Azərbaycanın nümayəndə heyəti Dünya İqtisadi Forumunda iştirak etmişdir

 

 İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində hər il ənənəvi olaraq keçirilən Dünya İqtisadi Forumunun Yaxın Şərq və Ərəb dünyasının iqtisadi inkişafına və iş yerlərinin açılmasına həsr olunmuş xüsusi iclası keçirilmişdir. İclasda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Forumda Yaxın Şərq və Ərəb ölkələrinin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, 700-ə qədər iri şirkət rəhbərləri, habelə 50-dən çox ölkənin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişlər.

İordaniya kralı II Abdullah Ərəb ölkələrində siyasi və iqtisadi islahatların, habelə sənayenin inkişafının təmin olunmasının vacibliyini qeyd edərək 85 milyon yeni iş yerinin açılmasına ehtiyac olduğunu vurğulamışdır.

Forumun prezidenti Klaus Şvab isə dünyada hökm sürən maliyyə böhranına qarşı ölkələrin və transmilli şirkətlərin fərdi qaydada apardıqları mübarizənin yetərli olmadığını, bu istiqamətdə birgə fəaliyyətin zəruriliyini qeyd etmişdir.

Qeyd edək ki, Dünya İqtisadi Forumu iqtisadi sahələr üzrə qlobal və regional əməkdaşlığın inkişafında iştirak edən müstəqil beynəlxalq təşkilatdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S.  6.