Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar sıra baxışı keçirilmişdir

 

Oktyabrın 25-də Çevik Polis Alayında (ÇPA) daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, idarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə qarşılanma olmuş, ÇPA-nın komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport vermişdir.

DİN-in Baş İdarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 265 namizədin düzüldüyü ayrı-ayrı kalonları gəzmiş, polis əməkdaşı adına iddiaçıların zahiri görünüşü, fiziki hazırlığı ilə maraqlanmış, bəzi irad və tövsiyələrini bildirmiş, ümumən, sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını demişdir. Tələb parametrlərə uyğun gəlməyən 18 namizəd sıra baxışından kənarlaşdırılmışdır.

Tədbirin sonunda nazir Ramil Usubov  sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərə gələcək  çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, öz üzərlərində işləyəcək, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında öz səylərini əsirgəməyəcəklər.

 

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S.  6.