Birgə mətbuat
konfransı
Oktyabrın 25-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.
Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.
Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın bəyanatı
- Hörmətli Prezident İlham Əliyev!
Dəyərli
mətbuat nümayəndələri!
Xanımlar
və cənablar!
Sizləri
ən dərin hisslərimlə salamlayıram.
Çıxışımın
əvvəlində Van vilayətində baş vermiş zəlzələ
ilə bağlı 145 nəfərlik xilasetmə dəstəsi
ilə burada yardım edən həm heyətin bütün
üzvlərinə, bununla bağlı göstəriş verən
dəyərli qardaşım İlham Əliyevə öz
adımdan və millətim adından ürəkdən təşəkkür
edirəm. Hamımızın kədərinə səbəb
olduğu, dərdlərimizin artdığı belə bir həssas
vaxtda Azərbaycan tərəfinin uzatdığı dostluq əli,
göstərilən qardaşlıq yardımı əziz millətimiz
tərəfindən hər zaman minnətdarlıqla
xatırlanacaqdır. Xüsusilə, son bir həftədə
millətimizi dərindən ağrıdan hadisələr
yaşadıq. Bilirik ki, Azərbaycan xalqı türk
xalqının yaşadığı bu kədəri
paylaşır, bizlər kimi, onlar da bu dərdləri ürəklərində
hiss edirlər.
Dəyərli
dostlar, bu gün hörmətli Prezident, qardaşım
İlham Əliyev ilə görüşümüzdə
Türkiyə-Azərbaycan əlaqələrini, regional məsələləri
müzakirə etdik. Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü olması bizdə dərin
iftixar hissi doğurmuşdur. Biz bunları da aramızda
müzakirə etdik.
Bu
gün Əliağa qəsəbəsində, həqiqətən,
mühüm tədbirlərin birlikdə şahidi olduq. Həm
açılış mərasimi, həm də Türkiyənin
2015-ci ilə qədər ən yüksək texnologiyalar əsasında
qurulacaq bu mühüm kompleksinin inşaatında 10 min nəfər
işlə təmin olunacaqdır. Ondan sonra isə burada 1000 nəfər
daimi işlə təmin olunacaqdır. Beş milyard
dollarlıq layihədir. İnanıram ki, belə bir
investisiyanın İzmirə, Türkiyəyə qoyulması həm
Türkiyə, həm də Azərbaycan iqtisadiyyatına - hər
iki tərəfə çox böyük fayda verəcəkdir.
Sonra
nazirliklərimizin gördükləri işlərlə
bağlı hökumət üzvlərinin iştirakı ilə
toplantı keçirdik.
Prezident
İlham Əliyev, mən və nazirlərimiz
gördüyümüz və görəcəyimiz işləri
müzakirə etdik. Gələcəyə istiqamətlənmiş
bütün vacib
addımlarımız nazirlərimiz tərəfindən bir az əvvəl
imzalanmış müqavilələrdə də öz əksini
tapmışdır. Bu müqavilələrin, bu sənədlərin
hər iki ölkə üçün xeyirli olmasını
xüsusilə arzu edirəm. Təbii ki, bunlardan başqa,
Türkiyə ilə Azərbaycan arasında
Bakı-Tbilisi-Ceyhan çox vacib bir bağlantı idi. Bunun
ardınca "Şahdəniz" layihəsi çox vacib bir
addımdır. Dəmir İpək Yolu
adlandırdığımız tarixi ipək yolu ilə
bağlı sərmayənin qoyulması və bütün
bunlarla bərabər, Naxçıvanla Qarsı,
İğdırı birləşdirən avtomobil yolları
aramızdakı könül bağlantılarından
başqa, eyni zamanda, fiziki olaraq bu imkanları da yaradır. Hava
yolu ilə daşımada çox fərqli bir mərhələyə
qədəm qoyuruq. Çox müxtəlif vilayətlərimizin
Azərbaycan ilə hava nəqliyyatını inkişaf
etdiririk. Bu addımları da atmış olduq. Bunlar da bizim
üçün aramızdakı əlaqənin,
qardaşlıq əlaqəsinin inkişafı
baxımından çox vacibdir. Bunu da xüsusi ifadə etmək
istəyirəm.
Azərbaycan
1991-ci ildə müstəqilliyini yenidən bərpa etdi.
Müstəqilliyinin bərpasının 20-ci
ildönümünü qeyd etdiyimiz Azərbaycanın bu
bayramını ilk təbrik edən bir ölkə olaraq
Türkiyə bundan böyük məmnunluq keçirir.
Arzum
budur ki, daha bir neçə 20
illəri daha təntənəli şəkildə qeyd etməyi
Rəbbim bizlərə nəsib etsin. Azərbaycan
xalqının bu müstəqilliyinin əbədi
olmasını arzu edirik. Çünki, həqiqətən də,
dəyişən, yeniləşən Azərbaycan vardır. Azərbaycana
hər səfərimizdə daha fərqli, dəyişilmiş
bir Azərbaycanı görürəm. Bu da təbii, Azərbaycanın
hazırda modern ölkələr arasında sürətlə
inkişaf etdiyini, bu 20 il ərzində qazanılmış
böyük uğurların bariz nümunəsidir. Bu, həm
azərbaycanlı qardaşlarımıza, həm də bizlərə
ayrı bir qürur verir. Bu, başda mərhum Heydər Əliyev
olmaqla, Prezident İlham Əliyevin
və hökumətinin uğurlu siyasətinin sübutudur.
Qardaşım İlham Əliyevi bu xüsusda ayrıca təbrik
edirik.
Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının ilk toplantısını bu gün başa
çatdırdıq. Bundan sonra bu toplantı Azərbaycanda
keçiriləcəkdir. Amma bütün bunlarla bərabər,
həsrətlə gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll
olunmasıdır. Bu münaqişənin həll olunması
inanıram ki, bölgədə daha fərqli inkişafa imkan
yaradacaqdır. Bu, sadəcə, Azərbaycanın deyil,
Türkiyə və bütün türk dünyasının
ortaq sıxıntısı, ağrısıdır.
Mən
hörmətli dövlət başçısına,
bütün nümayəndə heyətinə, bugünkü
görüşümüzdə əməyi olan
dostlarımıza xüsusi təşəkkür edirəm.
İkinci toplantını və vətəndaş cəmiyyəti
forumunu gələn il, inşallah, Azərbaycanda keçirəcəyik.
Azərbaycandakı toplantının gündəliyi
inanıram ki, daha zəngin olacaq, fərqli bir təcrübəyə
əsaslanacaqdır. Bu inamla Türkiyə-Azərbaycan Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının toplantısının xeyirli
olmasını arzu edirəm və sözü hörmətli
Prezident İlham Əliyevə verirəm.
Azərbaycan.- 2011.- 26 oktyabr.-
S. 4.