Azərbaycan
dövləti tərəfindən Həştərxanda həyata
keçirilən layihələr dostluğumuzu daha da möhkəmləndirir,
xalqlarımızı yaxınlaşdırır
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 24-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşmüşdür.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə A.Jilkin Həştərxan vilayətinə xüsusi münasibətə, yüksək dövlət səviyyəsində sıx qarşılıqlı əlaqələr qurulduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. İqtisadi sahədə fəal əməkdaşlığı qeyd edən qubernator Azərbaycan ilə Həştərxan vilayəti arasında humanitar sahədə də əlaqələrin genişləndiyini bildirmişdir. O demişdir ki, Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin yenidən qurulması layihəsini həyata keçirməsi böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırmış və demişdir ki, Azərbaycanın Həştərxanda reallaşdırdığı layihə dostluğumuzu daha da möhkəmləndirir, xalqlarımızı yaxınlaşdırır. Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Həştərxanda abidəsinin ucaldılması, dahi liderin adını daşıyan parkın və nəhayət, məktəbin açılması böyük dövlət xadiminin xatirəsinə Həştərxan vilayətində və bütövlükdə Rusiyada dərin ehtiramın əlamətidir.
Görüşdə Azərbaycanın təhsil
naziri Misir Mərdanov, Milli Məclisin deputatı Siyavuş
Novruzov, Bakı Şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,
Ümumrusiya Azərbaycan Konqresi regional şöbəsinin sədri
Ədalət Hüseynov iştirak etmişlər.
Azərbaycan.- 2011.- 25 oktyabr.- S. 5.