«Kreativliyin
qorunması: Azərbaycan Respublikasının 20 illik təcrübəsi
və müasir rəqəmli
çağırışlar» mövzusunda seminar
keçirilmişdir
Oktyabrın 25-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi məqsədi ilə potensialın inkişafına dair Tvinninq layihəsinin təqdimatına həsr olunmuş seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, "Kreativliyin qorunması: Azərbaycan Respublikasının 20 illik təcrübəsi və müasir rəqəmli çağırışlar" mövzusunda keçirilən seminarda Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellen, Yunanıstanın Azərbaycandakı səfiri İonannis Metaksas, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia iştirak etmişlər.
Müəllif Hüquqları Agentliyinin (MHA) sədri, professor Kamran İmanov bildirmişdir ki, bu layihənin başlanğıc mərhələsinin müstəqilliyimizin bərpasının 20 illiyi ərəfəsində keçirilməsi təsadüfi deyildir. Azərbaycan Prezidenti İlham Əliyevin məşhur şüarı "Qara qızılı insan kapitalına çevirmək" kreativliyə verilən ən böyük dəstəkdir. Kreativliyin yeganə mənbəyi insanlardır, onların mədəniyyət və elmi nailiyyətləri dövlət tərəfindən dəstəklənərək qorunur.
Müəllifi və müstəsna yaradıcısı ulu öndər Heydər Əliyev olan Azərbaycanın müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət (ƏM) hüquqları sistemi hazırda 4 qanun və onlarla normativ-hüquqi aktlarla təmin olunur. Prezident İlham Əliyevin səyləri və dəstəyi nəticəsində son illər əqli mülkiyyət sahəsində müvafiq islahatlar aparılır, qanunvericilik və normativ hüquqi baza yeniləşdirilir, sahənin idarəetmə sistemində funksiyalar təkmilləşdirilir, kadrların peşəkar səviyyəsinin artırılmasına böyük diqqət yetirilir. Bununla yanaşı, dünyadakı yeni meyillərin izlənməsi və təhlili, müsbət təcrübənin tətbiq edilməsi və mənfi tendensiyalara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ön plandadır.
Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) 200-dək üzv dövlətləri sırasında Azərbaycan ƏM üzrə Uzunmüddətli Milli Strategiyanı hazırlayan ilk ölkələrdən biridir. Milli Strategiya əsasında hazırlanan qısamüddətli dövlət proqramı da hökumətə təqdim edilmişdir.
Yaxın gələcəkdə DƏMT tərəfindən folklor nümunələrinin və ənənəvi biliklərin qorunması haqqında sazişlərin qəbul ediləcəyini, Azərbaycan Respublikasının YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunub-saxlanması" Konvensiyasına qoşulmasını nəzərə alaraq, "Müəlliflik hüququ və əlaqəli hüquqlar" haqqında, "Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında" qanunlara dəyişikliklər və əlavələr edilmiş, "Qeyri-maddi irsin qorunması" ilə bağlı yeni qərar layihəsi və qaydalar hazırlanmışdır.
Dünyadakı rəqəmli hüquqların idarə edilməsi ilə bağlı problemlərin araşdırılması nəticəsində "Elektron ticarət haqqında" qanuna dəyişikliklər edilməsi üçün bir sıra yeni təkliflər verilmiş, "ƏMH obyektlərinin elektron ticarətinin tənzimlənməsi haqqında" Nazirlər Kabinetinin qərar layihəsi hazırlanmışdır.
Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənaye) ümumi daxili məhsulda (ÜDM-də) iqtisadi payının hesablanması zərurətini yaratmışdır. Agentlik tərəfindən yaradılmış və beynəlxalq təcrübəyə əsaslanan xüsusi metodika vasitəsilə müəyyən edilmişdir ki, bu pay ÜDM-in 3,4 faizini təşkil edir.
K.İmanov vurğulamışdır ki, Azərbaycan müəllif-hüquq sahəsində geniş beynəlxalq əməkdaşlıq aparır, DƏMT-nin bütün sazişlərinin fəal iştirakçısıdır, rəhbər orqanlarda təmsil olunur və bir sıra təşəbbüslər irəli sürür. Bu layihənin də kökündə Azərbaycanın Avropa İttifaqı ilə geniş əməkdaşlığı dayanır. Layihənin başlıca məqsədi ƏM hüquqları ilə qorunan məhsulların istifadəsi zamanı müəlliflik hüququ və əlaqəli hüquqların pozulması hallarının qarşısının alınması, piratçılıqla mübarizənin güclənməsi, həmçinin rəqəmli şəbəkələrdə hüquqların qorunması və idarə edilməsi sisteminin yaradılmasına kömək göstərməkdir. Layihənin həyata keçirilməsi üçün bir ilə yaxın hazırlıq işləri aparılmış, icrası ilə əlaqədar tender qaydasında Yunanıstanın Avropa İctimai Hüquq Mərkəzi, Almaniya Hüquqi Əməkdaşlıq Fondu və İspaniyanın İnzibati və İctimai Siyasət Beynəlxalq Fondunun daxil olduğu konsorsium yaradılmışdır.
