Azərbaycan
Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv dövlətlərin
4-cü konfransında təmsil olunur
Oktyabrn 24-də Mərakeş Krallığının Mərrakeş şəhərində keçirilən Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv dövlətlərin 4-cü konfransı öz işinə başlamışdır.
Ölkəmizin Mərakeş Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokurorun müavini Namiq Əsgərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev iştirak edirlər.
Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti tədbirdə iştirak edən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT-nin baş katibinin müavini, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov və Rusiya Federasiyası Prezidenti Administrasiyasının dövlət qulluğu məsələləri üzrə şöbəsinin müdiri Serqey Dubik ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın perspektivləri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin Bakıda regional ofisinin açılması müzakirə edilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin zəruriliyi qeyd olunmuşdur.
F.Ələsgərov konfransda çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizə məsələlərinin dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirildiyini vurğulamış, bu sahədə Azərbaycan Respublikasının strateji kursu, ölkəmizdə həyata keçirilən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və Fəaliyyət Planı çərçivəsində əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat vermişdir.
Konfrans işini oktyabrın 28-də başa
çatdıracaqdır.
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 6.