limanında yerə enmişdir. Bunun ardınca daha iki təyyarə Azərbaycandan Türkiyəyə yardım gətirmişdir. Hazırda fəlakət bölgəsində Azərbaycanın 211 xilasedicisi çalışır. Azərbaycandan qardaş Türkiyəyə xeyli xilasedici avadanlıq, zəruri məişət əşyaları göndərilmişdir. 

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.- 25 oktyabr.- S. 1.