XXI əsrdə artıq mədəniyyət və elm nailiyyətləri kontentə çevrilərək virtuallaşır. Bu transformasiyanın müəllif-hüquq dünyasına təsiri çox böyükdür. Rəqəmli texnologiyalar əqli mülkiyyət hüququ və ilk növbədə, müəlliflik və əlaqəli hüquqların pozulmasına münbit şərait yaradır, piratçılığın səviyyəsi və kontrafakt məhsulların payını artırır. Müəlliflik hüququ və əlaqəli hüquqlarla qorunan və öz obyektiv ifadəsini maddi daşıyıcılarda əks etdirən əsərlər virtual obyektlərə çevrilməkdədir.
Cari ilin fevral
ayında piratçılığa və kontrafaksiyaya
qarşı Parisdə keçirilən VI Qlobal Konqresdə BMT
tərəfindən hazırlanmış hesabatda göstərilmişdir
ki, dünya ticarətindəki bu növ məhsullarla
bağlı illik ziyan 1 milyard dolları ötür. Pirat və kontrafakt
malların illik ticarət dövriyyəsi 200 milyard dollar təşkil
edir.
Beynəlxalq
Ticarət Palatası tərəfindən təqdim olunmuş sənəddə
göstərilir ki, piratçılığa və
kontrafaksiyaya qarşı radikal tədbirlər görülməsə,
2015-ci ildə iqtisadi ziyan 1,7 trilyon dolları ötəcəkdir.
Avropa
İttifaqı və beynəlxalq təsisatlar hüquqların
pozulmasına biganə qalmayaraq, piratçılığa
qarşı ardıcıl tədbirlər görür,
mübarizəni gücləndirir. Azərbaycan da bu təcrübədən
yararlanır.
Son illər
ölkəmizdə də piratçılığa
qarşı mübarizə xeyli gücləndirilmişdir.
Müvafiq dövlət orqanları ilə birgə
aparılmış işlər nəticəsində respublikamızda
piratçılığın səviyyəsi 2005-ci illə
müqayisədə kitab nəşri sahəsində 61 faizdən
40 faizə, audio-video məhsulu bazarında 90 faizdən 70 faizə,
proqram təminatında 96 faizdən 88 faizə endirilmişdir.
Azərbaycan MDB məkanında ilk və hələ ki, yeganə
dövlətdir ki, Dünya Ticarət Təşkilatına
daxil olmayaraq və məlum TRİPS sazişini imzalamadan
"piratçılığı narahat edən"
dövlətlərin qara siyahısından artıq bir
neçə ildir ki, çıxa bilmişdir.
Agentliyin
nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı
Mərkəzi yaradılmışdır. Avropa Komissiyası tərəfindən
agentlikdə hüquqların rəqəmli idarə olunması
üzrə online lisenziyalaşdırma mərkəzinin
yaradılması üçün proqram təminatının əldə
edilməsinə və bu sistemdə işləyəcək
xüsusi xidmət personalının hazırlığına
da yardım göstəriləcəkdir.
Ölkəmizin
başçısının tapşırığına əsasən,
Azərbaycan hökumətinin "Microsoft" ilə imzalanan
saziş çərçivəsində bütün dövlət
orqanlarında lisenziyalı softver təmin olunur.
Azərbaycan
hökuməti piratçılığa qarşı qəti
addımlar atmağa hazırdır və bu layihə həmin
mövqeyin təsdiqidir. Təhlil göstərir ki,
hüquqların təminatı sahəsində
normativ-hüquqi bazanın təkmilləşdirilməsi və
onun tətbiqi mexanizminin gücləndirilməsi ilə
yanaşı, müvafiq dövlət strukturları və
hüquq-mühafizə, məhkəmə orqanları,
qeyri-hökumət təşkilatları arasında əlaqələndirmə
təmin olunmalıdır.
Seminarda
Avropa İttifaqının
ölkəmizdəki nümayəndəliyinin rəhbəri,
səfir Roland Kobia qeyd etmişdir ki, müəllif
hüquqları çox vacib bir sahədir. Bu layihə Azərbaycanın
Avropa ölkələri ilə çox sıx əməkdaşlığını
göstərir.
Yunanıstanın
Azərbaycandakı səfiri İonannis Metaksas
vurğulamışdır ki, bu layihə ölkəsinin Azərbaycanda
ilk tvinninq layihəsidir. Bu sahədə Yunanıstanın təcrübəsi
çox böyükdür və biz bu təcrübəni Azərbaycanla
bölüşməkdən çox şad olarıq.
Tədbirdə
məlumat verilmişdir ki, 18 ay davam edəcək layihə
çərçivəsində Yunanıstan, Almaniya,
İspaniya, Fransa, Böyük Britaniya, İtaliya, Portuqaliya,
Rumıniya, Macarıstan və Avropa İttifaqına üzv digər
ölkələrdən ekspertlər Azərbaycana səfər
edərək təcrübələrini bölüşəcəklər.
MHA-nın və digər aidiyyəti dövlət
qurumlarının nümayəndələrinin Yunanıstan,
Almaniya, İspaniya, Portuqaliya və Rumıniyada təcrübə
keçmələri də nəzərdə tutulur.
AzərTAc
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 8.