«Buta» «Bir addım»la ölkəmizi təmsil edir

 

 Qırx ölkənin kino istehsalçıları Özbəkistanın paytaxtı Daşkənddə bir araya gələrək festivalda iştirak edirlər. Oktyabrın 19-dan start götürən beynəlxalq "Qızıl gepard" kinofestivalı Özbəkistanın "Mədəniyyət və İncəsənət Forumu" Fondunun "Özbəkkino" şirkəti ilə birgə təşkil edilən kinoforumun müsabiqə proqramı üç bölmədən (tam və qısametrajlı və animasiya filmlər) ibarətdir.

Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Rusiya, Fransa, İsveçrə və digər ölkələrin aktyor, rejissor, prodüser, kinotənqidçilər və ssenaristlərin iştirakı ilə keçirilən  müsabiqədə ölkəmizi  qısametrajlı "Bir addım" təmsil edir. Adıçəkilən film 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin  keçirdiyi "Bu meydan, bu ekran-2008" müsabiqəsinin qalib kino layihəsi kimi istehsal edilib.

Kinoforumda həmçinin rejissor İlqar Nəcəfin "Buta" bədii filmi də iştirak edir. Oktyabrın 25-dək davam edəcək kinoforumda qaliblərin bir neçə nominasiya üzrə mükafatlandırılması nəzərdə tutulur. Hər iki Azərbaycan filminin ən yaxşıların yaxşısı mükafatına layiq görüləcəyi barədə artıq müəyyən fikirlər vardır.

 

 

Azərbaycan.- 2011.- 25 oktyabr.- S. 7.