Əli Həsənov:
Azərbaycan özünün pozulmuş ərazi
bütövlüyü məsələsini BMT-nin Təhlükəsizlik
Şurasının gündəliyinə çıxarmaq
imkanı qazanıb
Azərbaycan Təhlükəsizlik Şurasında üzvlükdən istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, bu fikri Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv olmasını şərh edərkən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan etmişdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasını tarixi hadisə adlandıran Ə.Həsənov bunun Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu söyləmişdir.
Bu böyük uğurun Azərbaycan üçün üstünlüklərini vurğulayan Əli Həsənov demişdir: "Azərbaycanın ərazi bütövlüyü neçə illərdir bərpa olunmur, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Bu insanların yurd-yuvalarına qayıda bilməməsi beynəlxalq aləmin əsas problemlərindən birinə çevrilmişdir. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməmiş qalır. Azərbaycan iki il müddətində Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən istifadə edərək beynəlxalq hüququn normalarının bərpasını tələb edəcəkdir".
Şöbə müdiri bildirmişdir ki, Azərbaycan
uzun illərdir dünyada ardıcıl olaraq sülh və tərəqqi
siyasəti yürüdür, beynəlxalq hüququn
ardıcıl təbliğatçılarından biridir və
beynəlxalq hüququn bərpa olunmasını tələb edir.
"Azərbaycan dünya dövlətləri ilə ikitərəfli
və çoxtərəfli əlaqələr quraraq bunu
dövlətlərarası sivil münasibətlər müstəvisində
daim inkişaf etdirir. Bu da Azərbaycanın nüfuzunun
göstəricisi olaraq Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv qəbul edilməsinə səbəb
olmuşdur", - deyə Ə.Həsənov qeyd etmişdir.
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 7.