Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq mediada böyük əks-səda doğurmuşdur

 

AzərTAc xəbər verir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq mediada geniş əks-səda doğurmuşdur.

Nüfuzlu CNN telekanalının BMT-dəki səsverməyə dair reportajında vurğulanmışdır ki, Azərbaycan üzvlük uğrunda Sloveniya ilə çox gərgin mübarizə aparmışdır. Lakin səsvermənini 16-cı raundunda  Azərbaycan açıq-aşkar favorit olandan sonra Sloveniya namizədliyini geri götürmüşdür.

"Azərbaycan 2012-ci ildən başlayaraq BMT Təhlükəsizlik Şurasında Şərqi Avropanı təmsil edəcəkdir", - bunu isə "Amerikanın səsi" radiosu reportajında qeyd etmişdir. Reportajda bildirilmişdir ki, 193 səsdən 155-nə yiyələnən Azərbaycan 17-ci turda qələbəni təmin etmişdir.

Digər nüfuzlu media orqanı - "Assoşieyted Press" agentliyi isə vurğulamışdır ki, BMT-dəki səsvermədə Azərbaycana göstərilən dəstək rəqib Sloveniyanı namizədliyini geri götürməyə vadar etmişdir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyün üstünlüklərini də şərh edən agentlik yazmışdır: "BMT Təhlükəsizlik Şurasında üzvlük ona görə çox arzuolunan vəzifədir ki, bu yer beynəlxalq sülh və təhlükəsizlik məsələlərində ölkələrə güclü səs hüququ verir".

 

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S.  7.