Azərbaycan-Qazaxıstan
əlaqələri bütün sahələrdə uğurla
inkişaf edir
Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verir. Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Son 8 ildə ümumtürk birliyinin möhkəmləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən cənab İlham Əliyev Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Azərbaycanın Qazaxıstanla münasibətlərinin ildən-ilə inkişaf etməsi deyilənlərə əyani misal ola bilər.
Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. 20 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması müsbət nəticələr verəcəkdir.
Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illərdə daha da inkişaf etmişdir.
Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Ulu öndərin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Qazaxıstana rəsmi səfəri də əlamətdar hadisələrlə yadda qalmışdır. Dövlət başçılarının görüşündə ölkələrimiz arasında ikitərəfli, syasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmışdır. Ölkələrmiz arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunmuş, yüksək səviyyədə qarşılıqı səfərlərin əlaqələrimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edilmişdir.
Prezident İlham Əliyev və Prezident Nursultan
Nazarbayevin nümayəndə heyətlərinin iştirakı
ilə geniş tərkibdə danışıqları
başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin
imzalanma mərasimi keçirilmişdir. Bu sırada "Azərbaycan
Respublikası Prezidentinin və Qazaxıstan Respublikası
Prezidentinin Birgə Bəyannaməsi", "Azərbaycan
Respublikası hökuməti və Qazaxıstan Respublikası
hökuməti arasında diplomatik nümayəndəliklərin
yerləşdirilməsi üçün
qarşılıqlı olaraq torpaq sahələrinin
ayrılması haqqında Saziş", Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi və Qazaxıstan
Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında Protokol", "Azərbaycan Respublikası
hökuməti və Qazaxıstan Respublikası hökuməti
arasında dəniz ticarət gəmiçiliyi sahəsində
əməkdaşlıq haqqında Saziş"i göstərmək
olar.
Ölkə başçıları bəyanatla çıxış etmişlər. Prezident İlham Əliyev bildirmişdi: "Mən hər il sizin ölkənizə gəlirəm. Son yeddi ildə bu mənim təkcə rəsmi səfərlərimin üçüncüsüdür. Biz həm də çox şadıq ki, Nursultan Abışeviç müntəzəm olaraq Azərbaycana səfər edir. Bu cür qarşılıqlı əlaqələr bizim ikitərəfli münasibətlərin inkişafına verdiyimiz diqqət və əhəmiyyətin parlaq sübutudur. Münasibətlərimiz möhkəm tarixi bazaya əsaslanır. Xalqlarımız arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Bu gün biz iki müstəqil qardaş dövlət kimi Qazaxıstan və Azərbaycan arasında tərəfdaşlığa və dostluq əlaqələrinə əsaslanan münasibətlər qururuq. Qarşılıqlı siyasi əlaqələrimiz çox səmərəlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Qazaxıstanın mövqeyinə görə ona təşəkkür edirik. Mən bilirəm ki, Qazaxıstan Prezidenti bu mövzunu daim diqqət mərkəzində saxlayır və dünya liderləri ilə mühüm görüşlərdə bu məsələni qaldırır. Münaqişəyə, işğala son qoymaq və nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini təmin etmək lazımdır".
Qazaxıstan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. Bu gün Azərbaycanla Qazaxıstan arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də rəsmi Astananın hərtərəfli dəstəyinə ümid edə bilər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirmişdi: "Beynəlxalq planda - BMT, ATƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi (AQFETM) çərçivəsində biz eyni mövqeləri tuturuq. Yəni, biz dünyada müharibə və sülh məsələlərində Birləşmiş Millətlər Təşkilatının rolunun möhkəmləndirilməsi barədə eyni cür düşünürük. Biz Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməyin tərəfdarıyıq. Biz buna tərəfdarıq ki, bizim regionda, postsovet məkanında əməkdaşlıq və inteqrasiya qarşılıqlı faydalı şərtlərlə davam etsin.
Mən İlham Heydər oğluna səfərinə görə, bizim danışıqlara görə təşəkkür edirəm. Hesab edirəm ki, bu danışıqlar bizim münasibətlərin inkişafına yeni təkan verəcəkdir. Bizim artıq müqavilə hüququnun əsasını təşkil edən 60 imzalanmış sənədimiz vardır. Bu gün Sizin yanınızda qəbul edilmiş sənədlər onu göstərir ki, əməkdaşlığımız dinamik inkişaf edir".
Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının (TDƏŞ) I Zirvə toplantısı da keçirilmişdir. Zirvə toplantısında beynəlxalq və regional xarakterli aktual məsələlər müzakirə olunmuş, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi prioritet müəyyən edilmişdir. Tədbirdə Azərbaycan və Qazaxıstan Prezidentləri ilə yanaşı, Qırğız Prezidenti Roza Otunbayeva, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ da iştirak etmişlər.
Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda, 2010-cu ildə İstanbulda və bu günlərdə Almatıda keçirilən görüşləri türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin daha da yüksək səviyyədə inkişafından xəbər verir. Bu baxımdan TDƏŞ-in I Zirvə toplantısı türkdilli ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından yadda qalmışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdrmaq baxımından mühüm əhəmiyyət kəsb edir. TDƏŞ geniş coğrafi arealı əhatə edən türk dünyasının problemlərinin həllinə, ölkələrimiz və xalqlarımızın bir-birinə daha sıx bağlanmasına imkan yaradacaqdır. Dövlət başçılarının görüşünün yekunu olaraq TDƏŞ-in I Zirvə toplantısının 49 bənddən ibarət yekun sənədi - Almatı Bəyannaməsi imzalandı. Sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Qərara alınmışdır ki, TDƏŞ-in II Zirvə toplantısı 2012-ci ildə Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilsin və "Elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq" mövzusuna həsr olunsun.
Dövlət başçılarının imzaladıqları sənəd möhkəm təməl üzərində qərarlaşmış münasibətlərin hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə, Almatı Zirvə toplantısı tarixi, dil və mədəniyyətə söykənən əməkdaşlığın gələcəkdə inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında yeni səhifə açacaqdır.
Elnur HACIALIYEV
Azərbaycan.- 2011.- 26 oktyabr.- S. 8.