İtaliyanın tədqiqatçı və mütəxəssislərdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur

 

Oktyabrın 18-25-də Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin müxtəlif elmi-tədqiqat və təhsil qurumları və kütləvi informasiya vasitələrinin Xəzər hövzəsi və Qafqaz regionu ilə bağlı fəaliyyət göstərən tədqiqatçı və mütəxəssislərdən ibarət 13 nəfərlik nümayəndə heyəti ölkəmizə səfər etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində onların Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini İcmalarla İş üzrə Dövlət Komitəsi, Dövlət Neft Fondu, Azərbaycan Dillər Universiteti, Azərbaycan Diplomatik Akademiyası və Qafqaz Müsəlmanları İdarəsində görüşləri təşkil edilmişdir.

Görüşlər zamanı italiyalı nümayəndələrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xarici siyasətimizin prioritet istiqamətləri, ölkəmizdə gedən iqtisadi-sosial proseslər və islahatlar haqda ətraflı məlumat verilmişdir. Qonaqların Azərbaycanın dini və etnik tolerantlıq baxımından nümunəvi dövlət olmasını müşahidə etmələri üçün şərait yaradılmışdır.

Səfər çərçivəsində, gənc tədqiqatçı və mütəxəssislərin Şəki və Qəbələ şəhərlərinə səfərləri də təşkil edilmişdir. İtaliyalı qonaqlar burada yerləşən sənaye və turizm obyektləri ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S.  8.