Azərbaycan artıq beynəlxalq aləmdə nüfuz sahibidir

 

Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi bunu bir daha sübut edir 

 

Müstəqil Azərbaycanın tarixində daha bir mühüm hadisə baş vermişdir. Məlum olduğu kimi, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçkilərində inamlı qələbə qazanaraq bu mötəbər qurumun sıralarına qoşulmuşdur. Xatırladaq ki, dünən BMT Baş Məclisində Təhlükəsizlik Şurasının sonuncu qeyri-daimi üzvünü seçmək üçün səsvermə keçirilmişdir.

Bu yerə iki namizəd vardı - Azərbaycan və Sloveniya. Səsvermənin birinci dövrəsinin gedişində Azərbaycan 116, Sloveniya isə 77 səs toplamışdı. İki ölkədən heç biri BMT-nin üzvü olan 193 ölkənin üçdə ikisinin (129 səs) dəstəyini əldə edə bilmədiyindən səsvermənin ikinci turu təyin edilmişdir. Sloveniya açıq səs fərqini nəzərə alaraq namizədliyini geri götürmüşdür. Beləliklə, rəqibsiz qalan Azərbaycan sonuncu səsvermənin nəticələrinə görə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Səsvermə zamanı 155 ölkə Azərbaycanı dəstəkləmiş, 24 ölkə bitərəf qalmış, 13 ölkə isə namizədliyini geri götürmüş Sloveniyaya səs vermişdir.

Bununla Azərbaycan diplomatiyası tarixi qələbəyə imza atmışdır. Bu böyük nailiyyət dövlətimizin regional və beynəlxalq aləmdə yeritdiyi siyasətin məntiqi nəticəsidir. Şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərini seçən ölkələr bu və ya digər namizədi dəstəkləməyi qərara alarkən onun beynəlxalq əlaqələrdə rolunu, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni nəzərə alırlar. Bu baxımdan Azərbaycanın mötəbər quruma seçilməsi tamamilə təbiidir.

Azərbaycan milli müstəqilliyini bərpa edəndən bəri beynəlxalq qurumlara inteqrasiya etmək, dünya birliyinin layiqli üzvü olmaq xətti götürmüşdür. O vaxtdan bəri keçən 20 il ərzində bu siyasi xətt özünü tamamilə doğrultmuşdur. Keçən əsrin 90-cı illərinin əvvəllərində çoxları güman edirdi ki, Azərbaycan üzləşdiyi çətinliklər məngənəsində boğulacaq və bir dövlət kimi formalaşa bilməyəcək. Doğrudan da, xalqımızın qarşılaşdığı problemlərin sayı-hesabı yox idi. Hələ sovet imperiyasının son illərində Ermənistanın əsassız ərazi iddiaları  ilə üzləşmişdik. İmperiya dağılar-dağılmaz elan olunmamış müharibəyə cəlb olunduq. Yenicə müstəqilliyini elan etmiş, dövlət qurumları təşəkkül tapmamış bir ölkə üçün bundan da ağır sınaq təsəvvür etmək mümkün deyildi. Güclü havadarlarına arxalanan Ermənistanın silahlı təsavüzü nəticəsində ərazimizin 20 faizi işğal olundu, bir milyondan çox həmvətənimiz yurd-yuvasından didərgin düşdü. Digər tərəfdən də, keçmiş sovet imperiyasının süqutu bir-birindən ağır siyasi-iqtisadi-ictimai problemlər yaratmışdı. Qanunsuzluq, hərc-mərclik hökm sürürdü. Həm dövlətə rəhbərlik edənlərin səriştəsizliyi, həm də xarici amillər cəmiyyəti uçuruma  yuvarlayırdı. Ölkə ümummilli böhranın doğurduğu fəsadlardan əzab çəkirdi. Azərbaycan olum, ya ölüm dilemması ilə qarşılaşmışdı. Dövlətin və xalqın gələcəyi böyük sual altında idi.

Amma nicat yolu tapıldı. Böyük siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətin tarixində keyfiyyətcə yeni inkişaf mərhələsi başladı. Qısa müddət ərzində cəbhə xəttində atəşkəs əldə edildi, daxili siyasi sabitlik bərqərar olundu, iqtisadi tənəzzülün qarşısı alındı. Cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı islahatlara start verildi, demokratik, hüquqi dövlətin əsası qoyuldu.

Daxili siyasətlə bərabər, müstəqil Azərbaycan fəal xarici siyasət yürütməyə başladı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzünün nəticələrini, Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırmaq, digər tərəfdən isə xarici ölkələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlıq əlaqələri qurmaq üçün geniş fəaliyyət başladı. Bu səylər çoxdandır bəhrəsini verir.

Diqqətəlayiq haldır ki, Azərbaycan beynəlxalq əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Hələ 1994-cü ildə dövlətimiz ilk əhəmiyyətli beynəlxalq sazişini - "Əsrin müqaviləsi"ni imzalayarkən regional güclərin təzyiqi ilə üzləşmişdi. Bu müqavilənin reallaşmasına mane olmaq üçün bədnam daxili və xarici qüvvələr çox çalışdı, o cümlədən dövlət çevrilişi həyata keçirmək üçün cəhdlər göstərdi. Lakin əbəs yerə. Xalqın və dövlətin iradəsi ilə bu çirkin niyyətlər puç oldu, əvəzində isə Azərbaycanın beynəlxalq aləmdə imici möhkəmlənməyə başladı. Xarici ölkələr və şirkətlər ölkəmizin simasında  etibarlı tərəfdaş qazandı.

Sonrakı mərhələdə də Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr dinc dayanmadı, ölkənin tərəqqisinə mane olmaq üçün müxtəlif təxribatlara əl atdı. Yenə də əbəs yerə. Azərbaycanın sürətli inkişafı davam edirdi. Ölkə beynəlxalq əhəmiyyətli inkişaf layihələrinin təşəbbüskarı kimi çıxış etdi və bu sahədə boyük nailiyyətlər qazandı. Xüsusilə Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının xarici tərəfdaşlarla birgə istismarı və dünya bazarlarına nəqli istiqamətində uğurlar ölkəmizin regional və beynəlxalq aləmdə mövqelərini gücləndirdi. Eləcə də tarixi İpək yolunun bərpası və Asiyanı Avropa ilə birləşdirən Transqafqaz  nəqliyyat dəhlizinin işə salınmasında Azərbaycanın rolu dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Başqa sözlə, ötən illər ərzində xarici tərəfdaşlar əmin oldular ki, Azərbaycana tamamilə etibar etmək olar. Ona görə də dünya dövlətlərinin ölkəmizi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi görməsi təbiidir. 155 ölkənin məhz Azərbaycanı dəstəkləməsi təsadüfi deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu, dünya ictimaiyyətinin Azərbaycana olan münasibətinin əlamətidir, ölkənin inkişafının təzahürüdür. Amma mən çıxışlarımda dəfələrlə demişəm  ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bu cümlədə çox böyük məna vardır. Bəlkə, indi bunu eşidən o qədər də, necə deyərlər, tam həcmdə təsəvvür edə bilmir ki, bu fikirdə nə qədər böyük məna vardır. Etibarlı tərəfdaş olmaq çox böyük məsuliyyətdir və böyük nailiyyətdir. Biz, doğrudan da, etibarlı tərəfdaşıq. Siyasətimiz kiminsə xoşuna gələ də, gəlməyə də bilər. Biz çalışmırıq ki, hamının xoşuna gələk. Biz siyasətimizi aparırıq. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Bu etibarı qazanmaq asan məsələ deyildir, xüsusilə gənc müstəqil dövlət üçün".

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq sülhün və əmin-amanlığın qorunub saxlanması işinə layiqli töhfə verir, beynəlxaq terrorizmlə mübarizədə və digər qlobal məsələlərin həllində yaxından iştirak edir. Bütün bunlar isə ən nüfuzlu beynəlxalq təşkilatın - BMT-nin həyata keçirdiyi başlıca vəzifələrdəndir.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan qarşıdakı iki il ərzində həmçinin haqq işini dünya ictimaiyyətinə çatdırmaq üçün daha bir mühüm tribuna qazanacaq. Beynəlxalq ictimaiyyət ölkəmizin səsini tez-tez eşidəcək, dünyanı düşündürən məsələlərə münasibətdə mövqeyi ilə yaxından tanış olacaq.

Şübhəsiz, Azərbaycan diplomatiyasının tarixi uğuru dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. BMT Təhlükəsizlik Şurasına yeni qeyri-daimi üzvlərin seçilməsinin ilkin mərhələsində Ermənistan da namizədliyini irəli sürmüşdü. Amma rəsmi Yerevan tezliklə başa düşdü ki, Azərbaycanla rəqabət apara bilməyəcək və ona görə də biabır olmamaq üçün tələm-tələsik namizədliyini geri götürdü. Odur ki, Ermənistan dairələri bu məsələnin üstündən sükutla keçməyə üstünlük verir. Düşmən dövlətin KİV-i isə Azərbaycanın ən mötəbər beynəlxalq qurumun üzvü seçilməsinə xarici ekspertlərin münasibətilə maraqlanır və bəlkə də, gözləmədiyi  cavabı alır. Məsələn, Armİnfo agentliyinə müsahibə verən Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının icraçı direktoru Dennis Sammutun fikrincə, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi onu göstərir ki, "Azərbaycan ciddi beynəlxalq oyunçu olmuşdur". Qeyri-daimi üzv kimi ölkəmizin müəyyən nüfuz qazandığını diqqətə çatdıran britaniyalı ekspert əlavə etmişdir ki, "Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi bu ölkənin yeritdiyi fəal və bir çox cəhətdən uğurlu xarici siyasətin göstəricisidir". Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

 

 

A.MEHDİYEV

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S. 7.